HƏR ŞEY / HEÇ NƏ
Orxan Şahbaz yazır: Zəif insanlar niyə uğursuzluğu təcrübə sayır? Tarix : 24 Fevral 2023, 10:30
Yazar : Qadinkimi.com

Zəif insanlar niyə uğursuzluğu təcrübə sayır?


Hər zaman məsuliyyətdən qaçmaq üçün sözlər əzbərləyirik: "Sonra edərəm, əşşi, qismət… bəxtim gətirmədi, zaman həll edər inşallah və bu da bir təcrübə idi".

Bəli, məsələ bu lənətə gəlmiş "təcrübə"də dir. 

 


Uşaq vaxtı karate ilə məşğul olanda müəllimim qəşəng sözü var idi:

"Elə döyüş və qazan ki,səndən təcrübə toplasınlar,sən onlardan yox".


Əsl qulağa sırğa olan cümlə idi. Ümumiyyətlə, biz hər hansı bir yarışa, işə, fəaliyyətə başlayanda "alınar inşallah, olmasa da, təcrübə toplamış olaram" düşüncəsi ilə başlayırıq və beyin avtomatik uduzmağa meylli olur.


Zatən nəzəri bildiyimiz bir şeyin həyata keçirilməsi təcrübə olacaq. Bu, yaxşı, ya da pis olacaq. Ona görə də, öncədən ehtimal olunan uğursuz hadisəyə "təcrübə" donu geyindirmək yanlışdır.

 


Niyə yanlışdır?


1. Dirəncliyi azaldır


2. Bəhanə uydurmağa səbəblər verir


3. Məsuliyyətdən uzaqlaşdırır


4. Özünə güvəni azaldır



Sürüngən beyni "ya savaş, ya da qaç" prinsipi ilə çalışır və sən uğursuz bir hadisəyə "eh neynəmək olar, bu da bir təcrübədir" dediyin anda beyin hər şeydən qaçmağa daha çox aludə olur. Narkotik insanı necə asılı hala salırsa, fikirlər də eyni effekti yaradır. Bir dəqiqə ərzində beyinin şüur və şüuraltı hissəsində 300-1000 arası cümlə yaranır və əgər bunların əksəri müsbət cümlələr olarsa, beyin pozitiv olmağa və daha yaxşı çalışmağa köklənir - deyir alimlər.

 


Hər uğursuz olan bir məsələyə təcrübə adını verməkdənsə, onun səhv olduğunu anlayıb, reallığı qəbul edib, üzərində yenidən çalışıb, sonra hərəkətə keçmək daha səmərəli ola bilər.


Dalğaya qarşı getmək ölümə məhkum olmaqdır, ancaq dalğa ilə surfing etməyi öyrənmək ondan həzz almaqdır.


Müəllimim dediyi kimi: "Zəif insan yoxdur əslində, özünü zəif olmağa məhkum edənlər var". 


Orxan Şahbaz