UŞAQ / BÖYÜK
Günah təkcə qatillərdə olmur Tarix : 05 Avqust 2020, 09:25

Oğlumun 2 yaşı olanda oyun oynayırdı, mən də sakitcə onu müşahidə edirdim. Gördüm ki, bağça yoldaşlarının adını verdiyimiz kuklalarını çimizdirir, sonra da sudan çıxarır, öpüb yerə qoyur. Sevindim, çox sevindim. Bütün çabam bundan ötrüdür; onun ürəyinin sevgiylə döyünməsi, insanlara qucaq açması, onları sevməsi, öpməsi üçün... Böyüyüb yaşa dolanda övladımın içində zorakı bir insan görmək istəmirəm.

Ona görə də mən onu qucaqlayıram, o da kuklalarını. Bu, onun üçün balaca insanlardır, insan maketidir.

O, bağçaya gedən gündən hər çıxışımızda dayələrdən "Kimsə onu vurubmu?" deyə yox, "Ucal heç kimi vurmayıb ki?" deyə soruşmuşam. "Kim səni vursa, sən də onu vur" deməmişəm. Qorxuram, övladımın içində zorakı bir insan yetişməsindən qorxuram.

Onu ancaq və ancaq sevgisiz insanlardan qorumalı olduğumu düşünürəm. Onun içində sevgi cücərtmək, sevməyi öyrətmək istəyirəm. Əslində, sevməyi öyrətmirlər, sevməyi göstərirlər, sevirlər, o da sevir.

 

 Sevinc Fedai adlı şəxsin şəkli.

 

 

 


Evdə anası döyülən uşaq böyüyüb bacısını, arvadını döyür, hələ səbəb tapıb başqa qadınları da döyür. Döyülən uşaq döyür, söyülən uşaq söyür, əzizlənən uşaq əzizləyir, sevilən uşaq sevir. Ən dəhşətlisi isə odur ki, uşaqlığı mənəvi əzablar, fiziki zorakılıq içində keçən uşaqlar bunun qisasını bir gün hökmən alır. Bir yad qızından, yad oğlundan olsa belə, alır. Şüur altında onlar həmişə bu zorlama aktını həyata keçirirlər, bunun arzusuyla yaşayırlar, bu "həzzi" yaşayacaqları günü gözləyirlər.

Həmişə deyirəm, həyatda ən qorxduğum şey zorlanmaqdır; mənən zorlanmaq, ruhən zorlanmaq, cismən zorlanmaq... Heç cür beynimə sığışdıra bilmirəm, bir, iki, üç "kişi" bir qadını zorlayır və bundan həzz alır. Təsəvvür edirsiniz, bu insanların həzz anlayışı bundan ibarətdir. Çünki onlar da sevgisiz bir ailənin məhsuludur, onların dünyası, dünyagörüşü zorlamaq üzərində qurulub. Fərqi yoxdur, o zorlanma könüllü oldu, səssiz oldu, dişini-dişinə sıxaraq oldu, ya bağıraraq, dünyaya səs salmaq istəyərək... O zorlanma olub!

Biz isə bunların fərqində olmadan yaşayırıq, ərə gedirik, doğuruq. Uşağın əyni qalın, qarnı tox olsun, vəssalam! Vəssalam? Bu uşaq hansı hisslə böyüyür, bu uşaq ürəyində hansı arzular boy atır, bu uşaq həyata necə tutunub? Tutunubmu? Bu uşağın marağı nəyədir, gələcəyini necə görür, nələri sevir? Sevirmi?..

Uşağınız hansı musiqini dinləyir, nəyi oxuyur, nəyi izləyir? Birini də gözdən qaçırmayın, nəzarət edin, lütfən.

Bir müşahidə edin, uşaq baxdığı cizgi filmində balaca bir aqressiya gördüsə, onu mütləq öz hərəkətlərində hiss etdirir. Səbəbsiz yerə qışqırır, bağırır, ətrafındakı adamları vurur, yuxuda qorxur. Bax bu zorakılıq onun həyat tərzidirsə, onda o uşaq böyüyəndə zorlayır, boğur, öldürür, manyaka, qatilə çevrilir. Cəmiyyətin üzünə tüpürdüyü adama dönür.

Fikir verin, ətrafımızdakı insanların əksəriyyəti mənfi emosiyasını, aqressiyasını bildirməyə, hiss etdirməyə daha çox meyillidir. Adamları acılamaqla, ürəklərini qırmaqla, söyməklə öz eqolarını doyururlar. Belə deyim, bununla, sanki, həyatdakı yerlərini bərkidirlər. Bu da bir cür zorlamadır. Bax onlar olduqları yerdə, olduqları adamlar arasında axsayırlar, boşluqdadırlar, vurnuxurlar, incidirlər, incinirlər, demək, nələrisə çatışmır. Sevgisi olmasın?..

Bizdə sevgi, sevmək, sevdiyini demək ayıb sayılır sanki. Ata övladının yanında anasını öpə bilməz. Amma döyə bilər, söyə bilər, hələ nəsil-nəcabətini qəbirdən də çıxara bilər.

Həə, mən oğlumu ən çox bundan qorudum, qoruyacam da. Onun gözlərini, qulaqlarını filmin sevişmə səhnələrində yox, savaşma, söyüşmə səhnələrində tutacam. Siz də öz oğlunuzu qoruyun. Qoruyun ki, gələcəkdə bir qadının faciəsinə, həyatının qaralmasına, ölümünə səbəb olmasın. Unutmayın, günah təkcə qatillərin özündə olmur, onu yetişdirən, böyüdən ailədə, mühitdə, cəmiyyətdə olur...

 

 


Sevinc Fədai

 

qadinkimi.com