Manikürə getmişəm, istədiyim formada etməyib. Niyə belə soruşuram, dərhal düzəltmək yerinə məni günahkar çıxarır: Siz belə istədiniz, siz demədiniz, axı və s. Saçımı boyadıram, rəngi səhv qoyub, niyə soruşuram, siz belə istədiniz. Taksi səhv ünvana aparır. Niyə soruşuram, siz səhv yazmısınız. İş sifariş edirəm, düzəldə bilməyib. Niyəsini öyrənirəm, günah sizdədi deyir.
Ən xırda hadisələri misal çəkdim.
Çox önəmli məsələlərə dırnaq boyda münasibət görürük bəzən. Bəzən ən ciddi məsələlərə saç rəngindən daha vecsiz yanaşıb necə gəldi boyayırıq. Bütün bunlar da bizi getməli ünvandan yayındırıb lazımsız yerə aparır.
Ən qlobalında da belədi. Bizim yanlışımızdı, düzəltməyə ÇALIŞARIQ deyənini görmürük. "Düzəldərik” yox, heç olmasa: çalışarıq. Ən azı "görünür, bizdə yanlış var”.
Mütləq başqa - mücərrəd bir qüvvəni suçlayırıq. Yaxamız kənara çəkməyimiz üçün əlimizdə hazırdadı.
Məsuliyyəti üzərinə götürmək istəyən, hiss edən azdır. Reklam haqqında AR Qanunu, 10-cu bənd sosial reklama aiddi. Aydın yazılıb: 10.2. Sosial reklamın sifarişçiləri dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdir. 10.5. Hər bir reklam yayıcısı
8 % sosial reklama yer ayırmağa borcludur!
Ölkənin bütün sahələri önəmlidir, təhsilindən hüququna kimi. Amma hər sahənin də sosial mövzulara yer vermək kimi öhdəliyi var. Sağlam həyatdan sağlam davranışa kimi - psixoloji, mənəvi, mədəni olan doğruları təbliğ etmək mütləqdir. Cinsi qısnamadan kollektiv təkləməyə, şərəf-ləyaqət alçaldılmasından, narkomaniyaya, ailə münasibətlərinə, həssas qrupla davranışdan uşaq hüquqlarınadək hər şeylə bağlı iş aparmaq vəzifəsi var.
Bütün məsuliyyəti dövlətin üzərinə ataq demirəm. Yalnız! Dövlət olmaq asandırmı? Əlbəttə, məsuliyyətin hər kəsdən daha çoxdur. Dövlət dediyin ayrı-ayrı qurumların cəmidir. Haçağacan prestij xətrinə məmur olacağıq? Məmur olmaq ölkənin bir qulpundan da sənin yapışmandı. Çiynində bir yükünü də sənin daşımandı. Bacarmayacağın işə gərək getməyəsən. Vəzifəm olsun görməmişliyi ilə tələsik kürsüyə qaçmayasan.
Kabinetçilikdən qurtulmaq gərəkdir. Stalinizm dövrü deyil. Dövlət məmuru problemə qorxa-qorxa ütülü, gücənərək cavab verməz. Bir az relaks... Dünya parlamentariləri, dövlət adamları nə qədər emosiyalarla doludur. Kanadanın baş nazirindən Türkiyə prezidentinəcən. Adamlar başdan ayağa emosiyadırlar, insanlıq halındadırlar. Biz adicə məktəb direktorunun açıqlamasından heç nə başa düşə bilmirik. Rəsmi danışmağa çalışırlar, dartınırlar, gözlərini döyürlər, "filan saat radələrində filan hadisə baş verMİŞDİR”. Bu mışdırlar, radələr dönəmi çoxdan bitib. İndi dünyada məsələn, sadə ata, ana, insan, vətəndaş erkən nikaha necə reaksiya verərsə, məmur da o cür danışır. Vurnuxmağa, kitab cümləsi axtarmağa enerji xərcləmək yerinə problemə həqiqi münasibət göstərib onu çözmək olar. Ən emosiyasızı xanım Merkel idi, ona da sual verəndə, bu bizim yanlışımızdı, düzəltməyə çalışacağıq deyirdi.
Komplekslərdən qurtulmaq gərəkdir. Problem varsa danışmaq, çarə tapmaq da var. Ört-basdır edib, haracan gizlənəcək, gizlədəcəyik? O məişət rəzalətini çılpaqlığı ilə efirə daşıyan verilişlər kimi yox, normal-sağlam insan kimi yanaşaq bu cəmiyyətin qüsurlarına - peşəkarca.
Demirəm hər şey bərbaddı, yox. Səhərdən axşama çalışan qurumları orada işləyən insanların zəhmətini də görürük, təşəkkür edirik. Kimsənin əziyyətini yerə vurmaq niyyətim yoxdur. Deyirəm cəmiyyətimizin üzünə dik baxıb irinləri görək, gözümüzü qaçırmayaq, "baxsam, günahı mənə yazılar” düşünmədən el birliyi ilə çözək, sağaldaq.
Dünya təcrübəsindən yararlanaq.
Bəzən ekspertlərin "Avropa bizim mənəvi dəyərlərimizi dağıtmaq istəyir” janrında çıxışları toplumda yanlış effekt verir. Bu cür çıxışlar plebeylər ordusu formalaşdırır. Sivil, eleqant cırlıq yaradır. Dünyaviliyə qarşı işləyir. Təhlükəlidir. Altından çıxmaq mümkün olmaya bilir. Örnəklərdən özünüz xəbərdarsız.
Finlandiyada uşaq sektorunda olan şirkətlərin sosial öhdəliyini tətbiq edə bilərik, məsələn. Təkcə məhsul satıb pul qazanmırlar, yardımlar edirlər, ödənişsiz tamaşalar göstərirlər, cizgi filmləri çəkdirirlər, hədiyyələr paylayırlar, uşaq hüquqlarına qatqı verir öyrədici işlər aparırlar. Çətin bir mexanizm deyil. Qura bilərikmi, məncə, bilərik.
İctimai təşkilatlar, nazirliklər, partiyalar, media, özəl sektor hər kəs özünü məsul hiss etsə, çox şeyi daha sürətlə yoluna qoymaq olar. Benjamin Franklinin məşhur "Vaxt puldur” konseptindən sonra okeanın o tayındakı tarixi sıçrayışı bilirsiz.
Öhdəlik varsa hardadır?