Kəlağayı, Yumurta, Darçın xala və bayram axşamı söhbətlər
Arvad tayfasından baş açmaq olmur ki! İnan Allaha, min il qabaq ölmüş qadına da adamı qısqanır. Səhər duran kimi "yuxuda xan qızı Natəvanı görmüşəm, ona kəlağayı alıb verdim, başına bağladı...o da mənə yumurta...” demişdim ki, sözüm ağzımda qaldı, avtomat kimi açıldı, birnəfəsə gic-gic suallar yağdırmağa başladı: niyə görmüsən, başaçıq idi bəyəm, yəqin onu düşünürsən, nə bilim, niyə kəlağayı almısan ona, mən istəsəydim almazdın, hardaydı məndə o bəxt, bəs, o, necə geyinmişdi, filan-beşməkan...Rəhmətliyin qızı, bayram günü elə hey fərə kimi qaqqıldayır, mıqqıldayır, hıqqıldaya-hıqqıldaya mətbəxə girib-çıxırdı; arvadın ən gözəl yeri elə mətbəxdi, orda qalsa yaxşıdı! Peşiman olursan ağzını açmağa...
Səhər-səhər dilimə "fərə” gəldi, Allah axırını xeyir eləsin; yadıma bizim həyətdəki beçələr düşdü. Elə beçə də fərə kimi qaqqıldayır, amma yumurtlamır; beçə ümumiyyətlə yumurtlamır. Bilən bilir: yumurta məsələsi fərələrə aiddir, onlar qaqqıldayır, qaqqıldanır...sonra bir, ya iki, bəzən lap üç-dörd dənəsini birdəfəyə salandan sonra xırp səslərini kəsirlər. Mən bunu uşaq vaxtı görmüşəm, "Dəli Kür”dəki rus Əhmədlə pəltək uşağın dialoq səhnəsinə baxandan sonra toyuq və yumurta məsələsinə iştahdan daha çox, marağım artmışdı, qəribə fikirlər deşirdi beynimi...
70-cı illərdə bizim həyətimizdə kiçik bir toyuq hini vardı, anam orada beş-altı toyuq-cücə bəsləyərdi (saxlayardı yox!). Mənim pəncərəm düz toyuq hininə açılardı; gecələr hərdən qaqqıldaşan toyuqların səsindən dəng olsam da, dözürdüm, bilirdim ki, səhər mütləq yumurtamız olacaq, hərəsi də, maşallah, "Yer kürəsi” boyda; o zamanlar yumurta Yer kürəsini xatırladırdı mənə: xırda, kiçik, lap əl içində tuta biləcəyin yumurta boydaydı mənim planetim. Zaman ötdükcə anladım ki, əslində yumurta elə yumurtadı, Planet deyil. Yumurtanı fərə toyuq doğur, planetləri isə dəqiq bilmirəm kim doğur, qonşumuz Molla Məhərrəm deyirdi ki, onları da xadavəndi-aləm yaradıb, səs-küysüz, filansız! Planetlər səs-küysüz gəliblər, məncə elə səs-küysüz də gedəcəklər.
Mən o xırda yumurtaları ən çox Novruz bayramı günlərində gözləyirdim; yumurtalar mənim üçün orden-medaldan da qiymətliydi; bayram axşamları anamın soğan qabığının qaynamış suyunda çıxan rəngiylə boyadığı yumurtaları götürüb bacı-qardaşlarımla bahəm düşərdik küçələrə, yumurta "döyüşü” başlayardı: kimi udar, kimi uduzardı, küsüb qayıdardı evə, təzə yumurtayla gələrdi. Beləcə, "döyüşlər” bitər-bitməz hamımız gecədən anamın həvəslə ütüləyüb hazırladığı təzə dəsmalımızı səliqəylə cibimizə qoyub, gedərdik dəsmal atmağa; cənubda binayi-qədimdən "papaqatdı” olmayıb, camaat "qurşağatdı” və ya "dəsmalatdı” deyərdi (bilmirəm niyə!), bəziləri qapılara torba da atardı. Papaq atmaq isə ümumiyyətlə dəbdə deyildi. Bayramqabağı dərvişlər qapımızı döyərdilər, xoş və həzin avazla həyətimizdə norşud deyərdilər (sonralar öyrəndim ki, sən demə, "norşud” "novruz şod” deməkdi, yəni təzə gün oldu, novruz gəldi... Norşudun bir beyti qulağımdan heç getmir:
Gəl, gəl ey mən həsrətəm dildarə Novruz bayramı!
Analar, ey bacılar, verin bizim bayramlığı!
