BURA / ORA
Xalqlar ayaqda, dünyada kütləvi protestlər - Qadınlar öndə! Tarix : 06 Noyabr 2019, 16:42
Yazar : Qadinkimi.com

 

Son dövrlərdə İraq, Livan, Ekvador və Çilidə etirazlar dalğası müşahidə edilir. Üsyanların fərqli ölkələrdə fərqli səbəblərlə baş qaldırdığına baxmayaraq, ortaq xüsusiyyətləri də var.

Hər şeydən əvvəl bu ölkələr müharibə, vətəndaş müharibəsi, işğal və ya çevriliş yolu ilə böyük güclərin müdaxiləsi ilə üz-üzədirlər. Üstəlik, hər biri kapitalizmin 2008-ci il böhranından sonra ağırlaşan istismar problemləri ilə çalxalanır. Azalan gəlirlərin əksinə inflyasiya və bahalıq, ağır vergilər, qiymət artımları, sosial təminatda kəsintilər, səhiyyə, təhsil kimi xidmətlərin pullu olması, işsizlik, korrupsiya vəziyyəti daha da dözülməz edib.

Bu etiraz dalğalarının digər bir önəmli ortaq cəhəti də qadınların ön sırada yer almasıdı.

İraq: Qadınlar hazırladıqları sendviçləri küçədəki etirazçı gənclərə dağıdır, yaralılara yardım edirlər. Ölkə küçələrində əllərində sloqanlarla hökumətə qarşı etirazlarını bildirirlər.

Korrupsiya, səhiyyə və təhsil xidmətləri və su, elektrik kimi təməl ehtiyaclardakı çatışmazlıqlardan qaynaqlanan problemlər, xüsusilə gənclər arasında çox rast gəlinən işsizlik İraq xalqının səbrinin daşmasına səbəb olub. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üzvü olan ölkələrin hər gün artan zənginliyi ilə yaşadıqları yoxsulluq arasındakı uçurumu görən və rədd edən İraq xalqı bu dəfə daha fərqli cavab verdi. Adil Abdulmehdi hökumətinin küçəyə çıxma qadağasını yox sayaraq "Bizi evdə tuta bilməzsiniz” sloqanı ilə küçələrə axışdılar.


 

İraqdakı etirazlar qadın iştirakçı sayında müşahidə edilən artımla da dünya gündəmindədir. Dünya İqtisadi Forumunun hər il yaydığı hesabatda 149 ölkə arasında 147-ci sırada olan İraqda qadınların kütləvi şəkildə küçələrə çıxma səbəbləri var. Əhalisinin 40%-nin qadın olduğu ölkədə hər 10 evdən birinin "başçısı” qadındır və onların 80%-i həyat yoldaşlarını itirənlərdir. Buna baxmayaraq, çalışan qadın sayı kifayət qədər aşağıdır (190,8%). Bundan əlavə, qadının icazəsi ilə ərinin bir neçə evlilik edə bilməsinə rəsmi icazənin olması, İŞİD-in nəzarəti altında olan bölgələrdə yaşanan köləlik və təcavüzlər də səbəblər arasındadır. 


Livanda 17 oktyabrda Nazirlər Kabinetinin 2020-ci il büdcə müzakirələrində Muhammed Şukayr watsapp istifadəsinə vergi tətbiq ediləcəyini açıqladı. Bu açıqlamadan sonra inflyasiyadan bezən yüzminlərlə insan küçələrə axışdı. Nümayişlərin 4-cü günündə 6 milyonluq əhalidən etirazlara qoşulanların sayı 2 milyonu keçdi. Hökumət vergi islahatından vaz keçdiyini, 2020-ci ildə yeni vergilərin olmayacağını elan etdi. Eyni zamanda yoxsul ailələr üçün əlavə yardım sözünü də verdi. Ancaq bu vədlər Livan xalqını sakitləşdirmədi. Korrupsiya və işsizlik kimi problemlərlə boğuşan livanlılar hökumətin istefasını tələb etdi. Etirazlar nəticəsində baş nazir Saad Hariri istefa verdi. Xalq isə "hamınız istefa verin” sloqanı ilə hökumətin bütünlükdə dəyişməsini istəyir.

