Nədən narazıyıq Tarix : 05 May 2025, 23:20

Cəmiyyət hamını narahat edir elə bil. Çoxumuz çox zaman gileyliyik, narazıyıq. Cəmiyyətdən giley etməyin doğru olmadığının fərqində deyilik. Nədən narazıyıq? Qanunsuzluqdan, rüşvətdən, məsuliyyətsizlikdən, işsizlikdən və s. Çünki bütün bunlarla rastlaşırıq. Hətta cəmiyyət əvəzinə "vətən” də deyirik. Amma mən məsələyə bu cür yanaşanları, yəni hər dərdini-sərini, gileyini, neqativləri vətənə yükləyənləri anlamıram.Vətənin bütün bu mövzularla heç bir əlaqəsi yoxdu. Vətəni sadəcə sevirlər, qoruyurlar, yaşadırlar.
Əslində vətəndə cəmiyyət və onun dövləti var. Dövlət isə cəmiyyəti qədərdi. Onun varlığı, mahiyyəti, qanunları cəmiyyəti qədərdir. Və ya cəmiyyət dövləti özü qədər görür, anlayır, sevir.

 

Cəmiyyət isə bizik-vətəndaşlar. Biz necəyiksə, cəmiyyətimiz, yəni toplum, yaşadığımız ortam elədi.

Ən çox da qanun pozuntularından, rüşvətxorluqdan narazıyıq. Və daha çox yüksək vəzifə sahiblərini, məmurları qınayırıq. Bəs özümüz-hər birimiz rüşvətlə mübarizə aparırıqmı? Qanunları qoruyuruqmu? Səmimi olsaq, "yox” deməliyik.

   Birinci haşiyə: Bir yaxınım aldığı maşının kreditini ödəyib alqı-satqı edirdi. Şirkətin nümayəndəsi bunun müəyyən məbləğə görülməli olduğunu dedi. Alıcı bunun qanunsuz olduğunu söylədi. QAİ-nin nümayəndəsi "nəyə gücünüz çatırsa” dedi. Təbii iş QAİ-dədi. Ən çox narazı olduğumuz yer. Düzdü maşın sahibi əsəbləşdi, "mən bura rüşvət verməyə deyil, qanunla öz maşınımı adıma keçirməyə gəlmişəm” deyə etiraz etdi və qanunla da məsələni həll etdi. Ən birincisi o, hüquqlarını, qanunları bilirdi. Qanunu pozmaq üçün heç kimə rüşvət vermək istəmirdi. Rüşvət verənlərin 95%-i hüquqlarını bilmir, hətta bilənlər "mənim işimi qanunu pozmaqla düzəlt” deyə rüşvət verir.


   İkinci haşiyə. İndi tibbi icbari sığorta var. Göndəriş alırsan, gedib əməliyyat olursan, heç bir pul ödəmədən. Yenə bir yaxınım icbari sığorta ilə əməliyyata getdi. Çox hörmətli həkim sığorta ilə də müəyyən məbləğ istədi. Bu candı-yaşamaqdı. Həkimə heç nə deyə bilmirsən, qorxursan "birdən yaxşı əməliyyat etməz” deyə ehtiyatlanırsan. Ən vicdanlılardan biri kimi tanınan həkiminə belə etibar eləmirsən-qanuna rayət etməsini tələb edə bilmirsən. Ən qorxulusu budur. Dövlət öz işini görüb-icbari sığorta var.

   İndi qanuna rayət etmək qalır həkimlərin vicdanına. İmkanı da olmayan başqa bir tanıdığım icbari sığortayla həkimə gedir, pul götürməyən həkimə zorla pul verir. "Niyə”sini soruşdum. "Olmaz, zəhmət çəkir”-dedi. Nəsə...

İstənilən halda bu məsələ yavaş-yavaş öz həllini tapır. İndi tibb işçiləri sənin əlinə baxmır, daha diqqətli olmağa çalışır, heç biri xəstəsini itirmək istəmir. Yəni qazancı xəstə sayından asılıdır.

 

Profile for Qanun və Hüquq

 

   Təbiiki narazılıqların səbəbkarları məmurlar, deputatı olduğu bölgəylə bir dəfə maraqlanmayan deputatlar, hüquq mühavizə orqanlarıdır, polislərdir.

Məsələn məhkəmələrə inanmır camaat. Əslində çox ağır inamsızlıqdı. Kiminsə sevgisinə inanmaya bilərsən. Kiminsə istedadlı olmasına və əksinə inanmaya bilərsən, amma burda qanun keşikçilərindən söhbət gedir. İctimai qınaq müəyyən müsbət rol oynayır. Tənqid edən jurnalist yazılarına da rast gəlirik. Bunlar kifayət etmir. Başqa dövlətləri misal çəkirik.Unuduruq o dövlətlər bu günki inkişaf üçün yüz illər lazım gəlib. Məsələn, ötən əsrin əvvəllərində Almaniyada təmizliyi qorumaq üçün yerə zibil atanlara ağır cəza verilib.

 

   Biz ailə-məişət problemləri ilə uğraşırıq hələ. Bir-birimizə hörmət edə bilmirik.Xoşumuza gəlmədiyi üçün kiminsə şəklini rahatca paylaşıb aşağılaya bilərik, kiminsə fikrinə bəyənmədiyimiz üçün təhqiq etməyə çalışırıq özümüzü ağıllı göstərmək iddiasıyla. Amma bu ağıl yox, ağılsızlıq, mədəniyyətsizlikdi. Başqasını müzakirə etmək bu qədər asan ola bilməz sivil cəmiyyətdə. Özümüzdən başlayaq. Adicə yazdıqlarımıza baxaq, başqalarına münasibətimizi araşdıraq. Bəlkə dəyişdik?

               
             Cəmiyyət bizi yaratmır, biz cəmiyyəti yaradırıq. Qanun istəyiriksə, qanun keşikçisi olmalıyıq.
 
 
 
Kamalə Abiyeva
Qasinkimi.com