Bu gün tanınmış müğənni, Azərbaycanın Xalq artisti Gülağa Məmmədovun doğum günüdür. Gülağa Allahverdi oğlu Məmmədov (28.06.1925, Lənkəran – 07.06.1994, Bakı) – kasıb ailədə doğulub, böyüyüb. Ailəsi ilə birgə Bakıya köçdükdükdə xeyli müddət kirayədə yaşayıblar. Lənkərandakı Kiçik Bazar məhəlləsi üçün darıxan Gülağa, Bakıda yaşadığı həyətlə təskinlik tapır; uşaqlıqdan musiqiyə böyük marağı olduğu üçün, yenə həyətdəki tay-tuşlarını başına yığıb, onlar üçün müxtəlif mahnılar ifa edir; bəzən səsinə həyətdən, küçədən böyüklər də gəlir; Gülağanın həyətdəki çıxışları sanki konsert proqramına dönür.
12 yaşında olarkən, təsadüfən küçələrindən keçən dahi bəstəkar Üzeyir Bəy Hacıbəyli məlahətli uşaq səsi eşidərək, ayaq saxlayır. Üzeyir Bəy Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti ongünlüyünə Koroğlunun ariyasını ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış...
Gülağanın səsinə vurulan dahi sənətkar, həyətə keçir və balaca istedadla tanış olur. Onu Opera Teatrında keçiriləcək müsabiqəyə dəvət edir. Azyaşlı Gülağa Üzeyir Bəy, Bülbül, Səid Rüstəmov kimi görkəmli sənətkarların münsif olduğu müsabiqədə iştirak edir və səsi bəyənilir; beləliklə o, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti ongünlüyünün iştirakçısı olur. Onun Böyük Teatrın səhnəsində Maestro NİYAZİnin müşayiəti ilə ifa etdiyi Koroğlunun "Səni gördüm, aşiq oldum” ariyası böyük alqışlarla qarşılanır.
Üzeyir Bəy onun ailəsi, yaşam tərzi haqqında bütün bilgiləri öyrənibmiş; Moskvadan gümüş medal və "Fəxri fərman”la qayıdınca, Gülağanı anasıyla birgə yanına çağırırır və tapşırır ki, xoşlarına gələn bir uyğun ünvan göstərsinlər. Mirzəağa Əliyev küçəsində yerləşən ikiotaqlı həyət evi onların xoşuna gəlir. Üzeyir bəyin dəstəyi ilə Gülağa Məmmədovun ailəsinə ikiotaqlı mənzil və aya 250 manat təqaüd ayrılır.
Gülağa 15 yaşında Səid Rüstəmovun ansamblına qəbul edilir. Sonra Konservatoriyada təhsil alır. O, 20 yaşından Musiqili Komediya Teatrında çalışmağa başlayır. "Arşın mal alan”, "Beşmanatlıq gəlin” və digər tamaşalarda baş rolları oynayır; lakin bir neçə ildən sonra teatrdan ayrılır.
Gülağa konservatoriyada oxuduğu illərdə vokal dərsini BÜLBÜLdən almış, muğamın sirlərini isə Sarabskidən öyrənmişdi. Oxuduğu mahnıların çoxu isə Səid Rüstəmova məxsus idi; çünki, Səid Rüstəmov mahnılarının çoxunu özəl olaraq Gülağa üçün yazırdı. Tofiq Quliyev, Cahangir Cahangirov kimi böyük sənətkarların əsərlərini də ilk səsləndirən Gülağa Məmmədov olub.
Gülağa 15 yaşına çatanda 1941-45-ci illər müharibəsi başlayır. O, Şövkət Ələkbərova ilə birgə döyüşçülər qarşısında konsert proqramlarıyla çıxış edir; elə vaxt olur ki başlarına od-alov yağa-yağa oxuyurlar...
