YAZI / DÜŞÜNCƏ
Heç kəsin tərbiyə edə bilmədiyi qızı söylədikləri:"Və mən çox azadam" Tarix : 26 İyun 2020, 02:39
İnsan sosial varlıqdır. Mühitimiz və ətrafımızda olan insanlar isə bizə məxsus olan reallıq. Bir də ki, düşünmək yazmaqdan daha asandır.

Hər gün səhər 7-də yuxudan duran kimi ayılmaq üçün bir zəhər yandırırsan. Və hər şey təkrarlanmağa başlayır. Bir fincan qəhvə, işin məsuliyyəti, məişət problemləri və borclar... 

Hər gün səhər işə gedəndə, isti havadan məst olub "kaş, indi işə yox, dənizə gedərdim” deyə fikirləşirsən. Amma yox, sənin elə bir seçimin yoxdur. Sən axı proqramlaşdırılmış robotsan, ayın axırı qumun üstündə yatmamaq üçün işləməlisən. Belə baxanda, orta statistik azərbaycanlı üçün işin də yaxşıdır. 600 manat maaş alırsan, arada əlavə gəlirlərin olur. Amma o 600 manatı almaq üçün də zövqünü satmalısan, xoşuna gələn işi, insanları yox, sənə lazımsız və faydasız görünən işi və insanları tanımalısan. 

Xəyalpərəstlik qarın doyurmur, amma səni azad edir. Sən günəş şüasının dərinin altından keçib hüceyrələrinə daxil olmasını yalnız özünlə tək qalmağa başlayanda, dünya-aləm vecinə olmayanda anlaya bilərsən.
 
*

Səhər yatmağa başladığım vaxtdan başa düşdüm ki, məişət problemlərini yaradan yeganə şey kapitalizmdir. Pul çox şeyi asanlıqla həll edir. Şüursuz yaşamaq üçün çoxlu problemlərinin olması sənə bəs edir. Hər gün eyni şikayətlə yuxudan oyanmaq vərdişə çevrilir.

Duşdan püskürən su başından aşağı axır: islandın və əlin sən əmr etməsə belə, şampunu götürüb saçlarını köpükləndirəcək. Bütün proses sən fərqinə varmadan baş verir. Bu hərəkətlər gün boyu, həftə içi, ay uzunu davam edirmiş, sən demə.

Borclar 1.64 sm-lik boyumu aşıb. 3 otaqlı evdə 4 nəfər qalırıq. Hər kəs özünə yer tapıb, amma mən hələ də "harda yatsam daha yaxşı olar” deyə, vəziyyətdən asılı olaraq, ya yataq otağında yatıram, ya qonaq otağında, ya da aramızda söz-söhbət olan Türkanla eyni yataqda. Sağ olsun, onunla yatanda mənə pis üz göstərmir. Bütün bunlar gündüz həyatımın rutinləridir.

İlk dəfədir ki, özümü daxilən bu qədər azad hiss edirəm. 27 yaş çox deyil, amma az da sayılmır. Cəmiyyətin gözündə heç bir uğur qazanmayan gəncəm. Özümü uğur qazanmağa məcbur hiss etdirirlər. Məndə isə heç nə alınmır. Bütün günü yeni məlumat qəbul etmək istəyirəm, işə marağım isə demək olar, heç yoxdur. Rəqsanənin qızı Aysundan müsahibə alsam, işim yoluna düşəcək elə bil. Müsahibə almalı olduğum insanlar sırasında Ceyhun Osmanlı da var. "Wikipedia"da haqında məlumat oxuyuram ki, ona sual hazırlayım. Müəllim İrəli Gənclər Təşkilatını yaradıb, xaricdə təhsil alıb. Sanki mənim ondan zəhləm getməsi üçün nə lazımdırsa, edib. Universitetdə oxuduğum vaxtdan bütün təşkilatlara qarşı içimdə özümün də səbəbini bilmədiyim xoşagəlməz hiss var. Məcburiyyət hissini sevmirəm. Bəlkə, ona görədir. Biləndə ki, ayın axırı maaş almaq üçün polislərimizin necə mədəni olduğu haqda yazı yazmalıyam, kefim pozulur. Əgər, mən də işbilməz və bacarıqsız biriyəmsə, neyləmək olar? Öz həyatımla bağlı heç vaxt plan qura bilmirəm. 5 il sonra özümü heç cür görə bilmirəm. Təsəvvür edin, 5 il sonra özünü görən insanlarla eyni cəmiyyətdə yaşayır və işləyirsən! Onlar görür, amma sən korsan.  

Bəlkə, Firudin Allahverdidən müsahibə alım? Redaktorumu inandırıram ki, bu müsahibə daha yaxşı olacaq. Daha pis olur. Mənə maraqlı olan insan və hadisələr bizim saytımızın İP-si üçün heç maraqlı deyil. İşdən evə getmək əvəzinə, şəhərdə bir qədəh şəraba yox deyə bilmərəm. Özümlə oturub içmək xoşuma gəlir. Yenə özümə söz verirəm ki, sabah daha məsuliyyətli olacam və İP-si yaxşı olan xəbərlər hazırlayacam. Bu sözvermə ritualı hər gün təkrarlanan özünü sakitləşdirmə meditasiyasıdır. Lakin bu meditasiyanın mənə heç bir təsiri olmur. Bütün günü musiqi dinləmək istəyi işdən sonra avara-avara gəzmək istəyi ilə bütünləşir və  əlimi işdən soyudur. Bu bilirsiniz necə gözəl hissdir! Hamı danışır, tələsir, sevir, qaçır, danışır, sənsə bütün hərəkətlərin mərkəzində hərəkətsizsən.
 
