FEMİNİZM
BÖYÜK “FACİƏ” - ANA UŞAQLARI ATADA QOYUB Tarix : 13 May 2020, 18:16

Boşanmaların səbəbi...


Bu yaxınlarda sosial şəbəkədə yenə də qadınları qınayıcı kadrlar qarşıma çıxdı. Aparıcı xanım iki qız övladı ilə tək yaşayan bir atanın evindən reportaj  hazırlamışdı. İlk dəfə idi ki, bir aparıcının bütün reportaj boyu ağladığının şahidi olurdum. İki qızı ilə xanımı tərəfindən tərk edilmiş bir kişini az qala xalq qəhrəmanı kimi təqdim edirdi. Faciə baş verib. Xanım iki qızını atalarının ümidinə qoyub gedib. Uşaq evinə atmayıb, küçədə saxlamayıb, sadəcə, atalarının yanında qoyub gedib. 


Yəni uşaqların atanın yanında qalmağı belə bir dəhşətli haldı? 


Mən həmin situasiyanı müzakirə eləmək fikrində deyiləm - xanım günahkardı, yoxsa kişi. Tam əksinə- başqa məqamlara aydınlıq gətirmək istəyirəm. Əziz aparıcı, əgər bu faciədirsə, xanımlarımız bu faciəni davamlı yaşayırlar. Çətin ki, hansı bir aparıcı həyat yoldaşı tərəfindən tərk edilmiş bir xanım haqqında belə göz yaşları içində veriliş hazırlasın. Çünki qadın atıla da bilər, iki uşağı ilə evdən qovula da bilər, illərlə aliment almadan övladlarını böyüdə də bilər. 


Yox... deyəsən dəqiq olmadı. Bütün bunlar qadının borcudu. O, heç nəyə baxmayaraq hər əzaba dözərək bütün sadaladıqlarımı eləyə bilər yox – ELƏMƏLİDİ! 


Niyə? Çünki  anadır, qadındır, borcudur. Və heç kim buna görə qadına qəhrəman demir. 


Olsa- olsa onun haqqında deyiləcəklər aşağıdakı məzmunda olacaq:


Yaxşı qadın olsaydı - atılmazdı.

Yaxşı qadın olsaydı - evdən qovulmazdı.

Yaxşı qadın olsaydı - döyülməzdi.


Anlaşıldığı kimi qadın hər şeyə dözməlidi. Artıq o qədər adi hal alıb ki, respublikanın birinci kanalında xanım aparıcı çox rahat şəkildə "Qadın niyə özünü döydürür, niyə o həddə çatdırır ki, onu döysünlər?” deyir. 


Kişilərin hansı həddə qadını döydüyünü bilirsinizmi, xanım aparıcı? 


Bilmirsiniz, bilsəydiniz ümumiyyətlə bu mövzuda danışmazdınız. Bəli, bir stəkan çayın 10 saniyə gec hazır olduğuna görə, evə heç nə alıb gətirməyən kişinin yemək istəyəndə qarşısına heç nə qoya bilmədiyinə görə, uşaq ağlayıb atasını narahat etdiyinə görə, işdə problemi olduğuna görə qadını döyənlər var. Məncə kifayətdi. Sadalasam bitməz. Odur ki, əlinizə düşən bu fürsətdən  yaxşı istifadə eləyin. Əgər mövzu qıtlığınız varsa, sizə kömək eləyə bilərəm.


Ana qızları atanın yanında qoyub gedirsə, ən azından küçələrdə qalmayacaq o uşaqlar. Çünki ayrılan kimi, qadın evdən bayıra atılır. Nə qədər qadın tanıyırsınız, ayrılanda evlə təmin olunub? Xatırlamağa çalışmayın. Lap əvvəldən işi elə düzüb qoşurlar ki, qadın ayrılanda bir də baxır ki, sən demə həyat yoldaşının heç nəyi yox imiş. Bax bu səbəbdən evlər ata anaların adına alınır ki, ay aman, birdən boşanar qadına da ev düşər. Amanın bir günüdü belə səhvə yol vermək olmaz. Sonra da qadın bir-iki dəfə cəhd eləyir, ev üçün, aliment üçün bir-iki instansiyaya baş  vurur, "qanunla sizə heç nə düşmür, ailə quranda bir baxıb maraqlanardınız bu kişinin adına ev var ya yox” sözü eşidir. 


