FEMİNİZM
Orxan Şahbaz intihar edən qızdan yazdı: "Tanış gəlir..." Tarix : 05 İyun 2020, 19:05
 
Günel Nağdıyeva gecə yarısı özünü 18 ci mərtəbədən ataraq həyatına son qoyub.

Xanımın üzü çox tanış gəlir və səhv etmirəmsə, ADPU-da seminarımda iştirak etmişdi.

Bəlkə də minlərlə qız eyni taleyi yaşayır deyə bir-birini xatırladır.
 
Tələbə yoldaşlarının dediklərinə görə Günelin ailəsi onu istəmədiyi bir insanla məcbur evləndirəcəkmiş deyə intihar edib.

Əgər doğrudan da ailə təzyiqi olubsa, bu haqda bir neçə cümlə yazıram:

Danışanda "bağ belə, bostan belə" deyirik, "çiçəklən ölkə" deyirik, amma vallah-billah, kütləvi savadsızlıq, cahillik, geridəqalmışlıq pik həddədir.

Görüntü idealdır, reallıq isə faciə!

Bugün nə insan dəyərləri, nə ailə modelləri, nə din və belə nə-lər,  "həyati dəyərlər" dediyimiz şeylərin heç biri normal deyil, hətta bərbaddır.

"Danabaş kəndinin sakinləri" artıq bütün ölkədə yaşayırlar, yaşayaraq məhv edirlər, özü də diplomlu adamları!

Ay valideyn!

- Sən anlamırsan ki, gələcəyin müəllimi şəxsi seçimlərini özü etməsə, cəmiyyətə necə faydalı müəllim olacaq?

- Sən anlamırsan ki, artıq "bas getsin" dövrü işləmir?

Sən anlamırsan ki...

Anlasaydın belə olmazdı!

Sizin timsalınızda qızını zorla evləndirmək istəyən "valideyn" lərə deyirəm:

1.
Siz toyda xoşbəxt görünəcəksiz deyə, qızın həyatını məhv etməyin.

2.
Qızınızı diplom üçün oxutdurub, vaxtı gələndə kəsilən inək kimi kiminsə qarşısına atmayın.

3.
Sizin səhvinizə görə məsuliyyəti qızınızın çəkməsinə göz yummayın.

4.
Mən sənin xoşbəxtliyini istəyirəm, qız vaxtında ailə qurar, filankəsin oğlu yaxşıdı və. s cümlələr qurub, özünüzü də, qızınızı da aldatmayın.

Araşdırsan bəlkə də 10 ailədən 5-i bax belə düşüncələrlə qurulub.

CƏMİYYƏT!

Başa düşmək lazımdır ki, qadın mülkiyyət obyekti, əşya, daşınmaz əmlak deyil!

Sağlam cəmiyyət üçün sağlam beyin olmalıdır.

Yoxsa belə nur üzlü qızların intiharı tez-tez olacaq.

Məzarı üzü kimi nurlu olsun.

Orxan Şahbaz
qadinkimi.com