BURA / ORA
Oğluna Disney şahzadəsi paltarı geyindirdiyi üçün alçaldılan ananın mesajı Tarix : 13 Dekabr 2022, 16:37

İngiltərənin Kembric şəhərində yaşayan Hayli Bazen (Haylee Bazen) adlı bir qadın 3 yaşlı oğlu Zakari Baklini (Zackary Buckley) Disney şahzadəsinin geyimində məktəbə aparır. Yolda ona və oğluna təəccüb içində baxırlar. Kimi söz atır, kimi ələ salır. Lakin o yoluna davam edir, avtobus dayanacağına çatdıqda bir qadın ona utanmalı olduğunu deyib aşağılayır. Britaniyalı ana isə ona belə bir cavab verir: 



"Oğlumla söhbətimi kəsmək ehtiyacı hiss edən qadına və onun kimi düşünənlərə! Onun geyimini bəyənmədiyiniz üçün üzgün deyiləm. Ən sevdiyimiz Disney şahzadəsi haqda (Ağca qız) danışmağım xoşunuza gəlmədiyi üçün də üzgün DEYİLƏM. Zakari mənim üç yaşlı oğlumdur və o, istədiyi hər kəs ola bilər. Bu gün də Disney şahzadəsi olub. BƏLİ, mən onu məktəbə belə göndərdim. Niyə??? Çünki o belə geyinmək istəyirdi, çünki o müəllimlərinə və dostlarına təzə geyimini göstərmək istəyirdi. Çünki o, öz tamaşası üçün "Let it go” mahnısını oxumaq istəyirdi. Çünki o, SİZİN ondan gözlədiyiniz qəlibləşmiş gender stereotiplərini başa düşmür. Əsas odur ki, o, əla uşaqdır. Oğlum həm gəlinciklərlə, həm maşınlarla həm də şahzadələrlə oynaya bilər. O, skuterinə də minə bilər, uşaq arabası da yelləyə bilər. Üzünə dəniz qulduru makiyajı da çəkə bilər, dodaq boyası da… Nə geyinmək istəsə, onu geyinər. Odur ki, növbəti dəfə məni və oğlumu kovboy və ya şahzadə paltarında gördüyünüz zaman, ona necə gözəl göründüyünü söyləmək istəmirsizsə, bəyənmirsizsə, üzünüzü çevirin. Qəzəbli baxışlarınızı və zəhərli sözlərinizi özünüzdə saxlayın. Evdən çıxanda utanmalı olan sizsiz, biz yox”.


(30 yaşlı Hayli Bazen Disney paltarı geyinmək istəyən 3 yaşlı oğlu Zakari Bakli ilə) 


Ana insanlara göstərmək istəyirdi ki, onun Disney həvəskarı oğlu Zakari Bakli istədiyi adam ola bilər və gender stereotiplərinə uyğunlaşmağa məcbur deyil.



Dayanacaqda gözləyərkən orta yaşlı bir qadın onun Zakarini paltar geyindirməklə cəzalandırıb cəzalamadığını soruşduqda 30 yaşlı qadın məəttəl qalır və keçirdiyi hissləri sosial mediada öz izləyiciləri ilə bölüşür. 



Hayli deyir: "Bu qadın bizi dayandırdıqda eşitdiklərimə inanmadım. O, əvvəl məndən oğlumu cəzalandırıb cəzalandırmadığımı və qızlara sataşdığı üçünmü ona bu paltarı geyindirdiyimi soruşdu. Daha sonra mənə utanmalı olduğumuzu və oğlanların paltar geyinməməli olduğunu söylədi, amma utanmalı olan odur. Mən şəxsən küçədə bəyənmədiyim və ya ona yaraşmayan geyimdə birini görsəm, onları dayandırıb biabır etməzdim – niyə kiminsə gününü məhv edim? Buna nə haqqım var?” 



O, Zakarinin çıxış edəcəyi tamaşa üçün "Let it go" mahnısını oxumaq və söyləmək istədiyinə görə buna ehtiyac duyduğunu deyir və təbii ki - üç yaşlı uşağın məntiqi ona, o rol üçün bu geyimdə olmağın vacibliyini deyir. Mən oğlumun istəyinə qarşı çıxa bilmərəm. 



Uşağın şahzadə sevgisi keçən il anası onu "Ağca və 7 cırtdan” pantomim tamaşasına aparanda şahzadəyə aşiq olması ilə başlayıb.



Əvvəlcə Ümumdünya Kitab Günü üçün Ağca qız paltarında məktəbə getmək istəyib, lakin Hayli insanların ona gülməsindən çəkinib və ona başqa bir şey geyinməsini deyib. Uşağının günlərcə üzgün dolaşdığını görən ana daha sonra bunu onun müəllimləri ilə müzakirə edib. Və pedaqoqlar ona deyiblər ki, əgər uşaq bunu istəyirsə, onun istəyinin önünə keçməsin və şahzadə kimi geyinməsinə icazə versin. Başqalarının fikirlərinin övladının xoşbəxtliyinə mane olmasına imkan yaratmasın. 


(Dünya Kitab Günü üçün sevimli kitab personajları kimi geyinmiş Zakari)


Bundan sonra ana oğlunu xoşbəxt edən  geyimlərə qadağa qoymamaq qərarına gəlib və insanların üç yaşlı uşağı özünü belə ifadə etdiyinə görə utanmağa vadar etdikləri üçün qınayıb. 



Hayli deyir: "O, ad günü üçün bir Ağca qız (Snow Whitegəlinciyi istədi və həftələr boyu hər gecə yatmazdan əvvəl onunla bağlı hekayə oxumağımı istədi. İlk dəfə soruşanda mən özüm də bir az tərəddüd edirdim, axı o, oğlandır…Amma müəllimləri ilə də bu haqda danışdıqdan sonra artıq onunla alış-verişə gedəndə mən hər şeyi qızlara və oğlanlara aid olaraq yox, məhz onun bəyəndiyi və istədiyi şeylər kimi görürəm. 


(3 yaşlı Zakari Bakli çox sevdiyi şahzadə Ağca qız geyimində)


Onu da deyim ki, Zakarinin şahzadə kolleksiyasından başqa böyük bir avtomobil kolleksiyası da var, eyni zamanda skuterə minməyi və piratlarla bağlı oyuncaqları çox sevir. 


(Zakari və Disney şahzadə kolleksiyası)


Orta yaşlı bir qadının bizə gəlib onun paltarını sorğulaması çox anlamsız və kobud idi - bunu yaşlı insanlardan gözləmək olar, çünki onlar fərqlilikləri, yenilikləri qəbul edə bilmirlər, amma yenə də mən çox təəcübləndim və narahat oldum. Düşünürəm ki, oğlumu heç kimə izah etməməliyəm, bütün ailəsi onunla fəxr edir və biz hamımız onu çox sevirik, amma bu yazını yazaraq insanları bizi incitməkdən vazkeçməyə çağırıram”. 

(Zakari Bakli şahzadə Elza Disney paltarında)


 



Hazırladı: Günel Deniz

qadinkimi.com