YAZI / DÜŞÜNCƏ
Bilirəm...Bilmirəm nə vaxt... Tarix : 29 Yanvar 2020, 18:48
Yazar : Qadinkimi.com
Bilirəm ki... Bilirəm... Bilirəm ki, bir gün sənsiz üşüdüyüm gecələrin intiqamını almaq üçün sənə yazdığım bütün şeirlərimi yandıracam. Amma bilmirəm nə vaxt...
 

Bilirəm... Bilirəm ki, vücud ruhun libasıdır. Öylə bir libas ki, nə yuya bilərsən, nə də istədiyin vaxt soyunub ata bilərsən. Çirklənsə belə ruhun onu daşımağa məcburdur. Bir gün Tanrı ruhumuzu göylərə çağırarkən onu çirkləndirən vücudun əvəzinə ona "bağışla məni ruhum" deməyə macalımız olmayacaq. Bir gün mütləq o libası soyunacaq ruhumuz. Amma bilmirəm nə vaxt... 

Bilirəm... Bilirəm ki, ayrılıq hər məhəbbət şeirinin son misrasıdır. Onu da bilirəm ki, "ayrılığ"ın sevəni heç olmayıb. Axı necə sevsinlər səni AYRILIQ?.. Ayrılığı ölümlə bir tərəziyə qoymuşlar - ayrılıq ağır gəlmiş. "Ölümün digər adı da ayrılıq imiş." - oxumuşdum bir şeirin son misrasında. Amma bilmirəm nə vaxt...

Bilirəm... Bilirəm ki, susmaq insanı ağıllı göstərə bilər. Susmağın çarə olmadığını da bilirəm. Lakin bildiklərimə rəğmən çox zaman susuram. Susduqca söyləmədiyim nəsnələrin heç birinin mənə zərər vermədiyini anlaya bilirəm. Susmaq güclülərin gücü, zəiflərin sığınacağıdır. Görəsən mən hardayam? Güclülərin gücündə, yoxsa zəiflərin sığınacağında? Onu da, onu bilirəm ki, möhürlənmiş bu dodaqlar mütləq nə vaxtsa gerçəkləri söyləyəcək. Amma bilmirəm nə vaxt...
 

Bilirəm... Bilirəm ki, yazdıqlarımız, söylədiklərimiz nə vaxtsa yazılanların, söylənilənlərin təkrarıdı. Elə yaşadığım ömür də...
 

Bilmirəm məndən əvvəl kimin olub bu ömür, bu ruh, hansı adla yaşayıb? Məndən sonra da yaşayacaq bu ruh kimdəsə, başqa ad ilə...
 

Demək vücudumuzla yanaşı ölən həm də adımızdı. "Səni tanıyan son insan öləndə unudulacaqsan." Amma bilmirəm nə vaxt...



Sevil Ülvi
qadinkimi.com