Hələ bunların hansı tonda, necə aşağılayıcı şəkildə deyildiyindən danışmıram. Aliment verməmək üçün nə yollara əl atır kişilərimiz, adam deməyə utanır. Mən təhsilsiz qadınlarımızın nə durumda olduqlarını demirəm. Savadlı qadınlarımız belə nə ev, nə aliment ala bilirlər. 


Bax buna görə də Azərbaycan adlı vətənimizdə boşanmaların sayı gün gündən artır. Qadın uşaqlarla neyləyəcəyini bilməyəndə, kişi artıq evlənir, yeni uşaqları dünyaya gəlir. Heç nə olmamış kimi. 


Çünki kişidir, ona olar, kişi ailəsiz, qadınsız qala bilməz. Tanınmış simaların içində belə birinci xanımından iki, üç uşağı olan adamlar var ki, müsahibə verəndə yeni xanımından olan uşağından başqa o biri uşaqları yada salmır. Yox kimi danışır. 


Məncə, qanunlarımız sərtləşdirilsə, kişilər bu qədər rahatlıqla ildə bir qadını bədbəxt eləməyə imkan tapmazlar. 


Normaldı, insanlar birlikdə yaşaya bilmirlərsə, ayrılmaq ən yaxşı yoldu. Uşaqlar da qalmaqal, dava-dalaş içərisində böyüməzlər. Amma, hər bir halda uşaqlar harda yaşayacaq, necə yaşayacaq sualı cavablandırılmalı və həllini tapmalıdır. 


Əgər valideyinlər bunun öhdəsindən gələ bilmirlərsə, bunun üçün dövlət var, qanun var. Amma Illərdir həllini tapmayan bu suallar üçün qanunlarda dəyişiklik, uşaqların gələcəyi üçün təminat olmalıdı. Heç olmasa dünya praktikasının gözəl nümunələrindən örnək götürək. İtaliyada boşanan zaman kişi nəinki uşaqlara, qadına belə aliment ödəyir. Bizdə isə övladına aliment verməkdən yayınmaq üçün min bir bəhanəyə əl atılır. 


Bəli, insanlıq, kişilik, vicdan olmayan yerdə qanun işləməlidir. Hələ ki cəmiyyətimiz müqavilə əsasında ailə qurmağa hazır deyil. Və sonunda yaşananlar gələcək nəslə, onun psixoloji durumuna zərbə vurur. Cəmiyyətin nələrəsə hazır olacağını gözləsək, yenə də uşaqlar əziyyət çəkəcək. Çünki adətən uşaqlar boşanma zamanı 90 faiz anada qalır, ana nə qədər əzab əziyyət çəkirsə, övlad da bütün bunları ana ilə bərabər yaşayır. Bu cəmiyyətimizin ən böyük problemidi. Heç bir məhrumiyyət yaşamayan kişilərsə, çox rahat şəkildə yenidən evlənirlər. Birinci nikahdan olan övladını maddi cəhətdən təmin edə bilməyənin ikinci evliliyinə qanun icazə verməsə, nə bu qədər boşanma olar, nə də bu qədər çarəsiz qadın. 


Televiziya ən böyük təbliğat vasitəsidir. Lütfən, bundan düzgün istifadə edək. Unutmayaq ki, ata da ana qədər məsuliyyət daşıyır, ata da övladaına sahib çıxmalıdır. 


Övlad atada qalırsa, burda faciə yoxdur. Bu bir nümunə olsun. Atalar övladları ilə boşanmırlar, ana ilə boşanırlar. Boşanmadan sonra atalıq borcu yoxa çıxmır. 


Hər iki valideyn övlad üçün məsuliyyət daşıyır. Məncə müzakirə üçün çox mövzularımız var, həllini tapmağa çalışacağımız çox problemlərimiz var. Uşaqlarına sahib çıxan ata isə qəhrəman deyil, sadəcə atadır. 


Övladlarımıza sahib çıxaq analı, atalı...


Flora Hüseynova

qadinkimi.com