Sosial şəbəkədə gəzinərkən qadın qruplarına göz atıram. Bir yazar üçün müşahidə çox önəmlidir. Necə deyərlər, yazmaq üçün real material toplayıram bu şəkildə. Qruplardakı qadınlar - onların şikayətləri, narazı olduqları məsələlər bu toplumun həllini tapmayan problemidir. Bu günlərdə bir qadının postunu oxudum. İki gün özümə gələ bilmədim. Qadın yazırdı: "Üç uşaq anasıyam, iki qızım və bir oğlum var. Ərim bizi atıb getdi. Məhkəməyə verib, məndən boşanır. Məhkəmə müddəti başa çatmadığı üçün nəsə tələb edə bilmirəm. Evimdə yemək bişirmək üçün hər şey qurtarıb. Ərzaq yoxdu. Üç uşaqla işləyə də bilmirəm. Xahiş edirəm, mənə kömək edin, uşaqlarım üçün ərzaq, yemək ehtiyacımıza yardımçı olun"
Bu cümlələri oxudum. İçimin ən dərin köşəsindən
sanki bir hissə qızarmış közün üstünə düşüb cız etdi. Axı mən də anayam, mənim
də övladım var. Bircə gün onun ac qalması, nəyəsə ehtiyacı olması haqqında düşündüm. Və bu
ehtiyacı ödəyə bilməmək... Dəhşətdir, faciədir bir ana üçün. Analar, atalardan
daha həssas olur övladlarına qarşı. Analar daha çox əriyir, daha tez yox olur
belə durumlarda. Övlad deyəndə anaların bağrının başı
közlənir.
İki gün o qadını və uşaqlarını düşündüm. Bəziləri yazıb telefon nömrəsi istəmişdi. Kömək etmək üçün əlaqə
yaradacaqdılar. Sonra bu problemin kökünü araşdırmağa başladım beynimdə. Kimin
günahı idi bu yaşantı? O uşaqlar kimin səhvi ucbatından belə bir həyat yaşamağa
məhkum olmuşdu? Onlara sahib çıxmayan, həyat yoldaşından boşandığı zaman
övladlarından da boşanan atanın günahı idi bu? Yoxsa ərini bu illər ərzində az
da olsa tanıdığı halda, bu şəraitdə üç uşaq dünyaya gətirməyi gözə alan
ananınmı? Ya da vətəndaşını səfilliyə məcbur buraxan, onların haqqını verməyən
neft ölkəsinin məsuliyyətsizliyimi? Düşündüm, hər üçünün
- Valideynlər - şəxsiyyətlər və dövlət sorumsuzluğu nəticəsində yaşanan vətəndaş
aqibətidir bu.
Ailə planlaması deyilən qavramın bu ölkədə ailələrə izah edilməməsi, hamiləlikdən
qorunma yolları haqqında seminarların və dövlət xəstəxanalarında ödənişsiz
icrasının yetərincə verilməməsi, ailələrə nəzarətsizlik, dövlətin sosial yardım
məsələlərində acizlik sərgiləməsi, üç uşaq sahibi "ata"nın bu hərəkəti
zəminində cəzaya cəlb olunmaması, ananın evlənmədən öncə bilik və
bacarıqlarına, həmçinin psixoloji durumuna dəstək verilməməsi, ananın çalışması
üçün uşaqları himayə edən dövlət bağçalarının yetərli olmaması - cəm şəkildə, vətəndaş
və dövlət məsuliyyətsizliyi bu gün üç uşağın həyatını cəhənnəmə çevirməyə bəs
edib.
Vətəndaşa vətəndaş yardımı deyil, dövlət yardımı lazımdır. Neft ölkəsi, qaz mənbəyi olan bu ölkədə insanlar kilosu 40 qəpik olan kartofu alıb uşağına yedirə bilmir. Bəzən bütün ümidlərim yox olur. "Kimə yazırıq, kim üçün deyirik bütün bunları” - deyə düşünürəm. Tək əldən səs çıxmaz, dövlət əlini biz vətəndaşlara uzatmadıqca belə yardımlaşmalarla bu toplum uzağa gedə bilməyəcək.
Əskiklərimiz çoxdur, hədsiz çox..