BURA / ORA, KİŞİ KİMİ
"ƏZİLƏN QADIN CİNAYƏTKARA ÇEVRİLƏ BİLƏR" - ASLIXANLA MÜSAHİBƏ Tarix : 26 Noyabr 2019, 18:30
Yazar : Qadinkimi.com
BİR QADININ HEKAYƏSİ MƏNƏ ÇOX TƏSİR ETMİŞDİ...

Aslıxan, dekabrın 22-si Naxçıvanda konsertiniz olacaq. Uğurlu olsun. Ümumiyyətlə necə gedir, yaradıcılıq nə yerdədi? 

- Sizi salamlayıram, verdiyiniz diqqətə və ayırdığınız zamana görə təşəkkür edirəm. Yaradıcılıq hələ ki, tam mənim düşündüyüm yerdə deyil. Bunu bir minnət, ya da təvazökarlıqdan uzaq olmaq üçün demirəm. Musiqilərimiz milyonlarla baxış yığsa da vəziyyət tam olaraq istədiyim nöqtədə deyil. Amma ümumilikdə hər şey qaydasındadı. Noyabrda bir neçə konsertimiz oldu. Dekabrda olacaq. Yaradıcılıq davam edir. Bu ilin sonuna qədər 3 klip nəzərdə tutmuşuq. Artıq bir albom bitir, yenisinə başlayırıq. Yeni albomun da bir hissəsi artıq hazırdı.
 


 
İstədiyiniz diqqəti və dəyəri ala bilirsinizmi - gördüyünüz işlərin qarşılığında?

- Sırf bizi sevən və dinləyib dəyər verən insanlardan istədiyim diqqəti ala bilirəm. Amma ümumilikdə hələ də bizim ölkədə rep musiqisi cəmiyyətə tam adaptasiya ola bilməyib. Rep hələ ki, bir musiqi növü kimi bu coğrafiyada özünə yer etməyib. Amma əvvəlki illərə baxanda yaxşılaşıb.

Bu gün sənətinizlə bağlı hansı mənfi məqamlarla qarşı-qarşıyasız?

- Belə deyim, mənim fikrimcə, ən yaxşı musiqi mətnləri və bəstələri rep ifaçılarına məxsusdu. Fantastik və yaradıcı kliplər də rep musiqi ifaçıları tərəfindən ortaya qoyulur. Amma istər dinləyici diqqəti, istərsə sponsor dəstəyi olsun, lazım olanı hələ də ala bilmirik. Maliyyələşmə yetəri qədər olarsa, daha gözəl işlər görmək mümkündü.

Replərinizdə vermək istədiyiniz mesajlar nə dərəcədə ünvanına çatır? Razısınızmı auditoriyanın reaksiyasından?

- Doğrudu, musiqimdə əsas məqsəd məhz auditoriyaya sosial mesaj verməkdi. Hətta lirika və sevgi musiqisində də mesajlar var. Bacardığımız qədər maarifləndirməyə çalışırıq. Bilmirəm, bəzilərinin satirası güclüdü, ya da bəzi məqamları üstüörtülü qeyd edirik. Buna görə bəzən çox anlaşılmır. Amma ciddi reaksiyalar da alıram. Məsələn, "Sevgidən yazmayblar”adlı ifamda "Parfümer" mövzusuna toxunmuşdum. Bundan sonra bir çox insan "Parfümer"in ya filmini tapıb izlədi, ya da kitabını oxudu. Bunu şərhlərdə qeyd etmişdilər. Reaksiya gördüyüm üçün çox sevinirdim ki, ən azından 5-10 nəfərin kitab oxumasına və film izləməsinə səbəb ola bilmişəm.

Bu gün dünyada repçilər ifaları ilə ciddi təsirə sahibdi. Siz də məsələn, "Küləklər şəhəri”, "Xuliqan”da ciddi mesajlar verirsiniz. Müsahibələrinizin birində rast gəldim. Deyirsiniz ki, repçinin tək dərdi və musiqisinə yansıtdığı tək mövzu sevgi acısı olmamalıdı. O qədər ciddi problemlər var. Adicə metroda olan tıxac, məsələn. Bilirsiniz ki, bu gün dünyanın hər yerində, eləcə də Azərbaycanda tez-tez qadın cinayətləri törədilir, qadınlar şiddətə, təcavüzə məruz qalır. Bütün dünyada qadına şiddətlə mübarizə günü qeyd edilir. Bu mövzulara toxunmusuzmu replərinizdə?