Daxili azadlıq insani münasibətlərin bitdiyi yerdə başlayır. Mən kimi həqiqətən çox istədiyimə qərar verə bilmirəm. Çünki çox istəmək üçün  gərək məsuliyyətli olasan. İstəklərinə kiməsə görə, istiqamət verməlisən. Anam deyir ki, arada gəl İsmayıllıya, get, atanın qəbrini ziyarət elə. Bu o deməkdir ki, sən ölü atanı çox istədiyini bizə isbatla. Axı o məzar daşları məndə heç bir hiss yaratmır. Sonra anam deyir ki, sən çox soyuq uşaq oldun. Heç bir qohumunu yada salmırsan. Heç kimi çox istəmirsən, heç məni də. Görəsən anamı niyə çox istəyirəm? Ana məni dünyaya gətirən insandır. Artıq ilk qanun cəmiyyət tərəfindən qəbul olundu: Ana müqəddəsdir. Çünki səni doğub. Mən analıq hisslərinin necə olduğunu təsəvvür edə bilmirəm. Anama da onun yaxşı xüsusiyyətlərinə görə hörmət edirəm. Onun buna ehtiyacı var. Bu ehtiyacı da cəmiyyət üstümüzə yükləyib. Alber Kamünün "Yad” əsərini oxuyanda çox sevinmişdim. Tək qalanda özümlə baş verən bütün hadisələrin mənə necə yad olduğunu o qədər çılpaqlığı ilə anlayırdım ki, məni gülmək tuturdu. 
Bu arada, yeni iş yerimdə hamı mənə "gülən qız” deyə müraciət edəcək. İçimizə nə töküblərsə, onunla dolmuşuq. 

Şüurlu nifrət şüursuz sevgidən dəfələrlə yaxşıdır. İçində kin, paxıllıq, daha yaxşı olmaq istəyi... bu, daha şüurlu sənsən.  Şüursuz sevgi isə elə hamamda çimməyə bənzəyir. Su qəfildən soyuyanda başa düşürsən ki, bədənində hələ də sabun köpükləri var və sən demə, çimirsən. Hə, bir də ayılırsan ki, aylardır və hətta illərdir kiməsə sübut etməyə çalışırsan ki, onu sevirsən. Ana, bax, mən hər gün sənə mesaj yazıram. Mən səni sevirəm. Bir baxın, anam mənim şəkillərimi sosial şəbəkədə paylaşır, biz sevib-sevilirik. Bu gün onun xoşuna gələn paltarı geyinim, qoy onu necə sevdiyimi anlasın. Bu gün ona görə, avara-avara gəzməyim. Ya da o sevdiyi musiqiləri, yeməyi, kitabı, onun maraq dairəsinə aid olan hər şeyi edim. O, həqiqəti axtarırsa, mən Budda olaram. O, futbolu sevir, mən playstation oynamağı öyrənərəm... 

Birdən su soyuyur. Qışqırırsan. Çünki özündə deyilsən. 

İşdən sonra Mərkəzi Parkda gəzmək mənimçün zövqə çevrilib. Heç yerə tələsmirsən. Sərin meh, yaşıl ot. Uşaq vaxtı da tək qalmaq xoşuma gələrdi. İndi keçmiş ailə modelimizə baxanda sevinirəm. Çünki bizim ailə modelimiz uğursuz idi və heç kim məni tərbiyə etmirdi. Öz başıma, öz istəklərimə tabe olub tərbiyə almışam. Gözümü yumuram və heç kim üçün darıxmıram, sevmirəm, zəhləm getmir, heç kimə bənzəmək istəmirəm. Elə bil, kimsə beynimi ovclarının arasında möhkəm sıxıb və bütün xatirələrim su kimi süzülüb, yerdəqalan nəmlik isə şüursuz etdiyim gündəlik adətlərdir. 

Başa düşürəm ki, işdən çıxmaq istəyirəm. Redaktorumuz da yaxşı adamdır, elə iş yoldaşlarım da. Amma mən avarayam. Qoyasan, bütün günü veyil-veyil gəzib, nəsə düşünəm. İş barədə yox, özüm barədə. Bu isə məndən başqa heç kimə lazım deyil.  

- Salam, əziz iş yoldaşlarım. Mənim nənəm və xalam dünyasını dəyişib. Bəli-bəli, iksi də ölüb. Eyni gündə. Hə, mən çox kədərliyəm. Artıq anamla yaşamaq istəyirəm. İşləyə bilmərəm bu faciədən sonra...

Bu yalan da mənə yaddır. Elə bütün yadlar kimi. Doğma bildiyimiz bütün yadlar kimi.
 
Mən gülürəm. Mən yenə avarayam. Və mən çox azadam.
 
 
Lalə Niftaliyeva
 
P. S. Yazı qaynarinfo-ya istinadən verilib
 
qadinkimi.com