BİLİM / DİN, FEMİNİZM
Alov İnanna - "Zamanın ilk ölçüsü" Tarix : 24 May 2020, 15:29
Yazar : Alov İnanna

Ay təqvimi, oruc və aybaşı, 13 rəqəminin sirri


Bu yazı menstruasiya üzərində qurulan bəzi mental, mifoloji, dini, fəlsəfi, elmi anlayış və təsəvvürlərdən bəhs edir.

Qədimdən bu günədək dünya xalqlarının kulturasında ən ortaq nöqtələrdən biri qadın və Ay arasındakı ilahi, sirli bir bağın varlığına inamdır. Tarixi simvolizmdə heç bir astronomik cisim Ay qədər əhəmiyyətli yerdə dayanmayıb.

Ayın – yaradıcı dişi prinsip kimi – qadınların hamilə qalmasında və uşaqların dünyaya gəlməsində məsuliyyət daşımasına inanılmışdır. Min illər boyunca qadınların hər ay təkrarlanan aybaşı olmalarına diqqət etməkləri – zaman anlayışının, sayların və riyaziyyatın meydana gəlməsində ciddi rol oynayıb. Aybaşı müddətinin hesablanması, zamanın ilk tarixi ölçüsünü – ay təqvimini ortaya çıxartmışdır. Habelə, aybaşının nə zaman olacağını bilmək üçün Ay və ulduzların müşahidə edilməsi də astronomiyanın ərsəyə gəlməsinə ciddi təsir etmişdir.

Həm qadının aybaşı müddəti, həm də ayın dövr etmə müddəti 28 gündür. Bu isə ildə 13 ay edir. İndi də 13 aylıq ay təqvimindən istifadə edən ölkələr var. Müsəlmanlara aid hicri təqvimi Ayın yerin başına dolanması ilə hesablanır.


12 aylıq günəş təqvimi ilk dəfə misirlilər (sumerlilər yazan da var) tərəfindən başlanmış, ardınca romalılar, yunanlar tərəfindən inkişaf etdirilmiş, indiki miladi təqviminə qədər yol qət etmişdir. Çox tez patriarxallaşmış olan bu xalqların kulturasında əvvəlki 13 aylıq ay təqviminə nifrət və qorxu yaratmaq üçün 13 rəqəmi uğursuz, nəhs elan edilir; feminin izlər daşıdığına görə. Bu yanaşma indiyədək qalır, məsələn, hələ də 13 rəqəmini uğursuz sayan sərnişinlərin ucbatından, bəzi təyyarə şirkətləri təyyarə oturacaqlarının sıralarında 13 nömrəsindən istifadə etmirlər. Oturacaq yeri sıralamasında 12-dən sonra 14 gəlir.

Matriarxallığın digər mirasları kimi ay təqvimi də eyni taleyi yaşayır; ya uğursuz, şər adlandırılıb rədd edilir (xristianlıqda günəş təqviminə keçid kimi), ya da bütünlüklə forması dəyişdirilib mənimsənilir (islamdakı hicri təqvimi kimi).


Menstruasiya – latın dilində Ayı nəzərdə tutan "mensis” sözündən yaranıb, "Ay dəyişməsi” deməkdir. Alman kəndliləri hələ də menstruasiya mənasında "Mond”, yəni "Ay” sözünü işlədirlər. Yaxud, fransızlar aybaşı dövrünə "le moment de la lune”, yəni "Ay anı” deyirlər. Etimoloqlar Hind-Avropa dillərində Ay demək olan "mensis”, "mond”, "monat” və s. sözlərinin polineziya sözü olan "mana” sözündən törədildiyini deyir. Mana – hələ də bəzi kulturalarda qadınları menstruasiya edən fövqəladə güç sayılır.

Bir çox hallarda Ay tanrılarının adı ilə göydəki Ayın adı eyni olurdu; məsələn, skandinaviyalılar həm Aya və həm də onun qadın cinsindəki tanrısına Mani, yunanlar Selene, romalılar Luna deyirdilər. Rus dilində indi də Ay – "luna” adlanır. Ay – türk xalqlarının mifologiyasında xüsusi olaraq doğum və bərəkətlə əlaqələndirilən iki ana-tanrı – Um-ay və Ay-ısıtın da təməl simvollarından biri olmuşdur və onların adlarında bir hissə kimi iştirak edir. Qədim türkcədə "ay” – həm də yaradıcı, yaradan demək idi.

Bizim dilimizdə də "ay” iki şeyə deyilir: 1) 30-31 günlük zaman vahidinə; 2) astronomik cismə.

