YAZI / DÜŞÜNCƏ
MÜHARİBƏNİN QADIN TANRILARI Tarix : 18 İyul 2020, 23:43

Patriarxatlığın meydana gəlməsində, kişi fiqurunun qabağa çəkilməsində, ya da üstə çıxarılmasında, elə kişilərin özlərinin kəşf etdiyi güman edilən, müharibələrin çox ciddi rolu olub.

Tarix boyu müharibələrin ideyavericiləri, təşkilatçıları, iştirakçıları (bəzi istisnaları göz önünə almasaq) kişilər sayılır, başqa cür desək, müharibəyə kişi sənəti kimi baxılır. Bu baxış, çox zaman "qadın” əvəzinə işlədilən arvad sözünün həm təhqir, söyüş, məsxərə doldurulmuş məzmunda qavranmasına, həm də döyüşün, cəsarətin, igidliyin, qorxmazlığın antonimi kimi qəbul edilməsinə yol açır.

Bu yazımda müharibənin ilk dəfə harada, nə zaman, nə üstündə, nə qədər müddətdə, nə ilə, necə edildiyinə toxunmayacağam. Qədim insanların min illər boyunca inandığı, idolunu, bütünü, heykəlini düzəldib sitayiş etdiyi, qurbanlar verdiyi, adına ilahilər qoşub kultlar, rituallar keçirdiyi, məbədlər, şəhərlər qurduğu, simvolunu başlarının üzərində gəzdirdiyi (ilk bayraqlar belə yaranıb) müharibə tanrılarından yazacağam:

- müharibələrdə hansı tərəfin qalib, ya da məğlub olacağına qərar verən, əsgərləri bu dünyada və o dünyada qoruyan, döyüşlərdə nərə çəkib düşmənin canına qorxu salan, bəzən döyüşlərə girib vuruşan, başçını, ölkəni, yurdu qoruyan müharibə tanrılarından;

- bir az da konkretləşdirsək: müharibənin qadın cinsində təsəvvür edilən tanrılarından; (kişi müharibə tanrıları daha sonrakı dövrlərdə meydana çıxıb. Bu mövzuya növbəti yazımda geniş yer verəcəyəm);

- dünyanın demək olar ki, hər yanında güc, hakimiyyət simvolu kimi aslan, pələng, bəbirlərlə, bəzən quşlarla (Humay quşu); ölüm simvolu kimi qarğa-quzğunlarla; döyüş simvolu kimi müxtəlif silahlarla təsvir edilən bu dişi allahlardan:

 

Yaxın və Orta Şərqdə – İnanna, Nanayya, İştar, Astarte, Aştoret, Anat, Kadeş Atarqatis, Nahunta, Anahit, Aqasaya; Misirdə – Neit, Saxmet, Menhit, Pakhet; Hindistanda – Durqa, Skandamata, Chamunda, Kali, Kathyayini, Kottravey; Yunanıstanda– Afina, Alala, Enyo, Bia, Eriş; Anadoluda– Kibele, Nike, Soska, Şauşka; Romada– Viktoriya, Minerva, Nerio, Bellona; Avropada– Morriqan, Alaisiagae, Namxeyn, Anu, Bandha, Cathubodva, Maxa, Neman, Badb, Andarta, Andraste, Aefron, Freyya, Aqrona; Asiyada– Humay, Bayana; Amerikada – (azteklərdə) Siuakoatl; Afrikada –Oya, İfri; Latviyda – Kare Mate...

Müharibə-qadın paradoksu ilə "müharibənin qadın tanrıları”anlayışı uyuşurmu? Hansı səbəbdən müharibə tanrıları qadın cinsində idilər?

