UŞAQ / BÖYÜK
Uşaqlara olan sevgimiz qadağaları üstələyir Tarix : 27 İyul 2020, 08:38

Eldə bir məsəl var, deyirlər uşaqla beş yaşadək ağa kimi, on beşə çatanacan nökər kimi, sonra dost kimi davran.

Sən demə elə digər xalqlar da buna bənzər münasibət qururmuşlar övladları ilə. Məsələn, ixtiraları, elmi uğurları ilə bir çox inkişaf etmiş ölkələri heyrətdə qoyan Yaponiyada beş yaşa kimi uşaq Allah hesab olunur, onun bir diləyi, istəyi belə yerinə yetirilməyə bilməz. Onun üçün heç bir qadağa yoxdur. O, "yox, olmaz” ifadələrini tanımaz... hətta oddan belə qorumazlar onu... "əl vurma , yandırar" ifadəsi yapon analarına yaddır. Əksinə, uşağın "əyani dərs" almağına üstünlük verərlər. Mütəxəssislərin söylədiyinə görə şəxsiyyətin bünövrəsi də bu illərdə qoyulur. Amma bizdə uşaqlara olan sevgimiz çox vaxt qadağaları üstələyir. Dahilər demiş "bəlkə qaydalar elə onları pozmaq üçün yaradılıb”...

... Yazın müjdəçisi qaranquşlar... Yüksək dərəcəli ustalar kimi diqqət ,həssaslıq və məsuliyyətlə özünə yuva quran bu quşları kim sevmir. Onların "tikinti" üçün seçdiyi yer də təsadüfi olmur, xeyli müşahidə apardıqdan sonra qərar verirlər. Bu yer insanlara yaxın, təhlükəsiz, yem tapmaq üçün rahat məkan olmalıdır. Samanla ya quru otlarla palçığı yüksək məharətlə qarışdıran evli cütlüklər işə böyük həvəslə işə başlayır və tezliklə bitirib ora yığışırlar. Deyirlər qaranquş yuva quran ev bərəkətli olur. Bu il bizim də eyvanımız bu gözəl quşların sevgi və diqqətini çəkib.... Yuvada beş yumurta var, gündüz işlərini başa vuran cütlük gecəni rahat mənzillərində keçirirlər.

Bəlli günlər ötüb keçir, həyəcanla gözlədikləri vaxt yetişir, artıq beş ətcə bala yuvanı bəzəyir... Valideynlərin qayğısı çoxalıb, hər səhər tezdən uçaraq yem dalınca gedir və tezliklə də qayıdaraq balaları növbə ilə yedizdirirlər. Gözləri hələ açılmayan köməksiz balalar ananın gəlişini hiss edərək sapsarı ağızlarını geniş açaraq yemi udur. Ta o vaxt gəlib çatır ki, artıq balalar uçmağı öyrənməlidir. Bu bir həyat dərsidir, hər iki valideyin övladını yuvadan çıxarıb geniş asimanı göstərir. Əvvəl özləri uçaraq dövrə vurur, sonra ehtiyatla körpələri də özlərinə qoşurlar...

... Həyat çox qəribədi, bütün canlıları bir istək birləşdirir, Yaradana, həyata, bir-birinə sevgi, qayğı, məsuliyyət hissi ...

...Başım üzərində səmada yeddi qaranquş süzür. Valideynlər öz quş dillərində səslənir, bəlkə də "uzağa getmə", ya nəsə başqa bir söz söyləyir, balalar da onlara eyni cür cavab verir. Sonra ata, ana onları səmaya sərbəst buraxır. Ta arxayın olanadək uzaqdan izləyir. Hər gün uçuş məsafəsi bir az daha artır , balalar özləri qida tapmağı öyrənir, yuvaya dönən yolları tanımağa başlayır, sakini olduğu dünyanın içinə enirlər. Sabahdan yuva gündüzlər boş qalacaq, axşam isə ailə üzvləri bir yerə yığışıb isti ocaqlarını bölüşəcəklər...Qaranquş və sərçə/Audio-nağıl - YouTube

 

 

 


... Yerdə yenicə yeriməyi öyrənən bir yaşlı oğlan sevinə-sevinə, yorulmadan həyətdə o baş, bu başa dolanır. Onu anası addım-addım izləyir.. Öz doğma ana dilində yol göstərir, yoluna çıxan maneələrdən ehtiyatla keçirir...

Qəlbimdən dəli bir istək keçir... Uçmaq!

Tez də bir sual doğulur, görəsən, Adəm övladı niyə uça bilmir?!..

Narahat düşüncəmə Tofiq Bayramın sinə səsi məlhəm olur:

Uçmağı quşlardan öyrənib insan,

Öyrənib səmada dövrə vurmağı.

Deyirəm quşlar da bəlkə bir zaman,

İnsandan öyrənib yuva qurmağı.

 

 
 
Şahnaz Şahin
 
qadinkimi.com