Həsrət - Kəmalə Səlimdən hekayə Tarix : 17 Fevral 2019, 15:49
Yazar : Qadinkimi.com

 

Hava limanında ətrafa baxınırdı. Hər irqdən, hər millətdən nümayəndə varıydı. Zəncilərə baxıb görəsən saçlarını necə yuyub darayırlar deyə fikrindən keçirtdi. Elə bu an hansı millətdən olduğunu kəsdirəmməsə də, slavyan olduğunu dəqiq bildiyi, əksəriyyəti qızlardan ibarət olan bir dəstə zala daxil oldu. Nəşəli hay-küyləri məsudluqdan xəbər verirdi. Şortiklərinin qısalığına nəzər salanda mənim şalvarımdan düz üçünə də şortik tikilib deyə fikirləşdi. Boylarının hündürlüyü, mütənasib bədən quruluşu, cazibədarlıqları bütün salonun nəzərlərini bir andaca onlara tərəf çevirdi. Bunu hiss etdiklərindən daha da şənlənib, sərbəstliklərinin üstünə bir on da qoydular. 
 
 

Narazı qaldığı ayaqlarını topuğuna çatan ətəyinin altında yaxşıca gizlətdi. Simasına elə bir pərtlik çökdü ki, sanki " Kifirlər müsabiqəsi " ndə ən azı üçüncü yeri tutmuşdu...

Diktor Praqaya uçan təyyarənin vaxtında dəyişiklik edildiyini elan etdi. Dəstə necə gəlmişdisə, eləcə də hay-küylə salonu tərk etdi. Gözləyənlər onları nəzərləriylə salonun çıxış qapısına qədər ötürdükdən sonra yenə də əvvəlki vəziyyət bərqərar oldu.
Heç vaxt Həsrətin yolunu gözləmək kimi xoşbəxtliyi yaşamadığını anladı. Çoxlarının xoşuna gəlməyən, haqqında olmazın mənfiliklər söylənilən bu adamı niyə belə sevdiyini anlayammadı. Hər zaman " Sovet tərbiyəsi almışam " deyib bütün davranış və tərbiyəsində qüsura yol verməyən, həqiqətən də etik normaları sadiq komsomol kimi gözləyən biri olaraq, çoxlarına örnək idi. Di gəl Həsrət qonusunda bu mizanı itirirdi. Neyləsə də vüqarı sınır, gözlərində yaranan işığı gizlədə bilmirdi. Oğlanın ona layiq olmadığının (sevgisinə) fərqində olsa da, ürəyinə söz keçirə bilmirdi. Adı çəkiləndə belə ürəyi zəlzələdə əsən divar kimi titrəyirdi. 

Onunla eyni simpoziuma düşmək üçün nə qədər əziyyət çəkmişdi. Bu səfər-Monakoya getmək üçün əldə etdiyi pulu az qala bir ilə qənaət etmişdi.
 İki il əvvəl əriylə birgə getdiyi beş günlük ezamiyyət zamanı sanki nağıllar aləminə düşmüş, heyrətdən gözləri böyümüşdü.(Ərinin müdirinin qaynanası öldüyü üçün gedə bilməmiş, əvəzinə işçisini göndərməlıi olmuşdu) Mebellərin əzəməti və rahatlığı, personalın kübar münasibəti onu nə qədər sevindirmişdisə də, bir o qədər də kədərləndirmişdi. Neyləsə də məsud ola bilməmişdi. Ordan dönər-dönməz yenə də kasıb, dır-dırla keçən həyatını yaşamalı olduğunu yadından çıxarda bilməmişdi. Baxdığı tarixi məkanlar, muzey, dəlilər kimi sevdiyi dünya gözəli, şahzadə Qreysə məxsus olan geyim və aksesuarlar, ətrafın ecazkar gözəlliyi, təmizlik, heç nə onu bəxtiyar edə bilməmişdi. Bir gözü güləndə, o biri ağlamışdı. Ayıb olduğunu bilsə də elə Həsrəti gözönünə gətirmiş, bu oteldə, bu şəhərdə onunla üçcə gün keçirməyi cənnət qəbzi kimi dəyərləndirmişdi. Xəyalən etdiyi xəyanətlərdən utansa da, vicdanı sızıldamamışdı. Hər zaman haqq-hesab tərəzisində çəki daşlarına güclü nəzarət etsə də bu dəfə özünə haqq qazandırmış, müvəqqəti də olsa sevib-sevilməyin onun da haqqı olduğunu düşünmüşdü. 
İndi gözləmə zalında əyləşərək Həsrətin nə vaxt gəlib çıxacağını gözləyir, bu görüşün guya təsadüfi alınması üçün məşq edirdi. Bu oğlanda nə var axı, niyə onu görər görməz, hətta adı çəkiləndə belə aciz duruma düşürəm? Mənə qarşı laqeyd olan birinə niyə bu qədər cəzb olunuram axı? Ay allah, sənə qurban olum, nolar mənə kömək elə. Onun (kimsənin) qarşısnda məni aciz duruma salma. Bu günə qədər adım üstümdə yaşamışam, nolar məni heç kimin ağzına söz etmə.