 

 

Ayın üç fazası


Bir zamanlar Ayın üç dövrünü – 1) təzə Ay, hilal, 2) yarım Ay, 3) bədirlənmiş Ay – əks etdirən üç üzlü qadın-tanrılara səcdə edilirdi: Hilal – tanrının qız (bakirə) dövrünü, yarım Ay – ana dövrünü, bütöv Ay yaşlı, qarı dövrünü ifadə edir. Qadın-tanrıların üç dünyanı – yer üzünü, yer üstünü (göy) və yer altını təmsil etmələri təsəvvürü Ayın üç fazası düşüncəsinə yaxındır. (Sonralar göy üzü ilahiləşdirilib kişi tanrılara verildi, yer altı və yer üzü də neqativləşdirilib qadın tanrılara aid edildi.)


İslama qədər ərəblərin sitayiş etdikləri üç əsas qadın - tanrı – Lat, Mənat, Uzza da Ayın üç fazası ideyasından doğulub. Quranda adları çəkilən bu tanrılar baş allah Hubelin qızları idi. Hubelin simvolu Hilal idi.


Ayın üç fazasını əks etdirən Anadolu mənşəli, daha qədim tanrı üç üzlü Hekatenin xristianlığa qədər çox hörmətli statusu vardı. 

 

Şəkil 1. Hekate


O, təkcə Ayı və Ayın üç dövrünü deyil, həm də qaranlığı, gizli, sirli, batini, qeybanə bilikləri təmsil edirdi. (Yüz illər sonra, alman araşdırmaçılarının yazdığı kimi, filosof İ.Kant "Xalis ağlın tənqidi” əsərində hiss üzvləri vasitəsilə qavranılan "fenomen” anlayışına qarşı – "bilinməyən”, "dərk olunmayan” demək olan "noumen” anlayışından istifadə edəcək. "Noumen” sözü – qədim yunan sözü olan "nou menon”dən gəlir, mənası "yeni Ay”, "hilal” deməkdir. (Shutle/ Redgrove)) Qaranlıq yeraltı dünya da Hekateyə aid olduğuna görə, onun başqa bir simvolu, Misir ana-tanrısı İsisdə olduğu kimi, cənnət qapısının açarı idi. Hekatenin müqəddəs heyvanı, gecələr aya baxıb ulayan dişi qurd (türk mifologiyasında Asena)

 

 

Şəkil 2. Asena


Sonralar yunan mifologiyasında neqativ məna qazanaraq yeraltı dünyanın, yaxud Ölülər ölkəsinin qarovulçusu üç başlı itə – Herberə çevrilir

.

Şəkil 3. Herber


Yeri gəlmişkən, yunan mifologiyasında şairlərə ilham verən muzalar da başlanğıcda üç olub və etimologlara görə, "muza” sözü, Ay demək olan "mens” sözündən törənib.            

 

Ana-tanrının üç sifəti ideyası xristianlıqda maskulinləşərək üçlü birlik, yaxud üçləmə (başqa adları belədir: üç üqnum, teslis, Trinität, trimurti və s.) dünyagörüşünə dönür: 1) ata, 2) oğul, 3) müqəddəs ruh.


 

 Şəkil 4. Trinität


Vaxtilə ana-tanrılara təqdim edilən ən qədim qanlı qurban növü və mərasim içkisi – aybaşı qanı isə "İsanın qanı”na çevrilir. Xristianlıqda xüsusi ayin olan Evkaristiada indi də "İsanın qanı” imiş kimi qırmızı şərab içilir. Aybaşı qanının mənbəyi olan ana bətnini simvollaşdıran "müqəddəs kasa” da xristianlıq tərəfindən mənimsənilir.

 

 


Yenidəndoğum dairəsi və "dairəvi zaman” anlayışı


Təkcə içi qanla dolu kasalar deyil, qazanlar da ana bətninin simvoludur. Avropanın qədim sakinləri keltlər, içərisi ana-tanrılara kəsilən qurbanların qanı ilə doldurulan belə qazanlara ”yenidəndoğum qazanları” deyirdilər (M.D. Mascetti).

 

Qədim Anadoluda və Yunanıstanda kəsilən qurbanların qanını dərin, dairəvi bir çuxura tökürdülər, çuxurun içində din adamları həmin qanla yuyunur, "yenidən doğulurdular”. (Bu ayinin ilkin mif forması Hind mifologiyasında görülür: Tanrılar ana-tanrı Kalinin aybaşı qanında yuyunmaqla günahlarından təmizlənib sanki yenidən doğulurlar.) Avstraliya yerliləri, Wapiti və Muldalı qadınlar indi də bərabər mərkəzli dairə çızır, onun ortasında çuxur qazır, bu çuxurun içini qanla doldururlar. Bu proses qadınların menstruasiya vəziyyətini təmisl edir. Vaxtilə belə mərasimləri qədim Anadolu və yunan qadınları da keçiriblər.