- Bu problemlər dünyanın hər yerində, eləcə də Azərbaycanda var. Mən də replərimdə çalışıram sosial mesajlar verim. Bu mövzuların arasında qadına qarşı zorakılıq ən böyük problemlərdən biridi. Çünki qadın həyatımızın tam yarısıdı. Bizi dünyaya gətirən analardı, həyat yoldaşlarımızdı, gələcəkdə doğulacaq övladlarımızdı. Bu mövzuya qarşı mən çox həssasam və bununla bağlı çox danışmaq olar. Mənə görə qadınla kişinin vəzifələri hardasa fərqli ola bilər, amma bütün hüquqları eynidi. Öz treklərimdə və müğənnilər üçün bəstələdiyim musiqilərdə də bu mövzuya toxunmuşam. Məsələn, Hiss üçün "İstəmirəm” adlı bir mahnı yazmışam, orda deyilir - "Bu qız sənin kölən deyil, qara qulun deyil”. Bununla demək istəmişəm ki, bir qadın bir kişinin qulu və ya köləsi deyil, onunla həyatı paylaşan insandı. Bu mahnını yazandan əvvəl qadın cinayətləri ilə bağlı məlumatları izləmişdim. Bir qadının hekayəsi mənə çox təsir etmişdi. İndi həbsxanadadı və yoldaşından çox şiddət görüb. Sonda bu əzablara dözməyb və elə ərinin silahı ilə də onu öldürüb. "İstəmirəm”in ikinci hissəsində də buna toxunmuşam. Daim əzilən və hüquqları tapdanan qadın sonda cinayətkara çevrilə bilər. Qadına göstərilən zülmün və zorakılığın bir gün cavabı olacağını düşünməlidi qarşı tərəf.

Bəs Azərbaycan cəmiyyətində qadının yeri haqqında nə düşünürsüz? Qadın-kişi bərabərdirmi?

- Mən burda onu deməliyəm ki, Azərbaycanda qadının cəmiyyətdə yeri çox qarışıqdı və bölgələrə görə dəyişir. Çünki elə yer var ki, orda qadın uca tutulur, elə yerlər də var qadına lazımi dəyər verilmir. Ya da elə qadınlar var ki, onlar özlərinə olunan hörmətsizliklərə boyun əyir və hətta qız övladlarının da eyni taleyi yaşamasına yol verir. Mən öz ailəmdə həmişə babamdan nənəmə qarşı insan münasibəti görmüşəm. Bütün məsələlər qarşılıqlı anlayış çərçivəsində həll olunub.

"Küləklər şəhəri”nin adını çəkdik az öncə. Səhv etmirəmsə, 2012-ci ildə səsləndirmisiz. O vaxtdan 7 il keçib, Bakı dəyişibmi? Ya sizin Bakı ilə bağlı düşüncələriniz dəyişibmi?
 


- (Gülür) Bəli, illər keçib, küləklər şəhəri Bakı zahirən hər an dəyişir, amma daxilən həmişə eynidi. Küləklər şəhərində mənim fikirlərim də dəyişə bilər, hətta mən də dəyişə bilərəm. Amma Bakı küçələrində mübarizə aparan uşaqlar hələ də var. Kimisi qalib gəlir, kimisi hələ də küçədə yatmağa davam edir. Təəssüf ki, onlar dəyişmir. Bakı bəzi məqamlarda dəyişsə də, bir çox məqamda hələ də eynidi. Küçələri yenə də çox qəddardı. "Xuliqan” ifamı da məhz küçə uşaqlarına həsr etmişəm. Küçə uşaqları ilə bağlı bir çox video izləmişdim, bunlardan təsirlənərək yazmışam. Təsəvvür elədim ki, Bakı küçələrində böyüyən bir uşaqla zəngin mühitdə böyüyən bir uşaq gələcəkdə qarşılaşsa, aralarında necə bir dialoq ola bilər. Bunu dilə gətirmişəm.

Azərbaycanda qadın repçilərin sayı nəyə görə bu qədər azdı və ya heç yoxdu?

Ümumiyyətlə, mən Azərbaycanda indiyə qədər qadın repçi görməmişəm. Bir tək Hiss üçün yazdığım "İstəmirəm” mahnısı rep tiplidi, amma rep də deyil. Yenə deyirəm, bir mahnı mütləq tamamilə sevgi mövzusunda olmaya bilər. Sosial mesaj da ötürmək mümkündü. Məsələn, Tarkan "Cuppa, cuppa” oxuyur, amma mətninə diqqətlə qulaq asdıqda dünyanın vəziyyətinə də toxunduğunu görmək olur.

Bizim ölkədə repçilər azaddırmı? İstədikləri mövzuda rep söyləyə bilirlərmi?

Ümumilikdə Azərbaycan cəmiyyətində heç kimin fikir azadlığı yoxdu, nəinki reperlər və mən. Azad fikirlərimizi də məcburən müəyyən çərçivələr daxilində ifadə edirik ki, həmişə fikirlərimizi çatdırmağa davam edə bilək. Amma təbii ki, Amerikada Bruklində bir reperin danışdığı kimi danışa bilmirik. Söz seçəndə dönə-dönə düşünürsən ki, bunu belə desəm, necə olar. Bu tərəddüdlər hər zaman bizimlədi.  
 
 

 
 
Söhbətləşdi: Xumar Hüseynova
qadinkimi.com