YAZI / DÜŞÜNCƏ, UŞAQ / BÖYÜK
Məktəbdə baş tutmayan məhkəmə Tarix : 24 Aprel 2021, 00:40

Həyat yoldaşım - Sabah məktəbə çağırırlar-deyib çantasını bir kənara atdı, yorğun halda dəhlizdəki kətildə oturdu.

- Nə olub?

- Sənin oğlun yenə intizamsızlıq edib.

Xoşagəlməz hadisə baş verəndə oğlumu mənə, bütün müsbət tərəflərini isə özünə oxşatmasına adət eləmişdim. Heç vaxt etiraz etmirəm. Həm də həmişə onun kimi düşünmürəm.

Yanında oturub qucaqlayıram, başını çiynimə qoyur.

- Zinka zəng vurmuşdu, deyir hansısa zibil vedrəsini

pəncərədən həyətə tullayıb.

"Zinka” məktəbin direktorudur.

- Bəlkə sən gedəsən? - deyib yalvarıcı baxışla mənə baxır.

- Əlbəttə gedərəm.

Sabahı məktəbə yollandım.

Bu iki ay əvvəl olan hadisənin qisası idi.

Oğlum iki ay əvvəl Yeni il şənliyindən qalan fişəngləri məktəbə gətirib.Yaxşı ki, müəllimlər bunu görüb vaxtında tədbir görüblər. Mən oğlumun bu hərəkətindən narahat oldum, əsəbiləşdim.

Onda oğlumu dərsdən qovmuşdu direktor. Məni isə müavininin öhdəsinə vermişdi. Müavin qadın durmadan danışdı. Bu qadının danışığından heç nə anlamadım. Bozbulanıq geyimli xanım əlaqəsiz nitqlə çıxış edərək məndə direktor müavinindən çox məktəbin texniki işçisi təəssüratı yaradırdı.

-Təsəvvür edirsiniz, o fişəngləri partlatsaydı nə olardı?

Elə tərzdə söylədi ki, az qaldı minatəmizləyənlər qrupu çağırım.

Bu hadisədən sonra onu görməmişdim. Amma onun bu münasibətini unutmamışdım.

Oğlumla direktorun yanına getdik.

Oğlumu katibənin otağında qoyub özüm direktorun otağına daxil oldum. Otaqda 5 nəfər oturub. Direktor məni görəndə təəccüblənsə də, bunu göstərməməyə çalışır, soyuqqanlı duruşuyla salamlaşır, hətta gülümsəyir, əmr edirmiş kimi müraciət edir:

- Oğlunuzu çağırın!

- Nə üçün?

- Necə nə üçün? Qoy bu çirkin hərəkətlərinin səbəbini açıqlasın, izahat versin.

Adətən sual verən tərəf olduğundan mənim sual verməyimdən əsəbləşdiyi hiss olunur.

- Mən artıq onun izahatını dinləmişəm. İndi olanları sizdən eşitmək istəyirəm.

- Zəhmət olmasa, oğlunuzu çağırın və özünüz də əyləşin-deyə əsəbi şəkildə stulu mənə tərəf itələyir.

Mən qapını örtürəm. Oğlumun görməsini istəmirəm.

Bu mənə məhkəmə proseslərini xatırladır.

Belə görüşlərdən, bunu təşkil edənlərdən zəhləm gedir.

Zinka cəsarətli deyil. Zəifdir. Belə insanlar təsir altına tez düşür. Bu tip insanlara vəzifə vermək olmaz. Direktor möhkəm iradəli olmalı, uşaqlarları anlamağı bacarmalı,

özü hadisələri araşdırmalıdır. O isə bunu bacarmır.

Onlara baxıb düşünürdüm ki, nə qədər uşaq belə "məhkəmə”yə çıxarılıb, sınıb, alçalıb şəxsiyyətləri. Ən əsası çox zaman valideynlərin də "xəyanət”inə məruz qalıblar.

Bütün bunlar mənə tanışdı. Mən insanların belə alçaldılmasını görmüşəm. Artıq o günahkardır. Hökm çıxarılıb,onu əzmək lazımdır ki, heç vaxt etiraz etməsin, öz fikrini bildirməsin. Beləsinin azadlığını əlindən almaq lazımdır.

Hələ özünü müdafiə edə bilməyən "kiçik cinəyatkar”ı cəzalandırmaq lazımdır. Onu pis olduğuna inandırmaq lazımdır. Özü də valideynləri çağırmaq, onların yanında uşağı aşağılamaq, "baxın, görürsünüzmü o nələr edir”- deyə hay-küy salmaq gərəkdir. Valideynlər də günahkarca dayanıb baxsınlar...

Bunu necə edə bilirlər? Bunu necə düşünürlər?

Zinka kimilər qalibcə baxır, valideynlər övladlarından utanır...

Mən qəsdən oturmadan oğlumu müzakirə etməyəcəyimi bilsin deyə onun düz gözlərinin içinə baxıb soruşdum:

- Siz məni çağırmısınız, zəhmət çəkib bunun səbəbini də deyin.

Zinka susub, mənə baxır əsəbi şəkildə.

Onunla məsələ aydındı. Mən sinif rəhbərinə müraciət edirəm:

- Nə baş verib?

- Mən ondan zibili atmasını xahiş etdim.Osa atmadı. Mən onu otaqda saxlayıb qapını bağladım. O da zibili pəncərədən atıb.

- Siz hansı haqla mənim oğlumu bağlı otaqda saxlayırsız? Buna ixtiyarınız varmı? Niyə mənim oğlum zibil atmalıdır? Məgər sizin işçiləriniz yoxdur?

- Bəlkə oğlunuzu da dinləyək? – deyə aralarında nisbətən cavan olan yeganə kişi müəllim müdaxilə edir. Onun deputatlığa namizəd olduğunu da bilirəm. Belə deputatlardan da xəbərim var.

- Sizin bu hadisəylə, oğlumla nə əlaqəniz var?

- Mən məktəbin müəllimiyəm. Komissiyanın üzvüyəm.

- Onda gəlin mənim və oğlumun dostlarını, qonşuları, onun məşqçisini də çağıraq. Bu da mənim iclasım olsun.

Hamı çaşqın halda bir-birinə baxır.

- Məhkəmə qurmaq istəyirsiz? Alınmaz. Mən sizin də, özümün də hüquqlarını bilirəm. Siz uşaqları öyrətməlisiniz, dərs keçməlisiniz. İşinizlə məşğul olun. Onun tərbiyəsilə özüm məşğul olaram.

Mən qapını ardımca örtüb, oğlumu da götürüb getdim.

- Bax, oğul, bu həyatdır. İndi onlar səni gözdən qoymayacaqlar. Bunun əvəzini çıxmaq istəyəcəklər.

- Ata, mən sənə söz verirəm ki, bundan sonra heç vaxt səni məktəbə çağırmayacaqlar.

Mən özümdən razı qaldım. Uşaqlar valideynlərin onları eşitdiyinə, qoruduqlarına inanmalıdır. Şəxsiyyət kimi böyüməlidilər.

Oğlum isə sözünün üstündə durdu, davranışlarına diqqətli oldu. Bizi bir də məktəbə çağırmadılar.


 

 

 

 


 

 

Rüstəm Şərəfislamov