Bayram axşamları ilk dəsmalı da babamıza atardıq, o, təqaüdçü olsa da, cibləri pulla oynayardı; nədənsə, mənə daha çox pul verərdi, üstündə Leninin keçəl kəlləsi olan qırmızı şax onluq! Qohum-əqrabanı gəzib evə gələrdik, hamımızın kefi yerindəydi, mən daha çox sevinərdim, çünki çoxlu pulum olardı; "qazandığım” pulları dəfələrlə sayıb qoyardım balışımın altına, sevincimdən səhərədək yerimdə qurcalanardım, özümü dünyanın ən varlı adamı sayardım...
Bilmirəm, nəyə görəsə, axır çərşənbədə o günləri xatırladım, yuxu əhvalatı olmasaydı, bəlkə də xatırlamazdım; yuxumu xatirələrimlə basdırıb arvadımın könlünü almaq üçün güc vermişdim bayram söhbətlərinə; elə şirin-şirin danışırdım ki, öz ağzım sulanırdı. Arvadım gah diqqətlə qulaq asır, gah da mətbəxə qaçıb dəmə qoyduğu aş qazanını yoxlayırdı. Hərdən qapımızı döyürdülər; o, torbaları qoşa-qoşa götürüb ağzınacan doldurur, mən də ondan xəlvəti qabaqcadan xırdaladığım pullardan hər torbaya otuz qəpik atırdım. Növbəti torbanı verəndə arvadım otuz qəpiyi gördü, mənə çəpəki baxaraq ağzını büzdü:
-Ədə, bu nədi? Ayıbdı! Heç olmasa bir manat elə!
-Nə ayıbdı? Otuz qəpik bir çörəyin puludu! Bayaqdan qırx nəfər torba atıb - elədi qırx çörək! Azdı bəyəm?
Arvadım qəpikləri hikkəylə torbalardan çıxarıb hərəsinə bir manat qoydu (Öz pulu deyil axı!). Torbaları sahiblərinə qaytarandan sonra:
-Mirzə, axır vaxtlar yaman xəsis olmusan a! - dedi.
Dinmədim. Xasiyyətim belədi, xırda şeylərdən danışmaram. Hər halda, ”özgə puluyla xeyirxah olmağa nə var e! Hünərin var, öz qazandığın puldan ver, görüm necə verirsən?!” ürəyimdə deyindim. Suyum süzülə-süzülə girdim otağıma, əlimə keçən kitablardan birini götürüb vərəqləməyə başladım. Bayram süfrəmiz hazır olan kimi mətbəximizin sultanı məni səslədi...
Çox acımışdım. Mən iki halda çox yeyirəm: əsəbləşəndə və güləndə. Lənət şeytana, bunlardan hansının baş verdiyi heç özümə də bəlli deyildi. Paltar dolabının yuxarı küncündə çoxdan bəri gizlətdiyim papağımı götürüb qoydum başıma, gəlib oturdum süfrə başında. Arvadım təəccübləndi.
-Bu da təzə çıxdı? Papaq nədi qoymusan?
-Nədi, xoşuna gəlmədi? Pisdi bəyəm? Yüz ildi papaq qoymurduq utandığımızdan...İndi qoyaq da...Namusumuz, qeyrətimiz qayıdıb özümüzə!
Arvad xımır-xımır gülümsədi, nə düşündüsə, dilləndi:
-Aaaaaa, yaxşı yadıma saldın, doğurdan e, bayaqdan fikir verirəm, hamı bizə torba atır, day papaq atan yoxdu...
-Bə odu da... ona görədi də... daha papağı başa qoymaq lazımdı, başa!
Kefim kökəldi, arvadla birtəhər dil tapmışdıq, sanki uşaq çağlarım da gəlib xəyalıma qonmuşdu yenə - mənə dünyanın ən varlı adamı kimi baxırdı...
Qapını yenə taqqıldatdılar. Arvad qapıya yürüdü, az sonra əlində qıraqlarında yaşıl və qırmızı gülləri olan ağımtıl kəlağayı ilə qayıtdı, gözləri sevincdən işıldayırdı.
-Qapının ağzına qoyublar... lap anamın kəlağayısına bənzədi. Kaş mənim də belə bir kəlağayım olaydı!- ah çəkdi.
-Ay qız, neynirsən onu, köhnə şeydi, bir şey bük, ver çıxıb getsin. Sənin üçün lap təzəsini alaram...O Xan qızına yuxuda aldığım...(Vay, vay, vay, dilimə tikan batsın!)
Arvadım xoşhallansa da, gördüm sonuncu sözlərimdən dərhal ağız-burnunu əydi, amma deyəsən, quşu kəlağayıya qonmuşdu, ağzından soyuq hava gəlirdi:
-Yox, bu qədimidi. Bundan indi heç harda tapa bilməzsən...
