Yalnız uşaq üçün yaşama!
Orta məktəbi bitirən kimi ailə qurub. Üç uşaq dünyaya gətirib. Karyera, sevdiyi məşğuliyyət və ya hər hansısa hobbisi üçün sadəcə vaxtı qalmayıb. Amma yemək bişirməyə, təmizliyə həmişə vaxt tapıb...
Həyatından narazı olduğunu və ya xoşbəxt olmadığını söyləməyə haqqı da yoxdu. Amma övladları onun həyatının mənası olub və onlara yetəri qədər qayğı göstərə bilib. Sağlam və xoşbəxt böyütdüyünü düşündüyü övladları artıq bir-bir evi tərk edib. Biri xaricə oxumağa gedib, digəri ailə qurub, biri də başqa şəhərdə çalışır.
Həyatının mənası olan övladlarının heç biri yanında deyil. Buna görə də özünü böyük bir boşluqda hiss edir. Onun tənhalığı övladlarının qəlbində yara açıb. Çünki analarının tənhalığında özlərini günahkar bilirlər.
Bir başqa hekayəyə baxaq. Məsuliyyətini dərk etməyən bir kişidən hamilə qalıb və övladını özü tək böyüdüb. Uşaq hər zaman sevgi və qayğı ilə əhatələnib. Bu müddətdə ana bütün yükü özü daşıyıb. Övladının hər tələbatını ödəmək üçün gecə-gündüz çalışıb. Özünü, şəxsi həyatını və arzularını təxirə salaraq övladını boya- başa çatdırıb. Bəli, uşaq artıq böyüyüb və bir çox uğurları var. Amma qaytara bilməyəcəyi bir borc hissi ilə yaşayır. 50 yaşı var, evli deyil və övladı yoxdu. Anasına olan borcunu qaytarmaq üçün hələ də onunla birlikdə yaşasa da, buna nail ola bilməyib.
Oxşar bir həyat daha... Karyerasında uğur qazanmayıb. Buna o qədər də cəhd etməyib. Ağ atlı şahzadəsi də gəlib çıxmayıb. Uşağı da yoxdu. Amma şəxsiyyət vəsiqəsində artıq 40 yaş yazılıb. Bu yaşına qədər əldə edə bilmədiklərinə görə çox təəssüflənir. Bunun üçün bir uşağı övladlığa götürüb. Məqsədi özünün yarımçıq qalan arzularını bu uşaq vasitəsilə gerçəkləşdirməkdir. Uşaqlığında ən böyük arzularından biri gələcəkdə pianist olmaqdı. Amma anasının qadağası ilə bu arzusu ürəyində qalıb. Ona görə də övladlığa götürdüyü uşağı erkən yaşında musiqi məktəbinə yazdırıb və onun bir gün ulduz kimi parlayacağına ümid edib.
Halbuki uşaq pianoya nifrət edir... Nifrət etsə də anasına etiraz etmir. Axı ana bütün ömrünü ona həsr edib. Nəticədə, həmin uşaq ananın gözlədiyi kimi ulduz yox, heç bir məqsədi olmayana çevrilib. Təəssüf ki, fortepianoda ifa etməyi bacarması ona həyatında heç bir fayda verməyib.
Bu cür hekayələr və valideynlərin sayı minlərlədir. Neçə-neçə valideyn övladına xoşbəxt gələcək verəcəyi ümidilə öz həyatını qurban verib. Amma bunun nə özləri, nə də övladları üçün nəticəsi müsbət olub. Belə uğursuzlaqların əsas səbəbi valideynin övladını həyatının tək məqsədi və mənası kimi görməsidir.
Ancaq bu düşüncə tamamilə səhvdir ...
Hindistanlı bir müdrik belə deyir: "Uşaq – evin qonağıdır. Bunu hər bir valideyn dərk etməlidir". Uşaq sənin əmlakın deyil. O, başqa həyatı, məqsədləri və arzuları olan bir fərddir. Valideynin vəzifəsi – onu lazım olanla təmin etmək və vaxtı çatanda azad buraxmaqdır. Valideyn üçün uşaq kainatın mərkəzi olmamalıdır.
