YAZI / DÜŞÜNCƏ
“Ən qısa hekayələr” silsiləsindən: deyimlər və duyumlar - Kamran Nəzirli Tarix : 21 Noyabr 2019, 16:28
Yazar : Qadinkimi.com
1. Nəhayət, mən anladım ki, müdrik söz təkcə ibrət götürmək üçün deyil, həm də ibrət ötürmək üçündür.

2. Həyat hamı üçün gözəl olmur.

3. Tanınmaq üçün varlı və ya kasıb olmağın bircə fərqi var: birinci halda bütün qapıları açmaq olur, ikinci halda isə bütün qapılar sənin üzünə bağlanır.

4. Eşşəyə qamçı vurmaqla ağıllı olmur ki!

5. Tərcüməçi dərziyə bənzəyir, hazır və gözəl materialdan paltar tikir. Əsas odur ki, paltar sifarişçinin əyninə olsun.

6. Paxıl adam sağalmaz xəstədir, əlacı yoxdur, ona görə də ora-bura qaçıb həkim axtarmayın, onsuz da öləcək.

7. Ən böyük pislik kimisə arxadan vurmaqdır – qılıncla, ya da sözlə, fərq eləməz!

8. Yalançı şöhrət ləzzətli yeməyin qoxusu kimi bir şeydir, dərhal uçub gedər.

9. Dil də, əl də daim işləyir, amma daha çox ikincinin işləməsi xeyir gətirər. 

10. Dağın başındakı qarla, yamacdakı qarın bir fərqi var – ikinci tez əriyib yox olur.

11. Yaddaş da insan kimi qocalır və ölür.

12. Ruh, zövq və istedad ayrı-ayrı şeylərdir. Bunları birləşdirib yaza bilən adam yazıçı ola bilər.

13. Tolstoy Anna Kareninanı öldürməsəydi bəlkə də rus cəmiyyətində intiharlar baş alıb getməzdi. Anna intihar etmədi, öldürüldü, onun əbədi yaşamasının sirri də məhz bundadır.

14. Siz evi ustadan yaxşı tikə bilməzsiniz.

15. Ağıllı qadın xarakterli qadın deyil, yaxşı xarakterli qadındır.

16. Əlbəttə, Yer öz oxu ətrafında fırlanır, sərxoşlar üçün isə Dünya fırlanır.

17. Hamı demək olar ki, eyni şeyi edir- doğulur, yaşayır və ölür. Amma hamı eyni cür doğulmur, yaşamır və ölmür.

18. Əlbəttə, nöqsansız adam yoxdur, amma sən daim belə düşün: nöqsanlı adam yoxdur!

19. Hamı deyir ki, əldə etdiklərinlə şükürlü ol və xoşbəxt yaşa, heç kim demir ki, əldə edəcəklərini düşün, ömrün uzun olsun!

20. Demokratiyanın bir mənası da "başsız atlı” deməkdir.

21. Sizi gülər üzlə qarşılayan və gülər üzlə yola salan qadın üçün heç nəyi əsirgəməyin.

22. Ölən adam haqqında pis danışsan inciməz, diri adam haqqında pis danışsan inciyər. Bu ədalətsiz yanaşmanı aradan qaldırmaq üçün ən yaxşısı budur ki, heç biri haqqında pis danışmayasan.

23. Üç cür adam olur: Allaha inanan, Şeytana inanan, heç kimə və heç nəyə inanmayan. 
 
24. Dünyada heç kim bir yuxunu iki dəfə görmür, çünki yuxu - həyatdır, həyat yuxu deyil.

25. İstedad müəyyən dərəcədə hamıda var- Şərə xidmət edən adamlarda daha çox olur.
 
 

 
Kamran Nəzirli

Qadinkimi.com