HƏR ŞEY / HEÇ NƏ
Hər şərdə bir xeyir var… Tarix : 16 Noyabr 2022, 16:24

"Evdən tez çıxsaydım marşruta vaxtında çatar, yolu piyada getmək məcburiyyətində qalmazdım", "Benzinin qurtardığını vaxtında görsəm yolda qalmazdım, başıma müxtəlif işlər gəlməzdi", "Xəstələnməsəydim planladığım kimi xaricə səfərə gedərdim", "Diqqətli olsaydım çay üstümə dağılmayacaqdı və mən işə gecikməyəcəkdim" kimi bir çox cümlələr qururuq hər gün…


Bəs heç düşünmüşükmü ki, marşrut əvəzinə piyada getdiyimiz yolda, benzini bitib yolda qalan maşında həyatımızı kökündən dəyişəcək şeylər baş verə bilər? 

"Bəlkə planladığımız xaricdə başımıza gələcək hansısa qəzadansa evdə uzanıb dinlənmək daha yaxşıdır bizim üçün?


Ya bəlkə çay dağılmış paltarımızı dəyişmək üçün yubandığımızda həyatımızı dəyişdirəcək ya daha maraqlı edəcək bir insanla qarşılasa bilərik? Nə bilmək olar? 


Baxış bucağını azca kənara çevirin ki, bütün məna dəyişsin.

Niyə təsadüflərin, özümüzdən heç cür asılı ola bilməyəcək vəziyyətlərin belə nəzarəti bizdə olsun istəyirik?


Niyə buna görə "elə etsəydik, belə olardı" kimi fikirlərlə özümüzü yoruruq?

Yəqin bizim iradəmizə tabe olmayan qanunauyğunluğun mövcudluğundan qorxuruq. 

Çünki naməlum olan bizi həmişə qorxudur, içimizdəki sakitliyi pozur. 


Halbuki vəziyyəti olduğu kimi qəbul etsək, "nə olursa olsun, bizim xeyrimizə olacaq" deyib kainata güvənsək, baxış bucagımızı dəyişmək üçün minlərlə səbəb taparıq.

Eqomuza deyil, kainata qulaq asaq. Hadisələrin sonsuz axarının heç da həmişə bizim 
nəzarətimizdə olmadığını dərk edək, bu axarın necə dəyişir-dəyişsin, sonda bizim üçün ən yaxşısına gəlib çıxdığına səssizcə güvənək. Necə deyirdi böyük türk sufisi Mövlana; İstədiyin bir şey olduğunda bir xeyir, olmadığında min xeyir axtar…



qadinkimi.com