Bir sürücünün kömək etdiyi yaşlı qadın Tarix : 25 Fevral 2019, 19:51
Taksi sürücüsünün hekayəsi

Nyu-Yorkun taksi sürücülərindən biri öz Facebook səhifəsində yazıb:

"Çağırılan ünvana getdim və gözlədim. Bir az keçdikdən sonra siqnal verdim. Bir neçə dəqiqə gözlədikdən sonra təkrar siqnal verdim. Çünki bu mənim sonuncu sifarişim idi.  Tezliklə evə getmək istəyirdim, lakin sonra maşını saxladım və qapıya yaxınlaşıb döydüm. Kövrək, yaşlı bir qadın səsi gəldi: "bir dəqiqə”. Sonra daha bir səs eşitdim, elə bil yerdə nəsə sürüyürdülər. Uzun fasilədən sonra qapı açıldı. Qarşımda 90 yaşlarında cılız bir qadın dayanmışdı. Çit don geyinmiş, örtüklü şlyapa taxmışdı. Sanki 1940-cı illərin filmlərindən çıxıb gəlmişdi. Yanında kiçik bir çemodan var idi. Mənzildə uzun illərdir ki, kimsə yaşamırdı elə bil. Bütün mebellər ağ mələfələrlə örtülü idi. Nə divarda saat var idi, nə rəflərdə suvenir, nə bir qab-qaşıq.

"Mənə çantanı maşına aparmağa kömək etməzsiniz?" deyə soruşdu. Çemodanı maşına apardım və sonra qadına kömək etmək üçün geri gəldim. Əlimdən tutdu və biz yavaş-yavaş avtomobilə doğru getdik.

O, xeyirxahlıq üçün mənə təşəkkür etdi. "Bir şey deyil" dedim. "Mən sadəcə sərnişinlərə anama necə davranılmasını istəyirəmsə, elə davranmağa çalışıram".

"Nə yaxşı oğlansız" dedi və gülümsədi. Avtomobilə oturduq, ünvanı dedi və sonra soruşdu: "Şəhərin mərkəzindən keçə bilərsizmi?". "Yolumuz uzanar” dedim. "Aaa, onda etiraz etmirəm. Onsuz da tələsmirəm, hospitala gedirəm” dedi. Arxa güzgüdən ona baxdım, gözləri parlayırdı. "Mənim ailəm çoxdan gedib” deyə sakit səslə davam etdi. "Həkim çox ömrüm qalmadığını deyir”. Mən sakitcə əlimi uzatdım və sayğacı bağladım.

İki saat sonra biz şəhərin mərkəzinə çata bildik. O mənə nə vaxtsa liftçi olaraq işlədiyi binanı göstərdi. Sonra isə həyat yoldaşı ilə yaşadığı rayonun içindən keçdik. O mənə hazırda mebel sexi olan uşaq vaxtı getdiyi rəqs zalını da göstərdi.

Hərdən hansısa bir bina və ya prospektin qarşısından keçəndə dayanmağımı xahiş edir və heç bir şey söyləmədən zülmət qaranlıq içində dərin sükuta dalırdı. Sonra birdən qəfil dedi: "Mən yoruldum, xahiş edirəm gedək".

Səssizcə söylədiyi ünvana getdik. Kiçik sanatoriya kimi bir bina idi. Çatan kimi iki sanitar avtomobilə yaxınlaşdı. Onlar ehtiyatla qadına düşməyə kömək etdi. Yəqin onu gözləyirdilər. Avtomobilin yük yerini açdım kiçik çemodanı götürüb qapıya apardım. Qadın artıq əlil arabasında idi.

Çantasını götürüb soruşdu: "Borcum nə qədərdi”?

"Heç nə qədər” dedim.

"Siz axı yaşamaq üçün pul qazanmalısız” dedi. "Başqa sərnişinlər də var” dedim. Düşünmədən əyildim və onu qucaqladım. O da məni möhkəm qucaqladı və dedi: "Sən bu qoca qarıya xoşbəxtlik bağışladın. Çox təşəkkür edirəm.” Mən onun əlini sıxdım, sonra uzaqlaşdım. Qapı arxamca bağlandı, bu daha bir həyat kitabının bağlanış səsi idi. Yolda başqa sərnişin götürmədim. Düşüncələrə dalaraq gözümün çəkdiyi yerə qədər getdim. O gün demək olar ki, heç danışmadım. Görəsən, o qadın başqa bir qəzəbli sürücüyə rast gəlsəydi və ya növbəsini gözləməyə səbri çatmayan sürücüyə rast gəlsəydi, nə olardı? Onun xahişini rədd etsəm və ya bir dəfə siqnal verib getsəm, nə olardı?

Sonda demək istərdim ki, həyatımda bundan daha vacib bir əməlim olmayıb. Biz həyatımızın böyük anlar ətrafında döndüyünü düşünməyə alışmışıq, lakin o böyük anlar çox vaxt başqaları üçün kiçik görünən gözəl hadisələrdən ibarətdi.

qadinkimi.com