BURA / ORA, HÜQUQLARIMIZ, GENDER
İRANDAN HİCABA GÖRƏ TUTULAN QIZA AZADLIQ TƏLƏB EDİLİR Tarix : 22 Noyabr 2019, 14:50

Amnesty International İrandan Yasəməni azad etməyi tələb edir

Amnesty International dünya üzrə 7 milyon üzvü olan insan hüquqları uğrunda mübarizə hərəkatıdı. Noyabrın 21-i təşkilat yeni petisiya yaradaraq İranda həbs edilən Yasəmən Aryaniyə azadlıq tələb edib. 

Petisiyada deyilir: 
"Ətrafdakılara gül paylamaq və baş örtüsünü açmaq: Yasəmən Aryani İran metrosunda bunlara cəhd etməkdə ittiham olunur. Bu ilin 8 mart beynəlxalq qadınlar günündə aktrisa və həvəskar alpinist Yasəmən hicabın məcburi olması ilə bağlı İran qanunlarına etiraz üçün aksiya keçirib. 
Anası ilə birlikdə metronun qadınlar vaqonunda baş örtüsü olmadan ətrafdakılara çiçək paylayıb. Çəkdiyi videoda gələcəkdə bütün qadınların geyimlərində azad olacağına, ictimai yerlərdə hicablı və ya hicabsız gəzməyi özləri seçəcəyinə inandığını deyir.
Bu ilin mart ayında sözügedən video internetdə fenomenə çevrilib.
Aprelin 10-da Yasəmən İran hakimiyyəti tərəfindən həbs edilib. O, dindirilənə qədər bir neçə gün tək təcridxanada saxlanılıb.  

Hakimiyyət onu aksiyanın arxasında hansı xarici qüvvələrin dayandığını "etiraf etməyə” və hərəkətlərindən "tövbə” etməyə çağırıb. Əks halda dostlarının və qohumlarının da həbs ediləcəyini bildirib. 31 iyulda Yasəmən 16 il həbs cəzasına məhkum edildiyini öyrənir. 
Yasəmənin amansızlıqla cəzalandırılması İranda hicabın məcburi olmasına etiraz edən qadınlara qarşı kütləvi repressiyanın bir hissəsidi. 2018-ci ildən bəri onlarla qadın bu səbəblə həbs edilib. Onların arasında Yasəmənin anası Monireh Arabshah da var.

İran hakimiyyətinə Yasəməni həyatının ən gözəl illərindən məhrum etməsinə icazə verilməməlidi! Çünki o qız inanır ki, qadınlar geyim seçimində azad hüquqlara sahibdir". 

Aryani ilə yanaşı daha 2 qadın Müjqan Keşavərz və Münirə Ərəbşahi də ittiham olunub.  
Xanımların hər üçünə "Milli təhlükəsizlik əleyhinə toplaşma və çalışma”, "Dövlət əleyhinə təbliğat” və "Əxlaqsızlığa təşviq etmə” kimi ittihamlar irəli sürülüb. 
Bu ilin avqust ayında BMT-nin insan hüquqları üzrə ekspertləri İranı həbs edilən 3 qadını dərhal azad etməyə çağırıb. 
Yerli mətbuatın məlumatına görə, məhkəmə vəkillər olmadan, yalnız müttəhimlərin iştirakıyla keçirilib.
Vəkillər xanımların yalnız məcburi hicaba etiraz etdiyini və onlara qarşı elan edilən digər ittihamların əsassız olduğunu bildiriblər. Eləcə də, istər ibtidai istintaq dövründə, istərsə məhkəmədə vəkillərin hər hansısa fəaliyyətinə icazə verilməyib.

qadinkimi.com