YAZI / DÜŞÜNCƏ
İki qadın... (hekayə) Tarix : 27 İyun 2019, 08:50
Yazar : Qadinkimi.com
Böyük bir şəhər. Şəhərə şəhər görünüşü verən hündür binalar illərdir iki həmsöhbət tək üz-üzə dayanıb. Ömürlərini beləcə lal-dinməz bir-birinə tamaşa etməklə keçiriblər. Binanın pəncərələrində sakinlər sanki öz büstlərini qoyublar. Pəncərələr əlacsız insanların əyləncə yerinə çevrilib. Burada günün müxtəlif saatlarında bir-birinə tamaşa edən iki qadın görmək olurdu. Elə bil yuvadan quş balaları boylanırdı. Uzaqdan-uzağa bir-biri ilə xəyalən söhbət edirdilər.  Baxışları ilə qadının biri digərinə həsədlə: 

- Xoşbəxtsən...- deyirdi.
O biri qadınsa, maraqla: 
- Beləmi görünürəm? - soruşurdu. 
- Ailənin olması xoşbəxtlik deyilmi?
- Bəlkə, sən daha xoşbəxtsən.
- Nə üçün? 
- Bax, eyni yaşdayıq. Amma mən gör nə qədər yaşlı görünürəm. Qırışların, ağarmış birçəklərin heç biri məmnunluğun göstəricisi deyil.  Sənsə  şuxsan.
Küçədə şütüyən maşınların səsindən  susmalı olurlar.  Binanın üstündən boylanan günəş  elə bil sakit-sakit onları dinləyirdi.  
- Sokratın fikirləri ilə tanışsınızmı? 
- Sokratın o qədər fikri var ki... - Qadın mənalı tərzdə gülümsədi. Həmsöhbəti başa düşdü ki, o, "hansı fikrini nəzərdə tutursan?” demək istəyir. 
- Söhbətimizə uyğun olanı - "Nə edirsən et, onsuz da peşman olacaqsan ...” 
- Həə, xatırladım. Evlənmək istəyən gəncə deyir bunu.
Hər ikisi gülümsəyir. 
- Peşmansanmı? 
- İzah etmək çətindir.
- Nə üçün? 
- Şüurumuza hopan dəyərlər  baxımından  düşündüklərim qəbahətdir. 
- Lap Oşoya bənzədin. 
- O kimdir?  
- Bütün yaşadıqlarımızın əksini düşünən bir adam. 
- Qəribədir, həmfikir olduğun adamlar çox olduğu halda, bircə ömür yoldaşınla eyni şeylər haqqında düşünə bilmirsən. 
- Bəs deyirlər  "ərlə arvadın torpağı bir yerdən götürülür?”
- Kişilər qadını onu kimi düşünməyə məcbur etdiyindən və yaxud da qadın ərinin xüsusiyyətlərinə uyğunlaşdığından zahirən belə görünür. Əgər kişi qadının deyib-gülməyini istəmirsə, təbii ki, qadın buna tabe olacaq və qaraqabaq təsiri bağışlayacaq.
- Özü istəməsə belə?
- Əlbəttə. Ailəsini qorumaq üçün buna özünü məcbur edəcək. 
Söhbətin bu məqamında evli qadını içəridən səsləyirlər, pəncərədən çəkilməli olur. Tənha qadın onun arxasınca baxıb "Görəsən haqlıdırmı?” deyə düşünür. 
 
