Noyabrın 25-i Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günüdü. Bir dəfə ərinin zülm verdiyi qadının hekayəsini paylaşmışdım. Əri döyürdü deyə məcbur olub ayrıldı yazmışdım. Bir yaşı-başı olan yetkin bir kişi götürüb şərh vermişdi ki, ailə məsələləridi, hər şeyə görə ayrılmazlar. Gerçəkdən deyirəm, yaşı-başı, bığı-mığı olan əməlli başlı bir yekə adam bunu yazmışdı. Sizi döysələr nə edərsiz soruşdum. Cin vurdu təpəsinə: Məni heç kim döyə bilməz!
Bax, belə-belə beyinlər…
Üzgüyə gedirəm, bura müalicə məqsədilə də gələnlər olur. Ali təhsilli bir qadın filoloqun hekayəsi mənə hələ də məəttəl qoymaq gücündə olan bir cəmiyyətdə yaşadığımı xatırlatdı.
Əri işləməyə, evdən çıxmağa icazə verməyib. İmkanları da yaxşı olub. İllər boyu evdə oturmaqdan, depressiyadan piylənmə başlayıb.
Bütün orqanları xəstədi, zorla addım atır. Ürəyindən, mədə-bağırsağından, ödündən dəfələrlə əməliyyat olunub. Qanında da zəhərlənmə gedir nə gedir onu da başa düşmədim. Artıq dəmir tutacaqla yeriyir. Bu hala düşəndən sonra nəhayət kişi evdən çıxıb müalicəvi idmana getməyə icazə verib.
Qadınlarınızla aşağı səviyyəli bir varlıq kimi davranmayın.
Sözləri bağıra-bağıra deməyin. Aqressiyanızı onlara tökməyin. Qulunuz kimi yanaşmayın. Sizdən asılı, sizə tabe bir kölə deyil; bütün yerli və beynəlxalq qanunlara görə eyni ranqda, eyni hüquqlara sahib iki insansız - bunu həyatın heç bir anında unutmayın.
Hörmətli kişilər, xoşbəxtlik istəyirsinizsə nə olur olsun, səsinizi yüksəltməyin, qadınınıza əl qaldırmağın mümkünlüyünü ağlınıza belə yaxın buraxmayın, pis vərdişlərdən - içki, qumar, narkotik , - uzaq durun. Bu, insanı dəhşətli dərəcədə gözdən salan və bədbəxt edən şeylərdi.
Siz evə gələndə ailəniz bayram etmirsə, evdə hər kəs gərilirsə mütləq düşünün: nəyi düz etmirsiniz?..
Qadını alçaltmaq uğursuz kişilərin işidi. Öz yetərsizliyini kompensasiya etmək istəyir. Edə bilmir, bilməyəcək. Bir kişi ona görə kişidir ki, dünyada qadın var. Qadına nisbətdə, qadına münasibətdə kişidi. Başqa cür sadəcə bir "növ” olardı. Qadınla davranışı kişinin bütün mahiyyətini çılpaqlığı ilə göstərir, nədirsə odu.
Problemi özündə deyil onda-bunda görən insanlar məsuliyyəti üzərinə götürməyi bacarmayanlardı.
Sahiblənməyi, qorumağı, qayğı çəkməyi bacarmayan kişilərdən olmayın.
Qadına qarşı mənəvi, fiziki, seksual, psixoloji şiddətə hər yerdə yox deyin! Qadınların insan tərəfdaşı kimi sizin dəstəyinizə ehtiyacı var.
Aysel Alizada
qadinkimi.com