O, könülsüz-könülsüz xonçadan bəzi şirniyyatlar götürüb mənim pul kisəmi istədi, dedim balışımın altındadı, orda pul qalıbsa, 1-2 manat ver...
Hə... əlimi xörəyə uzatmaq istəyəndə arvadım qapı ağzından səsləndi:
-Mirzə, ay Mirzə, gəl gör bizə kim gəlib? Xoş gəlbisiz, Darçın xala! Gəlin, gəlin, bayramınız mübarək! Həmişə ayaq üstə! – qadın elə bil doğma anasını görmüşdü.
-Dedim gəlim sizin bayramınızı təbrik edim! Mirzə evdədi?
-Hə, hə, buyurun, keçin içəri, vaxtında gəlmisiz!
Yerimdən dik atıldım (dədəm vay, yenə salacaq bizi çənəsinin altına!), qeyri-ixtiyari qapıya cumdum.
-Salam, ay Mirzə! Bayramın mübarək!- Darçın xala təəccüblə mənə baxdı - lap Hətəmxan ağanın papağına oxşayır,- və başımdakına işarə elədi. – Köhnə kişilərin papağı yenə gəldi süfrə başına... Yüz ildi gözləyirdik! Allah razı olsun, Allah razı olsun ordumuzdan!
Bunu elə ürəkdən dedi ki, hamımız onunla bahəm alqış elədik; Darçın xala yan-yörəsinə boylandı, kəlağayısını arvadımın əlində görüb geri aldı, içindəki şirniyyatları mizin üstünə tökdü və gördüm ki, ordan bir göy onluq da oynaya-oynaya yerə düşdü (İndi gör bu arvad mənim başıma nələr gətirir də!).
Qarı əyilib onluğu götürdü, bir anın içində bilmədim onu harasına dürtdü. Ən qəribəsi də buydu ki, arvadın qoltuğunda bir topa qəzet-jurnal vardı, onları elə bərk-bərk sıxmışdı ki, elə bil qiymətli daş-qaşdı.
-Bayramın mübarək, Darçın xala! Nə yaxşı bizi yad elədin?!
-Yaxşı günün olsun, a bala! Siz nuş eləyin, mən çay içəcəm.
-Elə şey olar?- arvadım onun qabağındakı nimçəyə dərhal aş çəkdi.
-Bilirsən, Mirzə, bu bayram o biri bayramlara bənzəmir. Küsənlər barışır, adamlar bir-birlərinə xoş sözlər deyir, qohum-əqraba, qonum-qonşu bir-birinə gedib-gəlir. Amma karantindi deyə, nəsə bu il susqun keçdi. Əslində, torpaqlarımızı düşməndən azad etmişdik, gərək qələbə ilində Novruzu daha gur qeyd edəydik...
-Hökumət necə məsləhət bilir elə də olmalıdı...axı şəhidlərimiz var! - dedim.
-Yenə başladı da...- arvadım aman vermədi.- Az qalıb süyu da üfürə-üfürə içsin! Hökumət bəzi şeyləri düz eləmir!
-Mirzə, gəlin düz deyir. Mən elə onunçün gəlmişəm ki, sənə bir-iki kəlmə deyəm, sən də gedib çatdırasan yuxarılara...(Bayram axşamı işə düşdük də!).
-Bax, görürsən bunları, - qarı qəzet-jurnal topasını tökdü ortalığa.
-Səhərdən oxuyuram, özümə gələ bilmirəm, yaman əsəbləşmişəm. Gör nə yazır: "pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə (?) sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (?) yaşa görə əmək pensiyası hüququ vardır...” Bir şey anladın? Bu nə deməkdi axı? Erməni budaq cümləsi! Necə yəni, "pensiya təminatına imkan vermədikdə?!”. Doxsan il yediyim çörək haqqı, əgər o deputatlardan, beş-altı nəfəri çıxıram, biri bunu başa düşsə, adımı dəyişib Lomon qoyacam...Nə fırıldaq işlədiblər belə? Belə də Qanun olar? Bir-iki nəfər oturub ordan-burdan köçürür, Qanun yazır, bunlar da təsdiq edirlər! Balam, gedin öyrənin də, Türkiyədə camaatın pensiyası üçün görün nə gözəl qanunlar yazıblar! Hələ bu harasıdı? Gör nə yazırlar: "...əmək pensiyasına görə yaş həddi artırılıb...65 yaş! Ay başına dönüm, bu hoqqanı kim düşünübsə, vallah, o, dağ ayısıdı, dağ ayısı! Camaat heç 65-ə çatmır, qırılır, pandemiya da bir yandan ağına-bozuna baxmır, cavanı da, qocanı da alıb aparır; bunlar da o biri yandan ilbəil altı ay artırırlar yaş həddini. Səni görüm gorbagor olasan bunu düşünən! Avropalılar altmış yaşdan sonra işləmirlər, pensiyaları ilə dünyanı gəzirlər, bizimkilərə bax də! Baxarsan, Mirzə, mənim qarğışım pensiya yaşını qaldıranları tutacaq!
