EV / ÇÖL, QADIN / KİŞİ
Kişilərimizin otel həyatı... Tarix : 06 Noyabr 2019, 20:57


Cümə günü axşam, xüsusilə şənbə günü Bakıdakı bütün otellər dolu olur.

Bunu boşuna demirəm, mənim otel işlədən və ya oteldə işləyən bir çox tanışım var.

Özünüz də maraq üçün 6-cı gün hər hansısa bir otelə zəng vurub boş otaqla maraqlana bilərsiniz. Bakı turizm şəhəri deyil, "Torqovıy”da gəzən 3-4 ərəb Bakıdakı bu qədər oteli doldurmağa yetməz. Bir də, axı ərəb yalnız cümə və şənbə günləri gəlmir, turist bütün həftəni turistdi.

Təəssüf ki, bu halda yalnız həftəsonları otellərdə olan basabasları turistlərin ayağına yaza bilməyəcəyik.

İkinci bir məsələ, Azərbaycan mentalitetində belə bir sarsılmaz adət var ki, paytaxta gələn rayon, kənd, bölgə sakinləri oteldə deyil, qohum, tanış evində qalır. Siz heç görmüsünüzmü ki, rayondan Bakıya gələn hansısa qohumunuz sizə əziyyət verməyib oteldə qalsın? 


Bəs, həftəsonu Bakı otellərini dolduran şəxslər kimlərdir?

 

Seks üçün görüşən cütlüklər...

Nə qədər təəccüblü olsa da, (Sizə təəccüblü gəlmir? Əslində, gəlməlidi) o cütlüklərin kişi üzvlərinin böyük əksəriyyəti evli olur.

 

Bakı kütləvi, total xəyanətlər şəhəridir.

 

 

Səbəb sadədir. 

Tipik mental adətlərlə... ailə bağları və qohum-tanış təklifləri əsasında... tapşırıq və valideynlərin qoyduğu evlilik normativləri ilə... ata- ananın görmək istədiyi, arzuladığı ailə, gəlin, kürəkən modelinə uyğun... ailə, qohum, nəsil və cəmiyyət basqısı altında... nəsil, qəbilənin qoruduğu və hökm etdiyi evlilik standartlarına uyğun qurulan ailələr və ailə quran şəxslərin "fərd" olmaması, yaşadığı cəmiyyətin total, müştərək təfəkkürünə qoşulub yaşaması və bu şəkildə evləndirilməsi... 


Nəticə:

İntim uyğunsuzluq, xarakter uyğunuzluğu, zövq uyğunsuzluğu.

 

Niyə?

Bir yerdə yaşamağa qərar verən və ayrı-ayrı ailələrdə, mühitlərdə tərbiyə alan, formalaşan insanların bir-birini adi məişətdə tanıması üçün şərait yoxdu. Buna milli təfəkkürümüz mane olur.

 

Yekun

Ortaya çıxan - intim uyğunsuzluqdan yaranan anormal ailə formaları (bizim dildə desək, ailə dəyərləri).

Bir tərəfdə evdə seriala baxan və ya instagramda uşağının adına profil açıb həyatını yaşayan, Azərbaycan kişisinin milli ixtirası olan "uşaqların anası" (qadın yox ha!), digər tərəfdə "həftəsonu” otel otağı bron edən "tərbiyəli kürəkən”, "ailəcanlı ata”, "korluq verməyən ər”...


 

Müəllif: Şəhriyar Məhərrəmov

Qadinkimi.com