GENDER
Gender haqqında arayış Tarix : 08 İyul 2018, 16:09
Yazar : Qadinkimi.com
Gender latın dilindən alınan "genus” sözündən yaranıb. Mənası  cins – soy kimi anlaşılsa da sonradan genderçilər və feministlər "gender” və " cins” anlayışlarını bir-birindən ayırmaq fikrini dəstəklədilər.  Bu gün "gender” daha çox sosial  konstruksiya kimi başa düşülür.  Gender anlayışı feminizmin güclənməsi  və "gender araşdırmaları”  üzərindən yayılmağa başlayıb. Feministlər  cinsi bərabərsizliyi bioloji yox, sosial hadisə hesab edirlər. Onlar qadın - kişi ayrıseçkiliyinin doğuşdan dərhal sonra yarandığını deyirlər. Uşaq doğulur və artıq ona alınan geyimlərlə,  onunla davranışla cinsi ayırım başlayır.  

Gender araşdırmaları uzun illər qadın - kişi bərabərliyi üzərində olsa da, zamanla  cinsi azlıqların da yaşadıqları sosial problemlər  "gender bərabərliyi” adı altında qabardıldı.  

Mühafizəkarlar əvvəlcə belə iddialara qarşı çıxır, fərqli cinsi orientasiyası olanlara legitimlik verilməsini dəstəkləmirdilər. Onlar  homoseksuallığın, transgenderliyin təbliğ edilib yayıldığını deyirdilər. Sonradan böyük elmi laborotoriyalarda aparılan araşdırmalardan məlum oldu ki, orientasiya seçim deyil. Psixoloji və hormonal strukturdu.  Söhbət  "gen”etikadan gedirsə insan onu dəyişmək gücündə deyil. Heç kim bu cür çətin həyatı könüllü seçmir. Bu səbəbdən bir çox qərb ölkələrində "üçüncü gen" legitimlik aldı. Onların da bütün insani hüquq və haqları tanındı.  Bu gün də mental basqısı güclü olan cəmiyyətlərdə transgender olmaq hər şeydən məhrum olmaqdı. Təhqirdi, işsizlikdi.  Ayıb damğasıdı. Ələ salmalar,  aşağılayıcı sözlər, ikrah dolu baxışlar onları hər yerdə təqib edir. Bu cür çətin həyatı kimsə könüllü seçmir. Homoseksuallar və transgenderlər   çox vaxt  "üzdə” hetero (əks cinsə marağı olan) insanlarla bərabər olur. Heç bir heteronu  transgender etmək olmaz. Əgər  zorlanma faktı, hormonal  fərqlilik yoxdusa. Cinsi orientasiyasına görə insanı cəmiyyətdən kənarlaşdırmaq yanlışdı fikrini bu gün bütün sivil dünya dəstəkləyir. İnsan haqları üzrə mütəxəssislər hər kəsin bərabər hüquqlu olduğunu və qanun qarşısında bərabər öhdəlik daşıdığını deyirlər.  Bu kimi mövzularda bağıra-bağıra tənqidlər etməyin yox, cəmiyyətin ümumi düzəni üçün çıxış yolları axtarmağın vacibliyi vurğulanır.  Sivil ölkələrdə homo, trans, bi seksuallara  azadlıq ona görə verilib ki, bu məsələ böyük elmi laborotoriyalarda  ciddi araşdırılıb. Səbəblərlə bağlı  dəqiq bir nəticəyə gəlinməsə də insanın öz həyatını istədiyi kimi yaşamaq haqqı tanınıb.  İnkişaf etmiş  ölkələrdə homoseksual  alimə də, sənət adamına da rast gəlmək təbii haldı.  Qapalı və mental basqısı güclü olan cəmiyyətlər isə fərqli cinsəlliyi olanlara  fahişəlikdən başqa seçim vermir. Onlar təcriddə yaşadıqları üçün əziyyət çəkirlər. Bu gün "gender bərabərliyi" bütün dünyada ən aktual mövzulardan biridi.  Saytımızda  gender haqqında ətraflı məlumatlar oxuya biləcəksiz.