-Qarğış eləmə, ay arvad! Bayram axşamıdı...düşər-düşməzi olar.
-Qoy düşsün, qoy düşsün, mən onsuz da ömrümü yaşamışam. Vay bunların halına...- qarı arvadımı nişan verdi. – Əlli il sərasər işləmişəm, sovet dövründə işlədiklərimi hesaba almır, deyir, o vaxt sığorta yox idi - mənim günahımdı bəyəm? Qəpik-quruş verir ki, get sürün...bu pensiya ilə yaşamaqmı olar? Qoy bayramı yola verək, gedəcəm, mütləq gedəcəm! Özü də səni də götürüb gedəcəm. Bəlkə mənim yox, sənin sözünə baxdılar! Deputatlar da ağızlarına su alıblar! Dinmirlər, danışmırlar! Yox, gördüm, dinmirlər, baxmırlar, gedəcəm lap yuxarılara, deyəcəm ki, bəyəm bu ölkədə təkcə uçastkovu Maşallah yaxşı pensiya almalıdı? Bəxtəvər arvadının başına, Maşallah öldü, indi onun pensiyasını arvadı alır...Niyə? Çünki polis idi. Olmaz ki, bu qanun hamıya şamil olunsun? Olar, olar...mənim rəhmətlik kişim Məşədi Ramazan bir ətək pensiya alırdı, versinlər mənə də...Nöş vermirlər?
-Düz deyirsən, Darçın xala! Vallah, düz deyirsən,- arvadım təsdiq elədi. - Amma gəlin bu əziz gündə yaxşı şeylərdən danışaq. Siz Allah, yaxşı söz deyin...
-Pensiya pis sözdü bəyəm?- Darçın xala ah çəkdi.
-Yox e, deyirəm, qoy günümüz, ilimiz xoş keçsin, ruzi-bərəkət olsun, virus-mirus yox olsun, sağ-salamatlıq olsun...Canımıza xətər dəyməsin! Çoxlu pulumuz olsun! Bizimki elə bayaqdan yumurta boyatmaqla məşğuldu. Qırx ildi elə yumurta üstündə yeriyir...(Aha, bu da sənin evindəki! Gör necə üzü çöndü?!)
Bayram axşamı hirslənməzlər, amma hirs təpəmə elə vurdu ki, gözlərimi bərəldib arvada zağ-zağ baxdım. Gözüm tütünnənmişdi, ətrafı tor görürdüm. Darçın xala turşumuş sifətini məndən çəkib arvadıma çöndü, peyğəmbər quzusu kimi boynunu bükdü, dedi:
-Hə, bax, o pul məsələsini çox düz dedin, elə mənim də pensiyam qurtarmışdı...
-Eh, ay Darçın xala, qar nə qədər yağsa, yaza qalmaz...- daha susa bilmədim.
Qarı mənə tərəf baxmadı, görünür, sözlərimin mənasını da başa düşməmişdi, durub qapıya tərəf gedəndə:
-Yaxşı ki, gəldim,- dedi.- Allah razı olsun. On manat mənim üçün böyük puldu!
-Allah sizin də arxanızda dursun!- arvadım qarını yola salıb qayıdanda gördü ki, kəlağayı yaddan çıxıb qalıb, cəld qapıya qaçdı, şəp-şəplərlə blokun ağzına qədər yüyürdü. Bir azdan kəlağayı ilə qayıtdı, mənalı və məhzun baxışlarıyla məni süzdü, dedi:
-Bunu mənə bağışladı... dedi, anamın yadigarıdı, daha mənə lazım deyil; gor qonşusuyuq, bir ayağım burda, bir ayağım gorda...Bundan sonra sən bağla başına, qızım...
O, əməlli-başlı kövrəlmişdi, boğazından yemək keçmirdi.
Qəribə də olsa, daha o yuxu barədə düşünmürdüm, yadıma yenə yetmişinci illər düşmüşdü: beçələr, yumurtalar, o yumurtaları doğarkən qaqqıldaşan fərələr, səs-küylü bayram axşamları, pulları saymağım və...özümü dünyanın ən varlı adamı kimi hiss etməyim...Bu düşüncələrlə yerimə girəndə yastığımın altına baxdım, pul kisəm bomboş idi, səhərədək yerimdə kədərlə qurcalandım.
Kamran Nəzirli
Bakı, 28 mart 2021-ci il