HƏR ŞEY / HEÇ NƏ
Günəşin istiliyi yüksələcək, insanlar başqa planetə köçəcək - Alimlərdən proqnoz Tarix : 24 Noyabr 2022, 10:35
Yazar : Qadinkimi.com

Günəş bir gün öləcək. Alimlər bunun nə zaman baş verəcəyini aydınlaşdırıblar. Məlum olub ki, həmin vaxta kimi insanlar artıq Yer kürəsində olmayacaqlar. Fransız astronomlar Gaia adlı kosmik teleskop vasitəsilə əldə edilmiş məlumatlar sayəsində Günəşin həyat dövrünün ölüm müddətinə kimi olan xronologiyasını tərtib ediblər. Maraqlısı ondadır ki, Günəşin həyat dövrünün bitməsindən çox zaman öncə insanlar artıq Yer kürəsində olmayacaqlar və bunun üçün çox vacib bir səbəb var.

 

Fransız alimlər Süd yolu qalaktikasının ulduzlarının müşahidəsi və xəritəsinin tərtib edilməsi ilə məşğul olan Gaia teleskopunun məlumatlarını analiz ediblər. Tədqiqatın əsas məqsədi Günəşin nə zaman öləcəyini təyin etmək olub. Bunu öyrənmək üçün alimlər Günəşə bənzər ulduzların axtarışına çıxıblar. Belə ki, həmin ulduzlar vasitəsilə onlar bizim ulduzun həyat dövrünü izləyə və bunun nəticəsində onun həyat dövrünün detallı xronologiyasını öyrənə bilərdilər.


Günəş sarı cırtdan sinfinə daxil olan ulduz növüdür və onun yaşı təqribi olaraq 4.57 milyard il təşkil edir. Sözügedən sinifə daxil olan ulduzlar 0.87-1.15 Günəş kütləsinə və 4.7 min-5.7 min dərəcə Selsi temperatura sahib olurlar. Bizim Günəşin səthində olan temperatur göstəricisi 5.5 min dərəcə Selsi təşkil edir.

 

Beləliklə, alimlər Günəşə bənzəyən ulduzların axtarışında olan zaman müxtəlif yaşa sahib və Günəşə bənzəyən 5863 ulduz təyin ediblər. Daha sonra onlar həmin ulduzların arasından Günəşin özəlliklərinə çox yaxın olan özəlliklərə sahib olan ulduzları seçiblər. Alimlərin sözlərinə əsasən, digər ulduzların həyat dövrlərinin müşahidəsi əsasında Günəşin gələcək tarixi aşağıdakı kimi olmalıdır:

- Bir neçə milyard il ərzində Günəşin temperaturu artmağa davam edəcək. Bununla belə onun temperaturu və parlaqlığı hər milyard il ərzində təqribi olaraq 10% artacaq. Təqribi olaraq 8 milyard il sonra Günəş ən pik temperatura və parlaqlığa sahib olacaq.


- Günəşin əsas tərkibini təşkil edən hidrogen tükəndikdən sonra onun nüvəsi sıxılmağa başlayacaq. Bununla belə, Günəşin xarici atmosferi çox genişlənəcək və bu genişlənmə hətta Mars planetinin orbitinə kimi çata bilər. Günəş təqribi olaraq 10-11 milyard il yaşa sahib olan zaman qırmızı nəhəngə çevriləcək. 


- Daha sonra Günəşdəki bütün hidrogen ilə helium tükənəcək, nüvənin ətrafındakı bütün maddə kosmosa ifraz ediləcək və həmin maddədən planetar dumanlıq yaranacaq. Günəşin nüvəsi isə elə bir səviyyəyə kimi sıxılacaq ki, bizim ulduzumuz öz həyat dövrünün sonunda ağ cırtdana çevriləcək. Ağ cırtdanın soyuması üçün əlavə olaraq bir neçə milyard il vaxt lazım olacaq.



Lakin ən maraqlısı ondadır ki, alimlərin fikirlərinə əsasən, insanlar Yer kürəsində əlavə olaraq yalnız 1 milyard il ərzində yaşaya biləcəklər. Bunun səbəbi ondadır ki, yuxarıda qeyd edildiyi kimi, Günəşin parlaqlığı 10% yüksələndən sonra Yer kürəsi artıq həyat üçün münbit şəraitə sahib olmayacaq. Alimlər ümid edirlər ki, bu milyard il ərzində insanlar bir-birilərini məhv etməsələr, gələcək texnologiyalar vasitəsilə qalaktikamızın digər planetlərinə köçə biləcəklər.



Emil Noisy

qadinkimi.com