Burda "təmin etmək” deyəndə, bir valideynin edə biləcəkləri nəzərdə tutulur. Uşağı daha yaxşısı ilə təmin etmək üçün həyatını qurban vermək deyil. Belə qurban nəinki uşaqlara, heç kimə lazım deyil. Əgər valideyn belə edirsə, uşaq heç bir şəkildə bunu hiss etməməlidir.
Bəs uşaq valideyninə borcludurmu? Qətiyyən borclu deyil. Uşaq sahibi olmaq qərarını insan özü verir, onlardan soruşulmur.
Bəs niyə övlad sahibi olmaq istəyirik?
Əldə edə bilmədiklərimizi onların gerçəkləşdirməsi üçünmü? Yoxsa, qocalanda qayğımıza qalmaları üçün? Razılaşın ki, bu, çox eqoist davranışdı. Birinci növbədə, dünyaya yeni bir həyat bəxş etmək, atalıq və ya analıq hissini yaşamaq üçün uşaq sahibi oluruq.
Roma Papası Francis çıxışlarının birində belə deyir: "İsanın valideynləri övladlarının yalnız Allaha aidliyini və özlərinin onun sahibi deyil, qoruyucuları olduğunu təsdiqləmək üçün məbədə gedir. Bu, bizi belə düşünməyə vadar edir: valideyn uşağın qoruyucusudur, sahibi deyil”.
Məsələyə başqa tərəfdən baxsaq, bu, sənin həyatındı. Valideyn olmaqla sən bir fərd olmaqdan çıxmırsan. Maraqların, şəxsi həyatın və arzuların heç də uşaq böyütməkdən az əhəmiyyətli deyil. Bunu heç vaxt unutma!
Yalnız uşaq xatirinə yaşamamalı, onu həyatının mənasına çevirməməlisən. Həyatın mənasını başqa şeylərdə axtar.
Özünü sev. Uşaqlığında nə xəyal edirdin? Bunu xatırla. Xəyallarını gerçəkləşdir, istədiyini tapmağa çalış. Axı övlada özünü sevməyi və məqsədlərə çatmağı başqa necə öyrətmək olar?
Yalnız uşaqların xatirinə yaşamayın. Övladın bütün həyatını kontrol etməyə çalışma. Valideynlik varlığınla övladını təngə gətirmək deyil. Əlbəttə, yenə də sizin seçiminiz, həyatınızdı. Heç kimin sizə nə edəcəyinizi söyləməyə hüququ yoxdu. Hər halda bu barədə düşünün...
Bir vaxtlar onları hər şeylə təmin etməyə çalışan valideynlərin övladlarının gözündə bu gün dərin üzüntü sezilir. Bu ağır borcu onlara yükləməyin. Çünki bu ağır yükdən heç vaxt qurtula bilməyəcəklər. Həyatını qurmağa qərar vermiş, amma hələ də valideynlərini tərk etdiyi üçün özünü bağışlaya bilməyən insanın ürəyi heç bir zaman tam rahat olmayacaq. Həmişə nəsə bir əksiklik hiss ediləcək.
Bu, belə olmamalıdı. Bir insan öz həyatını qurmaq qərarı verdiyi üçün günahkarlıq hissi keçirməməlidi. Axı başqa necə yaşaya bilər? Heç kim sizə uşaqlarınızı sevməyin söyləmir - onları bütün qəlbinizlə sevin, onlara xoşbəxtlik və sevinc bəxş edin. Sadəcə bunu unutmayın! Qayğı hesab etdiyiniz şey övladınıza vurduğunuz ziyan ola bilər. Uşağın gec-tez böyüyəcəyini və bir gün azad olmaq istəyəcəyini qəbul edin.
Sevilən fantastika filminin qəhrəmanı Kuperin dediyi kimi: "Valideyn övladın gələcəyinin ruhuna çevrilir". Məncə, hər bir valideyn bu sözləri diqqətlə düşünməlidir.
Bəs sən övladın üçün necə bir ruh olmaq istəyirsən: ağır yük, yoxsa işıqlı xatirə kimi?
Müəllif: Yekaterina Xodyuk
Çevirdi: Xumar Hüseynova
Qadinkimi.com