Mark Tven insanı üzü qızaran tək canlı adlandırır və burda bir "qızarmaq məcburiyyətində qalan" ifadəsini də əlavə edir...
Hər kəs düşünə bilər ki, bu, vicdan və şüur sahibi olduğumuza görədir. Məncə, belə deyil. Çünki digər canlılardan fərqli olaraq insanın əzmək, incitmək, istifadə etmək, damğalamaq, suçlamaq, şərləmək, qara yaxmaq potensialı var. Əslində, bunlardır üzü qızardan. Ancaq daha betər əməllər törədən tükü belə tərpənməyənlər var. Ümumiyyətlə, insan qarmaqarışıq, düyün-düyün düşmüş yumaq kimi çətin, dolaşıq məxluqdur. Məsələn, son günlərə nəzər yetirək.
Gərginlik, təlaş, narahatlıq, qeyri-müəyyənlik hər tərəfdən həyatımıza sızır, hirs, əsəb bir himə bənddir, azacıq qığılcım olan kimi tez özünü yetirir ortalığı od-alova bürüyür. Artıq hər şey dəyişib, heç nə əvvəlki kimi deyil. Daha insanların bir-birinə dözümü qalmayıb. Kimsə kiminsə nazını çəkəcək vəziyyətdə deyil. Kiminsə ayağına daş dəyəndə tez qaçıb özümüzü çatdıran insanlar olmaqdan çıxmışıq. Başqalarının ağrısını hiss etmək qabiliyətimiz surətlə canımızdan çəkilir. Getdikcə bir-birimizə yadlaşırıq. Qopuruq, uzaqlaşırıq bağrımıza basdığımız adamlardan. Çünki Yer üzünün elə mərhələsindəyik ki, hamı öz canının hayındadır. Hər kəs öz dərdləri, qayğıları, problemləri ilə məşğuldur. Di gəl ki, bu məqamda belə atmacalar, suçlamalar, günahlandırmalar dinmək bilmir.
Bəzi insanlar sanki boşluqlarını şikayətlənməklə doldururlar. Hər şeyə mız qoyurlar. Hava isti olanda bir dərd, soyuq olanda başqa dərd olur. Heç nə ilə razılaşmırlar. Hər şey onlara tikan kimi batır. Bəzən demək istəyirsən ki, onsuz da dünya məvhərindən çıxmış vəziyyətə çatıb, beş-üç günü də niyə sən zəhər edirsən?
Belə insanlar başqalarının da olan qalan yaşamaq həvəsini gəmirirlər. Bəzən başını yelləyib keçirsən, bəzən sən deyəndir söyləyib uzaqlaşırsan, birdən də elə olur ki, əsəblərin tab gətirmir, hansısa şəkildə reaksiya verməli olursan.
Məsələ burasındadır ki, şikayətlənən şəxslər vəziyyəti düzəltmək üçün barmaqlarının ucunu belə tərpətmirlər. Əksinə, qarşısındakını çürütmək üçün əllərindən nə gəlirsə edir, problem yaradacaq nəsə tapırlar. Onları razı salmaq müşkül məsələdir.
Günün bütün vaxtını şikayət edən insan necə rahat ola bilər ki?! Sırf buna görə bədbin, gərgin, sıxıntı içində yaşayırlar. Qaşları həmişə çatılmış, sözləri bıçaq kimi kəskin, dilləri zəhər olur. Bu hal getdikcə içərilərində xronikiləşən xəstəliyə çevrilir. Amma fərqində olmurlar. Özlərini elə aparırlar ki, sanki dünyadakı ən pis hadisələr onların başına gəlib, ən böyük çətinliklərdən onlar keçib, bütün qara buludlar onların başlarının üzərində toplanıb. Halbuki elə deyil, hamımız eyni gəminin içindəyik, hamımız insanıq, hamımız "aysberqin gəmiyə" çırpılan bir hissəsindən zərər görürük.
İndi hamı pis də ola bilər, hər kəs yaxşı da ola bilər. Artıq bu, insanların öz seçimidir. Eyni ilə bəzilərinin ətrafındakı insanlardan dad edib, amma dizlərinin dibindən uzaqlaşmadığı, quyruq kimi arxalarınca dolandığı kimi... Sevmədikləri insanla birlikdə olub, amma ayrılmağı düşünmədikləri kimi... Dünyanın düz vaxtı da belə idilər, indi də belədilər, kainat dağılmamışdan bir dəqiqə öncə də belə olacaqlar. Hamımızın dərdi var, amma boğazına ip keçirilmiş leş kimi ətrafı iylədə-iylədə ortalıqda gəzməyə haqqımız yoxdur. Maraqlısı budur ki, bütün bu davranışları sərgiləyəndə Mark Tvenin dediyi üz qızarma məsələsi də işə öz işləkliyini itirir.
"Uman yerdən küsərlər" deyiminə çox da arxayın olmaq lazım deyil. Artıq bir neçə aydır bu cümlə əhəmiyyətini itirib. Kimsə kiminsə üzərinə bir yığın şikayətlə, dərdlə, problemlə gəlməsi doğru deyil. Çünki hamıda beş qat artığı var. Kimsə kimləsə maraqlanmır, arayıb axtarmır deyə küsüb, incimək də əhəmiyyətsizdir. Bir az dərin düşünən hər insan bir neçə gün sonra nə baş verəcəyini, dünyanın başına daha nələrin gələcəyini, bu qeyri-müəyyənlik içində psixologiyasını necə sağlam tutacağının fikrini çəkir. Ona görə də, bu ərəfələr hamı öz yükünü özü daşısa yaxşıdır.
Türkan Turan
qadınkimi.com