Hər şeydən qabaq bu qadın-tanrıların təkcə müharibə tanrılarıolmadığını demək lazımdır. Müharibələr meydana gələnə qədər onlar sevgi, doğum, bərəkət, məhsuldarlıq işinə baxırdılar. Müharibə bir xalqın, ölkənin ölüm-dirim məsələsi olduğuna görə, onun taleyini həll edən tanrı – tanrıların ən güclüsü, ən qüdrətlisi, ən ağıllısı, ən əvəzedilməzi olmalıydı. Bu kriteriyə uyğun gələn tanrılar isə yuxarıda deyildiyi kimi sevgi, doğum və bərəkət tanrıları idi.

Arxeoloqlara görə dünyada ilk müharibə 7 min il əvvəl Misirdə baş verib. Buranın Suriya olduğunu deyənlər də var. Müharibələr meydana gələn vaxtlar hakim ilahi status ana-tanrılara, ya da müxtəlif təbiət ünsürləri kimi qavranılan dişi güclərə məxsus idi. Qədimdə doğum, yaratma, bərəkət, məhsuldarlıq tanrıları ilə yanaşı, qida axtarışına kömək edən ov tanrıları da qadın cinsində düşünülürdü. Tanrının erkək (məsələn, buğa), ya da kişi formasında (andropomorf) təsəvvürü daha sonrakı dövrlərin bəhrəsidir.

Arxaik insanlar ölümdən sonra yenidən doğulacaqlarına inandıqlarına görə doğum tanrılarını həm də yenidəndoğuma məsul hesab edirdilər. Bu səbəbdən də məzarlara, bir dəfə də dünyaya gəlməyi asanlaşdırsın və tezləşdirsin deyə ana-tanrının kiçik bütlərini, ya da simvollarını qoyurdular. (Yeri gəlmişkən, dinlərdə ölülərin yenidən diriləcəyi ideyası belə təsəvvürlərin qalığıdır. Monoteist dinlərin hər üçündə – yəhudilikdə, xristianlıqda və islamda bu ideya var.) Sonralar ölüm haqqında insanların fikirlərində bəlli dəyişikliklər baş versə də, qadın-tanrıların ölümlə assosiasiya olması davam etdi.

Beləliklə, həyat verən, bəsləyən və qoruyan xüsusiyyətlərlə, öldürən və təkrar həyata gətirən – dirildən, can verən-can alan, yaradan-dağıdan, bərəkət paylayan-aclıq gətirən xüsusiyyətlər ana-tanrı obrazında birləşdi.

Savaşlar meydana çıxandan və kütləviləşəndən, hətta "kişi sənəti” sayılandan sonra doğuma, bərəkətə, məhsuldarlığa, ova yiyəlik edən ana-tanrılar ordunu da qoruyan, şans gətirən, qələbə verən, əsgər ruhlarını himayə edən, bəzən də onların ölümünə səbəb olan güç yiyələri kimi də düşünülməyə başladı.

 


TARİXİN İLK QADIN SAVAŞ TANRISI – İNANNA

 


"Tarixin başlanğıcı”nda (Kramer) dayanan sumerlilərin inamsistemində ən qüdrətli tanrılardan biri də, hökmü həm yerlərə, həm də göylərə çatan qadın-tanrı İnannadır. Yaxın və Orta Şərq bir yana dursun, Hindistandan Sibirəcən, Afrikadan Avropayacan – bu qadın-tanrının təsirlərinin yayıldığını görürük. (Şəkil 1.)

 
 
 
ŞƏKİL 1.İNANNA
 

İnanna eşq tanrısı olmaqla yanaşı, həm də müharibə tanrısı idi. Onun axşam ulduzu Venera (Zöhrə) sevgini, səhər (dan) ulduzu isə savaşı təmsil edirdi.


 

Yaz bayramı (indiki Novruz) ərəfəsində İnanna ilə Dumuzinin hər dəfə yenilənən toyunda İnannanın rəmzi musiqi aləti kimi çəngdən, Dumuzinin rəmzi musiqi aləti kimi tütəkdən istifadə edilirdi. Yeri gəlmişkən, Dumuzi həm də kiçik başlı heyvanların – qoyun-quzu sürülərinin tanrısı olduğuna görə ona çoban tanrısı da deyilirdi. (İlahi bir titul sayılan çoban titulu ta xristianlığa qədər gəlib çatıb: İsa da çoban adlandırılırdı.) Beləliklə, tütək coban tanrısı Dumuzinin müqəddəs aləti olduğundan, indiyədək çobanların musiqi aləti kimi istifadə edilir. Tütək səsini dinləyə-dinləyə otlayan sürünün bərəkətli olacağına inam hələ də yaşayır.

