BİŞ-DÜŞ, BURA / ORA
Bu restoranda yeməkləri fərqli ölkələrdən gələn nənələr bişirir FOTO/VİDEO Tarix : 23 Noyabr 2022, 10:43
Yazar : Qadinkimi.com
Nyu-Yorkda yerləşən bu restoranda yeməkləri müxtəlif ölkələrdən olan nənələr hazırlayır

Nyu-Yorkdakı Staten adasındakı "Enoteca Maria” adlı bu restoran həddindən artıq sadəliyi və eyni zamanda dadlı yeməkləri ilə fərqlənir. Bu ləzzətin sirri aşpazlarının dünyanın fərqli ölkələrindən olan nənələrdən ibarət olması ilə əlaqələndirilir.

Restoranın sahibi Jodi Skaravela nənəsini, anasını və bacısını itirəndən sonra dünyanın hər yerindən nənələrə iş verməyə qərar verib.

Hər şey bir İtalyan restoranı açmaq fikri ilə başlayıb. Belə ki Jodi İtaliyadan gələn bir nənənin fotosu və "İtaliyalı evdar qadınlar yerli yeməklərini hazırlayacaqlar" yazısı ilə elan paylaşıb. O vaxtdan bəri aşpazlar qrupuna fərqli mədəniyyətləri və mətbəxləri təmsil edən nənələr daxil olmağa başlayıb. Hər gün mətbəxdə ən azı 2 nənə işləyir. Biri İtaliyadan, ikincisi isə Suriya, Polşa, Nigeriya, Rusiya, Venesuela, Türkiyə, Fransa və bir çox başqa ölkələrdən olan nənələrdən ibarət olur.  Ümumilikdə bu restoranda müştərilərə 30 fərqli ölkə mətbəxinin təamları təqdim olunur.

Bundan başqa, mətbəxdə makaron çeşidlərindən məsul olan bir baba da çalışır. 

Artıq 10 ildən çoxdur ki, restoran bu rejimdə fəaliyyət göstərir. Restoran təkcə Nyu-Yorkda deyil, bütün dünyada populyarlıq qazanıb. 2015-ci ildə hətta restoran tərəfindən nənələrin reseptlərindən ibarət kitab da çap etdirilib.

Çərşənbə günündən bazar gününə qədər bura baş çəkə bilərsiniz. Restoran ən son müştəriyə xidmət edənə qədər çalışır. 





 
qadinkimi.com