Gülağa Məmmədov şirin, lakonik səsi ilə 600-dən artıq xalq və bəstəkar mahnısı oxuyub. 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib. Respublikada fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansambllarıyla, simfonik orkestrləriylə birgə çıxışlar edib.
Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (hazırda Səid Rüstəmov adına) Xalq çalğı alətləri ansamblının solisti olub.
"Ana Kür”, "Oxu, gözəl”, "Bizim Bakı gecələri”, "Ağ çiçək”, "Aman, təklik əlindən”, "Ay qız”, "Şeir deyilmi”, "Mənim qızım” kimi dillər zəbəri mahnıları özünəxas tərzdə ifa edən Gülağa Məmmədovun "Filmoqrafiya”sı da zəngindir:
"Səadət yolu ilə” (1956); "Sən niyə susursan?” (1966); "Dəli Kür” (1969); "Payız melodiyaları” (1974); "Azərbaycan elləri” (1976); "Evlənmək istəyirəm” (1983); "Gülağa Məmmədov” (2002); "Qəmbər Hüseynli” (2007) və b…
Sənətkarın yeganə övladı Gülarə, 1956-cı ildə - ailə həyatı qurduqdan on il sonra doğulub.
Gülarə xanım atasıyla bağlı xatirələrini danışarkən belə deyib: "…Atamı xatırlayanda tez-tez uşaqlıq illərim yadıma düşür. Məni özü ilə iş yerinə aparırdı. Artıq orada məni yaxşı tanıyır, hər gəlişimi sevinclə qarşılayırdılar. Orkestrdə bir kamançaçalan vardı. Mən qapıda görünən kimi kamançada adımı səsləndirərdi. Bu elə xoşuma gəlirdi ki… Atam iş yerində məni dahi sənətkarlarla tanış edərdi. Onların çoxunu evimizdə də dönə-dönə görmüşəm. Bizə atamın sənət yoldaşları – müğənnilər, musiqiçilər, bəstəkarlar tez-tez gələrdi. Evimiz çox qonaq-qaralı olardı. Anam evdar qadın idi; iki gündən bir atamın başına bu qədər adamın toplaşmasından narazılıq eləməzdi. – Əslində, biz buna alışmışdıq. Elə bilirdik, belə də olmalıdır.
…Müğənnilik sənəti atama yeni dostlar qazandırdı. Şövkət Ələkbərovayla çox yaxın idilər. Onlar səhnəyə bir gündə gəliblər.
Atam həddindən artıq uşaqcanlı idi. Balaca olanda məni necə sevib-əzizləyərdisə, sonralar nəvələrinə də elə diqqət göstərərdi. Onun həyatda iki amalı vardı: ailəsini, doğmalarını xoşbəxt görmək, bir də Tanrının qismət etdiyi səsinin qədrini bilmək..! Tez-tez qastrol səfərlərinə gedərdi. Evimizə qayıdanda elə bil dünyanın naz-nemətlərini ona verərdilər. Sevinərdi, fərəhlənərdi. Səhər tezdən evdən çıxardı, çəkilişlərdə, səsyazma studiyasında, məşq zalında çalışardı. Gecəyarı gəlsə də, gileylənməzdi. Çünki sənətindən həzz alardı. Əziyyəti də hədər getməmişdi. Xeyli mükafatlar almışdı. Öncə Əməkdar, az keçmiş Xalq artisti fəxri adlarına layiq görülmüşdü”…
Bu isə sənətkarın həyat yoldaşı Aliyə xanım xatirələrindəndir:
"…Xəstəliyinə (ömrünün son illəri şəkərə tutulmuşdu. - Q.P.) baxmayaraq, son günə qədər yeni mahnılar üzərində çalışırdı. Rəhmətə gedən günə qədər orkestrlə mahnı yazdırmağa gedirdi.