 

 

CƏNGİ VƏ İNANNA

İnannanın musiqi aləti çəng həm də savaş ilə bağlı bir simli musiqi aləti idi. Sonralar çəng savaş mənasında (cəng) işlədilməyə başladı. „Cəngavər" sözündə görüldüyü kimi cəng sözü savaşla döyüşlə, güləşlə əlaqəlidir. Azərbaycan hərbi rəqslərindən biri də cəngi adlanır. Sanıram ki, bu rəqsin kökü savaş tanrısı İnannanın çəng musiqi alətinə qədər gedib çıxır. Həm hərbi mərasimlərdə, həm savaşlarda, həm də Yaz bayramı ərəfəsindəki güləş yarışlarında və pəhlivanların iştirak etdiyi zorxanalarda cəngi çalınırdı. Bu ənənə də Azərbaycanda indiyə kimi qorunur. Azərbaycanın ən qədim rəqslərindən biri – Cəngi döyüş ruhu ilə doludur.

GÖZ MUNCUĞU VƏ İNANNA

İnannanın somvollarından biri də göz idoludur.

Göz idollarına ilk dəfə 1937-38-ci illərdə Quzey Suriyada Tell Barak (qədim Naqar) şəhərində Mallovan tərəfindən Göz məbədi (Eye Temple) adı verilən yerdə, qazıntılarda rast gəlinmişdir. Suriyada, İraqda, İranda, İsraildə, Türkiyədə minlərlə göz idolları tapılmışdır.

Qədim Sumerdə göz kultu çox geniş yayılmışdı. Göz idolları Sumer ana-tanrısı Ninqal və onun qızı İnannanı simvolizə edirdi. Sumer mətnlərində İnannanın "hər şeyi bilən, görən, hər şeyə nəzarət edən” gözləri ilə bağlı çoxlu ifadələr var.

Qədim Sumer şəhəri Urukun xarabalıqlarında tapılan, hazırda Luvr muzeyində saxlanılan bir silindr möhürü var. Möhürün üzərində qadın-tanrı İnannanın, daha doğrusu onun simvolu kimi göz idolunun qarşısında səcdə vəziyyətində oturub yalvaran, ondan nə isə istəyən qadınlar təsvir olunub. (Şəkil 2.)

 

 

 


      

Şəkil 2. İnannanın simvolu olan göz idollarına yalvaran qadınlar.

 

 


Türkiyədə Hacınəbi təpəsində gec kalkolitik dövrə aid (e.ə. 3850-3650) tapılan silindr möhüründə də Uruk möhürünə oxşar kompozisiya əks olunub: əllərində döyüş aləti – yay tutub sol tərəfə doğru gedən adamlar və sağ tərəfdə İnannanın göz şəklində olan simvolu qarşısında çömbəlib yalvarırcasına oturan iki qadın. Çox böyük ehtimalla burada da ərlərini savaşa yola salan qadınların savaş tanrısı İnannaya yalvarmaları ifadə edilib. (Şəkil 3.)



 


                                                                                 ŞƏKİL 3

Yeri gəlmişkən, onu da deyək ki, qoruyuculuq funksiyasını saxlamaqla göz idolları yavaş-yavaş miniatürləşərək, göz muncuğu, nəzərlik formasına düşüb. Bu gün də körpə uşaqların qoluna, boynuna taxılan göz muncuğundakı göz simvolunun kökü İnannanın qoruyucu və pis ruhları məhv edən gözlərinə dayanır.

 

(ardı var)


Alov İnanna
 
qadinkimi.com