 

Livanda da İraqda olduğu kimi etiraz dalğasında qadınlar ön sıralardadır. Çünki orda da qadının yeri ürəkaçan deyil. Livan Beynəlxalq Cinsiyyət Uçurumu hesabatında sondan ikinci (147) yerdədir. Nümayişlərdə qadınlar "Təcavüzə qarşı inqilab!” sloqanını da səsləndirirlər 


Ekvador: Oktyabr ayında prezident Lenin Moreno yeni iqtisadi paketi açıqladı. Yanacaq yardımının dayandırılması ən çox kəndlərdə yaşayan insanları çətin vəziyyətə salacaqdı. Bu səbəblə ölkənin fərqli yerlərindən minlərlə yerli əhali paytaxt Quitoya axın etməyə başladı. Bundan əlavə, keçən fevralda 10 milyard dollarlıq borc anlaşmasına məcbur edilən işçilərin 3 oktyabrdakı etirazları tələbələrin və yerli əhalinin dəstəyi ilə daha da genişləndi. Moreno dərhal 60 günlük fövqəladə vəziyyət elan edərək ordunu xalqın üzərinə saldı və etirazları qanla susdurmağa çalışdı. Nəticədə geri addım atmağa məcbur oldu və islahatları dayandırdı. 


Ekvadorda da polis şiddətinə rəğmən hökuməti geri addım atmağa məcbur edən hərəkatın əsas hissəsini qadınlar təşkil etdi. 12 oktyabrda "Birləşən qadınlar əsla məğlub olmaz!” sloqanı ilə yerli qadınların işçi və tələbələrlə birlikdə təşkil etdikləri etiraz yürüşü nümayişlərin uğurla nəticələnməsində mühüm rol oynadı. 

 

 


Çili: Latın Amerikasının iqtisadi və siyasi sabitlikdə nümunəvi ölkəsi kimi göstərilən Çilidə son 30 ildə görülməmiş sosial partlayış yaşanır. Və bu nümayişlərdə də qadınlar irəlidədi.


Oktyabr ayında paytaxt Santyaqoda metro qiymətlərinin 30 pezo artırılması və bu qərara etiraz edən gənclərə polisin şiddət göstərməsi 18 oktyabrdan etibarən nümayişlərin bütün ölkəyə yayılmasına səbəb oldu. Prezident Sebastian Pineranın nümayişlərə cavabı geçikmədi. O, hökumətə qarşı müharibə başladıldığını söyləyərək fövqəladə vəziyyət elan etdi və 16 bölgədə küçəyə çıxma qadağası qoydu. Etiraz dalğasının daha da şiddətləndiyini görən Pinera xalqdan üzr istəyib 10 maddəlik yaxşılığa doğru islahat edəcəyini açıqlasa da, etirazlar davam edir. Etirazlar zamanı küçələrdə nümayişçilərə dövlətin şiddət göstərməsi etiraz dalğasını daha da gücləndirdi.

Çili mediasında verilən xəbərlərə görə, nümayişçilərlə polislər arasında ara-sıra toqquşmalar baş verir. Polis sərt cisimlər atan etirazçılara su və bibər qazı ilə müdaxilə edir.

Digər tərəfdən, iki qadın polisin üzərinə Molotov kokteyli atılması nəticəsində yaralandığı deyilir.


İşgəncəylə həbs edilənlər arasında qadınlar xüsusi olaraq hədəf alınıb. Bir çox qadın həbsdə ikən çılpaq vəziyyətdə işgəncəyə, təcavüzə məruz qaldığını bildirir.


23 nəfərin ölümünə və 1200 çox insanın yaralanmasına səbəb olan etirazlar 19 gündür davam edir. 



 

 
 
ekmekvegul.net 
Qadinkimi.com