Günlər ötdü. Bir gün həyətdə qarşılaşırlar. Biri əri ilə, o birisi isə yalnız halda toya gedirdi. Tənha qadın zövqlə bəzənmiş, ailəli qadınsa olduqca sadə görünüşdə idi. Toy boyunca da bir-birini gözdən qoymadılar. Həmişəki kimi baxışları ilə danışırdılar. Tənha qadın hərəkətlərində nə qədər sərbəst idisə, evli qadın bir o qədər utancaq və çəkincək  görünür, yalnız ərinin ürəyincə olan hərəkətlər edirdi. Bir-biri ilə salamlaşan dost-tanışları, rəqs edənəri süzüb, yazıq-yazıq boynunu bükürdü. Toydan çox yas yerinə gələn adamın ovqatında idi. Tənha qadının nəzərləri onlara dikilmişdi. Baxışlarından həsəd duyulurdu. Toy sona yetməmiş ərinin istəyinə əsasən qadın oranı tərk etdi. Tənha qadınsa ümidini tutacağı gülə bağladığından toyun sonuncan gözləməli idi. 
Evə gələndə isə toy boyunca cəmi bircə  dəfə gülümsündüyü üçün evli qadın əri tərəfindən məzəmmət edildi. Səhərəcən ağladı.  O biri binada da tənha qadın yastığı ilə qucaqlaşıb makiyajını göz yaşları ilə yumuşdu. Gecəyarı  pəncərəyə yaxınlaşıb yenə xəyalən qadınla söhbət etməyə ehtiyac duymuşdu. Gözündəki yaşlar binadan başı aşağı yuvarlanırdı. Torpağı islatmağa yetməyən bu damlalar qadının tənhalığına  çarə edə bilmirdi. Onun kədərinə sanki elə göz yaşları özləri də ağlayırdı. 
O gecə qadınların ikisi də o birinin xoşbəxt olduğunu düşünərək  səhərəcən ağladı. Səhər açılınca onlar  "qəm otaqlarının” pəncərəsinin qarşısına gəlib, həmişə olduğu kimi yenə səssiz – səmirsiz söhbətlərinə davam etdilər:

- Sən xoşbəxtsən. 
- Bu söz üstümə atılmış böhtan kimidir. Etmədiyim bir suçda təqsirləndiyimi zənn edirəm.  
- Axı mən bütün gecəni ağlamışam. 
- Nədən mənim də ağlaya biləcəyimi düşünmürsən?
- Məni tənhalıq ağladır. Sən ki tənha deyilsən. 
- Ailəm olduğu üçün hər şeyin qaydasında olduğunu zənn etməkdə yanılırsan. Bəzən onlarla insanın arasında belə yalnız olursan.  Səni tənhalıq, mənisə ərim incidir. Hansı daha dözülməzdir? Ən böyük bədbəxtlik xoşbəxt görünməkdir. Adamlar səni səadətə qısqanır, sən isə daha çox  əzab çəkirsən. Arzularının pərən-pərən düşdüyündən heç kəsin xəbəri olmur. Ailən olduğu üçün sənə baxıb köks ötürənlər, bu ailəni qurduğun üçün özünü nə qədər bədbəxt hiss etdiyindən xəbərsiz olurlar. Sən azadlıq eşqi ilə özünü divarlara çırpıb darmadağın olanda məhbəsin səni özgələrə göylərin kəhkəşanında göstərir. Biləyindəki qolbağı səni müttəhimtək birinin qoluna bağlayanda, hardasa  başqa biri sənin yerində olmağı arzulayır. Buna bədbəxtlik deməyəkmi? 
Qadın çaşqınlıq içində idi. Gözlərindən təəccüb oxunsa da,  fikirləri  dəyişmirdi.
- Sən pəncərədən çəkilib geri dönəndə ərini, övladlarını görürsən. Mənsə arxaya çəkilən kimi  boş divarlarla üzləşəcəm, ağlayanda da yanımda heç kəs olmur.    
 
Tənha qadın tez-tez köks ötürürdü. Nəfəsi sanki küləyə çevrilir, ipdən asılan paltarları yellədirdi. Evli qadının gözləri yellənən paltarların arasındakı uşaq geyimlərinə sataşdı. Elə bil meh qəlbinə hardansa xoş hisslər gətirdi. Duyğuları dəcəl uşaqlar kimi atılıb-düşdü. Qadın əsl həqiqəti dərk etdi. İlk dəfə olaraq həmsöhbətinə ürəyində haqq qazandırdı.  Gözlərində sevinc göründü. Onun məmnunluğunu duyan tənha qadın mənalı tərzdə onu süzdü. Baxışları:  

- Demişdim axı, sən xoşbəxtsən, - deyirdi. 
                                                                                                                
 
 
Müəllif: Pərvanə Bayramqızı