Qədim dünyada ana tanrılara həm də, həyat və ölüm üzərində güc yiyəsi sayılmalarından ötrü sitayiş edilirdi. Yaradıcı və yoxedici qütbləri ilə qadın (sonralar bu keyfiyyət monoteist dinlərin kişi kimi təsəvvür edilən allahına yükləndi) zamanla eyiləşdirilirdi. Yenidəndoğum (reinkarnasiya), yəni, ...doğuluş-ölüm-doğuluş-ölüm... dairəsinə inamın meydana gəlişində, qadınların vaxtaşırı təkrarlanan menstruasiyaları təkanverici rol oynamışdır: "Dairəvi tarix (zaman) anlayışı”, yəni, zamanın bir çarx, təkər kimi daim təkrarlanan təsəvvür edilməsi, gedib-geri qayıdışı, fırlanışı, zamanın və məkanın (dünyanın) qadın kimi düşünülməsi və s. yuxarıda deyilənlərlə bağlıdır. "Dövr” sözü həm zaman, vaxt, həm də dönmə, dövrə vurmaq mənası bildirir. Qədim sumercədə təkər sözünə "qirqir”-"tigir” deyilirdi. Fikrimizcə, bu söz bizim dildə "təkər”, ərəbcədə "təkrar” (takrar – geri gəlmə, yenilənmə), hindcədə "çakra” (çarx, təkər), Avesta dilində "çaxra”, farscada "çarx”, ya da "çərx”, habelə, qədim nənələrimizin yun əyirmək üçün istifadə etdikləri "cəhrə” (bir çox xalqların miflərində ömrün ölçüsü, yəni uzunluğu, ana-tanrıların həmin cəhrədə toxuduğu iplə hesablanırdı), zaman mənasında işlədilən "dövr”, "dövrə”, həmçinin "çevrə”, "dairə” (ç-d keçidi və v-au keçidi bir çox dillərdə var) və s. kimi sözlər eyni məntiqlə və eyni kökdən yaranıb. "Zaman çarxı”, "çərxi-fələk”, "fələyin çarxı” da bu deyilənlərlə əlaqədardır. Yeri gəlmişkən, ərəbcədən dilimizə keçən "fələk” sözü də çarx, cəhrə deməkdir. Bu söz aramicə carx, cəhrə demək olan "peleka”dan gəlir. Daha qədim variantı akkad dilindədir: "palaku” – dönmə, fırlanma, dövr etmə deməkdir.

 

 


Qədim sumercədəki "tigir” sözü, təkcə "təkər” sözümüzün orijinalı deyil, həmçinin dilimizdəki "diyirlənmək”,"dığırlanmaq” (<digir-lənmək<digir <tigir), "dəyirmi” (dəgir-mi <digir <tigir) "dəyirman” (dəg>ir-man <digir <tigir) və s. sözlərinin kökü kimi qalıb. (Sadaladığım bu üç sözə ("diyirlənmə”, "dəyirmi” və "dəyirman”) diqqətimi cəlb etdiyiniə görə Namiq Hacıheydərliyə xüsusi təşəkkür edirəm.)

Sumercə "tigir”in başqa varinatı olan "qir-qir” sözü də dilimizdə bu gün arxaikləşmiş sözlərdən biri olan "kirkirə” sözümüzdə yaşayır. Zamanın hər şeyi dən kimi üyütməsi və dairəvi olması təsəvvürü, ilk dən üyüdən əl dəyirmanı olan "kirkirə” sözündə görünür. "Kirkirə” – üst-üstə qoyulmuş iki daş təkərin ya da fırfıranın (fikrimizcə fırfıra və kirkirə elə eyni sözdür) fırlanması, dövrələnməsi ilə un əldə etməkdir. Maraqlıdır ki, qədim yunan mifologiyasında sehrbaz, habelə, yaradıcı-yoxedici qadın arxetipi sayılan tanrı Kirkenin adının mənası da, "kirkirə” sözünün mənası kimi dairə, ya da çevrə və ya bir az qabaq dediyimiz cəhrə deməkdir. Kirke cəhrədə ip toxuyaraq təsəvvür edilir. Mifologiyda toxuculuq dünyanın və zamanın yaradılışı ilə bağlı güclü bir metofora sayılır: Dünya zamanın və qəzavü-qədərin ipliklərində fasiləsiz toxunur. Kirke motivinin başqa bir maraqlı cəhəti, öz aybaşı qanını damcılatdığı sehrli içkilərlə kişiləri özünə aşiq etməsidir. Bu metodun hazırda da cadu-pitikdə işlək olması bilinir.

