HÜQUQLARIMIZ
Bağışla... sən böyüklük et... onun kimi olma...deməklə, bağışlamaq olurmu? Tarix : 29 Noyabr 2022, 09:02
Yazar : Aysel Əlizadə

 

Sizə zəhər ötürən, axmaq hərəkətləri ilə təngə gətirən adamlarla münasibəti davam etdirməyə borclu deyilsiniz. 


Sərhədlərinizə sayğı göstərməyən, öz həddini bilməyən, həyatınıza burun soxan, xoş münasibətdən sui istifadə edən adamlara dözmək öhdəliyiniz yoxdur.

 

Münasibəti qiymətləndirən biri həddini və yerini bilir. Əlinizi göstərmisiniz deyə, qolunuzdan tutub çəkməyə özündə haqq görən adamlar öz eqolarının hayındadırlar. Bütün günü hikkələrindən partlayan insanlarla heç bir yaxın və xoş münasibət qurulmaz. Onlar sizi nəzərə almadan öz tələb və düşüncələri ilə hərəkət edərlər. Özləri necə istəyirsə, o cür olmalıdır, vəssalam. Burada artıq izahın da mənası qalmır. 

 

Adətən belə adamlar dəyişmirlər.

 

Bir kobud məsəl var: "Üzünə azca gülən kimi qudurur". İnsanların böyük çoxluğu belədir deyə, soyuq və məsafəli davranışa üstünlük verməli olursan. Çünki həqiqətən, özünə qarşı yaxşı davranışı görüb, ağını çıxaranlar az deyil.

 

Onları zamanında dayandırıb ərazi bütövlüyünüzə hörmət etməli olduqlarını mədəni şəkildə göstərin. Uzun-uzadı söhbətlər kara gəlməyəcək. Bunu real addımlarla, əyani şəkildə bildirin. 


Sadəcə, sərhədlərinizi aşmağa imkan verməyin. Münasibəti konkret motivdə saxlayın. Daha artığına şərait yaratmayın. 

 

Cızdığınız çərçivəylə yetinmirsə, silin həyatınızdan. Əsəbləriniz daha önəmlidir. Zədələnmiş, ölmüş sinir hüceyrələrini bərpa etmək çətindir, bəzən mümkün də deyil. 

 

Nəticədə səhhətiniz ziyan görəcək. 

 

Pislik edənlərə gəldikdə, unutmaq və bağışlamaq özünüzə bağlı məsələdir. Bunu edib etməmək öz əlinizdədir. Daha doğrusu, öz əlinizdə sayılmaz: bağışlamağı bacara və bacarmaya bilərsiniz. Ən yaxın insanlarınız olsa belə...

 

 

"Bağışla, boş ver, unut, sən böyüklük et” kimi öyüdlər bəzən işə yaramır. Çox sadə: alınmaya bilər. Kimisə "bağışladım” deməklə bağışlamaq olsaydı, insanlar arasında bu qədər konflikt yaşanmazdı. "Boş verdim" deyib əslində boş vermədiyiniz mənfi emosiyaların içinizdə yığılıb ağır bir yükə çevrilmə təhlükəsi var. Səmimi yanaşma daha faydalıdır, bu, insanı rahat edir. Bağışlaya bilmədim...vəssalam. Bu sadə həqiqəti etiraf edib işinizə-gücünüzə davam edirsiniz, olur bitir. 

 

 

Aysel Aydın Əlizadə

Qadinkimi.com