Məsələ budur ki, böyüklərimiz şokoladları bizdən gizlətdilər, halbuki, dolu qənddanlar həmişə masaların üstündə olmalıydı və biz ta uşaqlıqdan öyrənməliydik - götürə bilib götürməməyi, yəni imtinanı!
Mən gizlətməyin qəti əleyhinəyəm, elə qadağanın da; mənə görə, ən doğru yol izahdır: "olmaz”ın niyəsini izah edib azad qoyursan uşağı və bu imtina (əgər edə bilirsə) onun iradəsini bərkidir.
İradə nədir, canan nədir, can nədir?
Haçansa sizə yazacağam ki, iradə həzdən birdəfəlik imtina deyil, iradə həzzi sonraya saxlama bacarığıdır: indi işləyib vaxtında dincələ bilmək.
Sitat: iradə həzzi sonraya saxlama bacarığıdır!
Odur ki, qırıq əşyalarınızdan belə qurtulmağa tələsməyin, məsələn, Yaponlarda bir dəb var - qızıl tozuyla təmir dəbi. Sınan antikvar əşyaları aparırlar ustaya, usta yapışqan əvəzi qızıl toz sürtür sınan yerə və məsələn, sınmış güldana qızıl rəngli gözəl bir naxış düşür. Yəni heç bilinmir ki, bura sınıqmış, əksinə, bu növ təmirlə güldan əvvəlkindən daha estetik görünür.
Sınan nədir, duman nədir, çən nədir?
Dünyada sınmamış insan yoxdur, əmin olun, Rumi demiş, qəlb odun deyil ki, sınanda səs çıxarsın, görüb-tanıdığımız ideal insanlarınsa hamısı sınıqlarını qızıl tozuyla təmir etmiş insanlardır. Belə xarizmatik görünmələrinin də səbəbi o naxışlar.
Yəni gözünüzün üstü yarıldısa, məsələn, üzülməyin, gələcəyin çox yaraşıqlı çapığı olacaq, bəlkə? Sevgiliniz öpəcək o yerdən tez-tez, uşaqlarınız nağıllardan bezəndə o çapığın tarixini soruşacaqlar sizdən və siz sevə-sevə, bəlkə də yüzüncü və hətta yüz birinci dəfə danışacaqsınız onlara qoçun üstünüzə necə tullanmasından və sair və ilaxır...