Sevgiyə, eşitməyə, danışmağa, məni dinləyəcək birinə ehtiyacım var. Yaradanım, mənə bir qadın yarat. Varlığım üçün ehtiyacım olan dişi istəyirəm. Özüm kimi çirkin, bədheybət olsun. Amma bilim ki, yanımda bir nəfəs var, əmin olum ki, tənha deyiləm. Məni yaradıb dünyanın ortasına atdın, hərfləri, sözləri, kitab oxumağı çətinliklə öyrəndim. Ona görə artıq mənim də danışmağa, sual verməyə, cavab almağa, bir sözlə, nəfəsinə ehtiyacım var. Bir insanda özümə qarşı şəfqət oyandırdığımı görə bilmək ən böyük arzumdur. Bil ki, bu istəyimi rədd etmək sənin iqtidarının və mərhəmətsizliyinin nəticəsi olacaq! İndi sənə yalvarıram, məni gərəyim olan o qadından məhrum etmə və yarat!"
Bu yalvarış, ürəyə toxunan istək Merri Şellinin "Frankşteyn" romanındandır. Frankşteyn insanabənzər bir bədheybət yaradır. Sonra da ondan ölümdən qaçırmış kimi uzaqlaşır. Zavallı ortalıqda qalır. İnsanlar onu görəndə gah pərən-pərən düşürlər, gah daşa basırlar, gah atəş açırlar. Bədheybət danışmağı öyrəndikdən sonra yaradanını tapır. Ayağına ayaqqabı, əyninə geyim, başını salacağı bir dam yox, qadın istəyir. Özünün də dediyi kimi, danışmaq, söhbətləşmək, toxunmaq üçün. Bədheybətin yalvarışı payız küləyinin ağacda qalan son yarpağı kimi ürəyimi titrətmişdi. Doğrudur, həmin roman, oradakı obrazlar xəyal məhsuludur, uydurmadır, qurğudur, amma danışmaq ehtiyacı, bir-birinə sözdən qalalar qurmaq həmişə həqiqət olub. İnsan insansız yekə bir heçdir. Bəlkə də, qaynar, izdihamlı həyat yaşadığımız və gözümüzü açandan insanlarla əhatələndiyimiz üçün həmin heçliyi hiss etməmişik. Münasibətlər danışa bilmədiyimiz zaman axsamağa başlayır. Sözümüz bitəndə səssizliyimiz şaxələnir. Demək istədiklərimizi içimizə basdıranda bəzi ağlayan tellər qırılır. Susqunluğumuz böyüdükcə aramızdakı məsafələr uzanır. Bir-birimizə uzanan yollar buz bağlayır, qəlbdən qəlbə gediş-gəlişin önü kəsilir. Dostluqlarımız da eyni taleyi yaşayır. Bir-birimizə fikirlərimizi dürüst şəkildə deyə bilmədiyimiz üçün can verir. Sükutumuz selə dönəndə sözlərdən hördüyümüz bəndlərimizi yıxıb dağıdır və beləcə hər şey sonlanır. Bizi həyata və bir-birimizə bağlayan kəlmələrimizdir, bu tükənəndə möhkəm sandığımız bütün düyünlər öz-özünə çözülür. Hər şeydə belədir. Məsələn, fərdlərin, vətəndaşların bir-biri ilə danışığı kəsiləndə cəmiyyətin karlığı başlayır. İnsanların səsi duyulmayanda, sözü eşidilməyəndə ortalığa nifaq toxumları səpilir. Ərlə arvad bir-birilə danışmağa söz tapmayanda ailə həyatları bitir. Mesajlar kəsiləndə, zənglər seyrələndə, deyiləcək sözlər tükənəndə sevgi sonlanır. Dərdləşməyəndə dostlar yadlaşır. İnsanın özünə söyləyəcək sözü qalmayanda ölümü başlayır.
Fərqində olmasaq da, kəlmələrə möhtacıq. Amma təəssüf ki, yetərincə danışa bilmirik. Səmimi fikir alış-verişi yox səviyyəsindədir. Danışmağa qərar verəndə isə qışqır-bağır salırıq. Haray-həşirlə normal əlaqə qurula bilməz. Bu şəkildə insanların bir-birini anlaması, dinləməsi mümkün deyil. Tikanlı sözlər, sərt cümlələr münasibətlərin kökündən baltalanması deməkdir. Nə üçün sakitliklə, səbirli, bir-birimizin seçimlərinə hörmət edərək münasibət qura bilmirik? Niyə gərginlik yaratmaqdan ötrü ölürük? Mübahisəyə niyə bu qədər meylliyik. Niyə qurmağa yox, daha çox dağıtmağa meyl göstəririk? Niyə pıçıltı ilə bir-birimizin qulağına söylədiklərimiz ayaq açıb yeriyir? Sağlam, sakit söhbətlər niyə bizə tikan kimi batır? Kin, nifrət qusmaqdan az qalsın danışmağı unutmuşuq. Pandemiyanı, koronavirusu bəhanə etmək lazım deyil. Son dövrlərdə elə həmişə belə olub. Söz gözdən düşüb, danışmaq bihörmət olub, kəlmələr dəyərsizləşib.
Yeri gəlmişkən, Frankşteyn bədheybətə qadın yaratmağa qərar verir. Amma işin yarısına çatanda fikrini dəyişir və bütün əzələləri, orqanları yığıb suya atır. Bunu görən bədheybətin ümidləri darmadağın olur, "hər kəsin bir yoldaşı olsun, hər kəs öz tayın tapsın, bircə mən yalnız qalım? İçim sevgi dolu idi, danışacaq, paylaşacaq insana ehtiyacım var idi. Amma sən bütün arzularımı ayaqlarının altına aldın. Bundan sonra məndən qorx" - deyir və çox çəkmir, Frankşteynin bütün ailəsini məhv edir.
Türkan Turan
qadinkimi.com