"Qısa hekayələr" silsiləsindən
Onun "öz” mahnısı vardı. Deyəsən həmin mahnının təkcə sözlərini deyil, elə "musiqisini” də onun özü quraşdırmışdı. Bu, qəmli bir mahnı idi...
Hərdən yataqxananın "Qırmızı guşəsi”nə çəkilib həmin mahnını dodaqaltı zümzümə edərdi:
-Mən öləndə ağlamayın,
Heç qara da bağlamayın...
Siz mənə yas saxlamayın,
Aman-aman... Anam-anam...
Onun "aman”ı vardı, amma anası yox idi. Heç atası da yox idi. Əlbəttə, onlar nə vaxtsa olmuşdu. Nə vaxtsa... Amma o, valideynlərinin üzünü görməmişdi. Bəlkə də görmüşdü, amma xatırlamırdı. Uşaqlıqda onu yetimxanaya atmışdılar...
Əsl adı Məcnun olsa da, çoxdan bəri yaşadığı yataqxanada hamı onu "Məzlum” deyə çağırırdı. Yox, o, bu qondarma addan inciyib-eləmirdi.
Evlənmək yaşı ötüb-keçməkdə olsa da ailə qurmaq barədə düşünmürdü... Ev-eşikdən söhbət düşəndə həmişə eyni sözləri təkrarlayırdı:
-Özüm yetim böyümüşəm. Təzədən bu dünyaya yetim-yesir gətirməyə nə ehtiyac? Bilirəm ki, bugün-sabahlığam... Mən öləndən sonra o uşaqlara kim baxacaq?
Bəli, Məzlumun həyat və ölüm barədə öz qənaətləri vardı.
Zahirən sağlam adam təsiri bağışlayırdı. Amma yəqin ki, öz canında olan xəstəlikdənmi, ağrılardanmı, xülasə hər nədənsə hiss etmişdi ki, tez öləcək.
Hə, elə bu cür də oldu... Günlərin bir günü Məzlum dünyasını sakitcə dəyişdi. Yataqxana əhli onun cənazəsini götürüb yaxınlıqdakı qəbristanlığa apardı.
Ağlayan, göz yaşı tökən olmadı.
Kiminsə tapıb gətirdiyi cavan molla mərhumun cənazəsi üstə gümrah səslə fatihə verdi.
Otaq qonşularından biri Məzlumun qəbrinin üstünə bellə nəm torpaq ata-ata mızıldandı:
-Rəhmətliyın özü düz deyirmiş: "Mən öləndə ağlamayın...” İndi hər ölənə ağlayan da qismət olmur....
Firuz Mustafa