 

 


Oruc, istirahət günü və aybaşı


Qədim insanlar qadınların, xüsusilə gənc qızların menstruasiya dövrünü müqəddəs dönüş, yenilənmə kimi bayram edirdilər. Belə zamanlarda qadınların ilahi və magik gücə sahib olduqları düşünülür, onlardan uzaq gəzərdilər. Bu, sonralar cinsi pəhriz ideyasını meydana gətirdi. Ümumiyyətlə, orucun tarixi və bir vaxtlar dünyanın hər yerində keçirilən aybaşı ilə bağlı bayramlar arasında birbaşa əlaqə var. Sumeroloq M.H. Çığ yazır ki, Sumer dinində Ay kultu xüsusi bir yerə malilk idi. Ayın 15 günlük olduğu, habelə, göy üzündə göründüyü və görünmədiyi günlərdə mərasimlər keçirilir, bu zaman bəzi yeməklər yeyilmirdi. Oruc tutmaq və cinsi münasibətlərdən uzaq durmaq bir-biri ilə bağlı idi. Bu təsəvvürlər islam dininin ortaya çıxdığı zamana qədər gəldi və islamiyyətə daxil oldu. Məsələn, islamiyyətdə hələ də oruc, həcc və bayramlar Ayın görünüşünə görə nizamlanır. Hədislərin birində Məhəmməd peyğəmbər deyir: "Allah hilalı insanlar üçün zaman ölçüsü edib. Ona görə də hilalı görən kimi oruca başlayın, onu təkrar görəndə isə bayram edin.” Oruc zamanı aybaşılı qadınlardan uzaq durulması tələbi də, kökü Sumerə gedib çıxan cinsi pəhriz ideyasından doğur. İslam dininin simvolunun hilal olması, islam aləmində Ay kultu – bu yazı ilə birbaşa bağlı olsa da, ayrı bir söhbətin mövzusudur deyə, üzərində çox dayanmırıq.

 


(Yeri gəımişkən, xristianlıqda da Ayın xüsusi yeri var, İsadan sonra müqəddəs fiqur sayılan Məryəmə "Kilsənin Ayı, "bizim Ayımız”, "müqəddəs Ay” və s. deyə xitab edilir.)

 

 

Yəhudilərdə Sabbatu, ya da Sabbat, Şabbat – istrirahət gününü, daha dəqiq desək, Babil-akkad qadın tanrılarının menstruasiya olduqları günü nəzərdə tutur. Sözün mənası –cümə gününün sabahı, 7-ci gün deməkdir; bu təsəvvürdə həftənin ilk günü bazar günündən başlayır. (Sebutu – akkadlarda Ay ayının 7-ci günü, Sabattu – Ay ayının 15-ci günü deməkdir. İvrit dilində ona görə 7 - seba (שֶׁבַע) adlanır. 7 rəqəmi üçün almanların "Sieben”, ingilislərin " seven” demələrinin də səbəbi budur. Sabattu, Sabbat, Şabbat, Şambat sözləri – rus dilində "subbota”, bizdə isə "şənbə” şəklində istifadə edilir.) Həmin günlər tabu zamanı olduğuna görə işləmək qadağan idi. İndi də yəhudilərin istirahət günü sabbat günüdür və bu gün bütünlüklə maskulin bir din olan iudaizm pərdəsinə bürünüb və fərqli mənalandırılıb: guya allah dünyanı altı günə yaradarkən yorulub, həmin gün – Şabbat günü istirahət edir.

 

 


Almanlarda vaxtilə istirahət günü cümə idi və onlar bu günü indi də "Freitag” adlandırırlar. Bu söz sevgi ana tanrısı "Freyyanın günü” deməkdir, vaxtilə "Freiyyanın menstruasiya günü”, "iş olmayan azad gün” kimi mənalandırılırdı. Yeri gəlmişkən, bu səbəbdən almanlar "azad” sözü üçün Freyyanın adından götürdükləri "frei” sözünü işlədirlər. Bu yazılanlar ingilis dilində cümə demək olan "friday” və həmin dildə "azad” demək olan "free” sözləri üçün də keçərlidir.

 

 


(ardı var)

qadinkimi.com