Bir gün isə - iyunun 7-də (1994-cü il) səhər yeməyini yedikdən sonra halı pisləşdi. Ancaq təkidimə baxmayaraq, işə getdi. Çünki orkestrin 60 nəfərlik kollektivi onu gözləyirdi, yeni mahnıların məşqini etməliydilər. Həyətə təzə düşmüşdü ki, evə zəng gəldi...” – O anı qızı Gülarə xanım belə nəql edir: "Atamı çətinliklə pilləkənlərdən qaldıraraq, evə aparıblar. "Təcili yardım” gəlib, ona infarkt diaqnozu qoyulub. Həkimlər anamla oğlum Ramizi palatadan çıxarıblar. Deyiblər ki, siz bizə mane olursunuz. Palatada çoxlu həkim, tibb bacısı olduğundan anam görüb ki, doğrudan da onlara maneçilik törədə bilərlər. Ramizlə birgə qapıdan çıxmaq istəyəndə atam onu səsləyib: "Aliyə, getmə, sən yanımda qal”! Amma həkimlər etiraz edib; anam otaqdan çıxa-çıxa onu arxayın edib: "Heç yerə getmirəm, buradayam – qapının ağzında gözləyirəm”. Xeyli vaxt keçəndən sonra anam içəridən çıxan tibb bacısından atamın vəziyyətini soruşub. Tibb bacısı da qəfildən – anamı bu acı xəbərə hazırlamadan – "o vəfat etdi", - deyib”...
Gülağa Məmmədovun bir özəlliyi də, haqsızlığa, ədalətsizliyə dözümsüzlüyü idi. O, düzgünlüyü, düzgün yaşamağı sevib. Hansısa işi irəli getsin deyə, kiməsə minnətçi düşmək istəməyib.
1942-ci ildən radionun Bədii Şurasının üzvü olub. Şit, bayağı mahnı olanda öz fikrini qəti şəkildə bildirərmiş: "Efirə buraxmaq olmaz”! Şuranın digər üzvləri də "baş üstə” deyib, onun fikrilə razılaşırmış; lakin bir az keçəndən sonra həmin bəyənilməyən mahnının radio dalğalarından yayıldığını eşidirmiş... – Məz bu cür hallar tez-tez təkrarlandığından o, bu vəzifədən imtina edir.
Əlbəttə, bir sənətkarın əsas vəzifəsi öz sənət kredosuna sadiqliyidir; bir sənətkarın əsas mükafatı dinləyici, tamaşaçı sevgisi, adını nəqş etdiyi ürəklərdir – bu iki planda, Gülağa Məmmədov istəyinə çatıb, könüllər qazanıb. O. Tanrının bəxş etdiyi səsin, istedadın fərqində olsa da, arxayın olmayıb, fədakarcasına çalışıb, özünü daha da təkmilləşdirib, sənət yollarında prinsipiallıqla irəliləyib, könüllər qazanıb…
Vəfatından sonra, 2002-ci ildə "AzərbaycanTeleFilm” şirkəti Gülağa Məmmədov haqqında qısametrajlı sənədli televiziya filmi çəkib. Bakıda çəkilən filmdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin videoarxiv materiallarından, habelə "Dəli Kür” filmindəki kadrlardan istifadə edilib. Filmin ssenari müəllifi Kamil Şahverdi, rejissoru Elçin Musaoğlu, operatoru Elxan Nəbiyevdir. Filmdə bəstəkar Vaqif Mustafazadənin musiqisindən istifadə olunub. Filmdə Gülağa Məmmədovun həyat yoldaşı Aliyə Məmmədova, qızı Gülarə, nəvəsi Ramiz də iştirak edib.
Mərhum Xalq artistinin adının bu günədək əbədiləşdirilməməsi, hətta yaşadığı binaya xatirə lövhəsi vurulmaması yaxşı hal deyil və inanıram ki Mədəniyyət Nazirliyi və Bakı şəhər İcra hakimiyyəti nəhayət, bu məsələnin həlli üçün gərəkən addımları atacaqdır.
RUHU ŞAD OLSUN!
Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Qənirə Paşayeva
qadinkimi.com