 Eynəkli, qəzet oxuyan kişinin ona zillənən baxışlarından anladı ki, allahla arasında olan dialoqa başqası da qonaq olub. Kişiylə baxışaraq "Rolumu əzbərləyirəm”- deyib qızardı. Deyəsən özbək olan kişi onu aktrisa zənn etdi. Və bu onun ürəyini sıxdı. Kaş səhnədə aktrisa olaydım, həyatda yox. Nolaydı bu, həyatda öz-özünə baş verəydi. Məni sevmək olmazmı?! Məgər mən sevilən qadınlardan əskiyəmmi?! Ay allah, kaş özümdə cəsarət tapaydım, qarşısına keçib deyəydim ki, səni sevirəm, səndən xoşum gəlir. Belə ölürəm səndən ötrü! Bəlkə də yazığın gözü kəlləsinə çıxardı vallah. Deyərdi, bu qadının başına hava gəlib. Off, bəxtəvər azad düşüncəli qadınların başına. Bu nə həyatdı axı?! Doğulandan ölənə kimi bir işimizi özümüz həll etmirik. Məktəbə gedirik anamız, instituta qəbul oluruq atamız, ərə gedirik mütləq surətdə qardaşımızın onayı lazımdır. İşə də gedəndə ərimizin. Yaxşı ki mağazadan çörək alanda icazə istəmirik heç olmasa...

       Təyyarəyə minik başlanması elan edildi. Həyəcanla giriş qapısına boylandı. Aman allah, birdən gəlməz, ölərəm ki mən onda. Bu səfərin pulunu düzəltmək üçün on aydan çoxdu pul yığıram. Hər manatı kənara qoyanda bu gün üçün köklənmişəm. Məndən xoşu gəldiyinə adım kimi əminəm. Ümumiyyətlə, sevildiyini dərk etməyən qadın yoxdu deyirlər. O da mənimlə birgə getdiyi üçün sevinclidir, amma gizlədir. Niyə də olmasın ki? Elmi adım, diplomum, nailiyyətlərim hamıdan artıqdır ki, əskik deyil. Qadın kimi də beşindən əskik olsam da, onundan artığam. Monakonun füsunkar təbiətində, romantik xiyabanlarında,  gözəl yay havasında (bir-birindən rəngli paltarlarını xəyalında canlandırdı) ilhama gəlməmək, sevməmək mümkün deyil axı?!  Elə bildi ki, yenə pıçıltıyla danışır və hamı da onu eşidir. Hürküb ətrafa baxındı. Şükr bu dəfə ürəyində dərdləşirmiş, eşidən olmayıb. İstər - istəməz özbək kişiyə nəzər salıb, aktrisa sözünü xatırladı. Görəsən bu yaşlı əminin də həyatda aktrisa olmağın daha çətin olduğundan xəbəri varmı deyə köks ötürdü.

      Hər nə qədər özünü sakitləşdirmək istəsə də, Həsrətin gəlməmə ehtimalını fikirləşəndə canına vicvicə düşdü. İmkanlı adamdır, nəyinə lazımdır ki ictimai işlərdən ötrü özünü öldürsün. Bir də ki biletin bahasına pul verməyib ki? Zalımın oğlu kefdədi vallah. Hər ay həm işi üçün gedir, həm də dünyanı gəzir. İlahi, nolar məni belə sınağa çəkmə. Bu imtahandan çıxa bilmərəm ki, ölərəm mən. 
 


    Monakoya uçan sərnişinlər qeydiyyata yaxınlaşırdılar. Ürəyi partlamaq dərəcəsində döyünür, hulqumu düyünlənirdi. Elə bil nə isə çox pis hadisə baş vermişdi. Və bu hadisə Həsrətin gəlməməsindən də betər idi. Pasportunu açaraq baxdı və bunu niyə etdiyini anlamadı. Çətinliklə də olsa ayağa qalxaraq, qeydiyyat tərəfə süründü. Elə bu vaxt qulağının dibində nəşəli səs eşitdi:
-Salam, xoş gördük. Necəsiniz?
- Aa salam. Salam təş... təşəkkür edirəm. Yaxşıyam, siz necəsiz?
- Bizik də, həmişəki kimi iş-güc, normal sayılır-çox ədayla danışırdı.
-Siz hara belə soruşmaq sirr deyilsə?
-Monakoya, işlə bağlı-gözünü bütün zal boyu hərlədərək cavab verdi.
- Aa siz də? Təsadüfə bax, mən də ora uçuram. Həsrətin dalğınlığı ürəyini sıxdı.-Deyəsən narazısınız. Elə bil sizi bu səfərə zorla göndərirlər. Mənim kimi demək istədi, gördü ağ olar, susdu. 
- Yoox niyə ki? Monte-Karlo gözəl yerdi, çox cevirəm oranı. Üçüncü dəfədir gedirəm. 
-Eləmi, hə düz deyirsiniz, mənim də çox sevdiyim məkandır. Ürəyində özünü asıb-kəsdi. Məkan nəydi, başına söz qəhətdi?!
- Siz nə yaxşı gedirsiniz?
-Əslində başqa tədbir varıydı, amma buraya getməyə razılıq verdim. Yalanından pul kimi qızardı. Ancaq Həsrətin fikri bir qarış havada olduğundan bu dəyişikliyi sezmədi. Situasiyadan çıxmaq üçün cəld - Qəribə yerdir,- dedi, bir dənə Beynəlxalq universitetləri var, amma bütün dünyada məşhurdurlar. Bizdə bu qədər ali təhsil ocağı, amma... 

    Oğlanın gözləri ona baxırdı, fikrisə tamamilə başqa yerdə idi. Həsrəti itirmək qorxusundan uçunurdu. Onun bunu hiss edəcəyindən dəhşətə gəlirdi. Əlacı olsa oğlanı büküb cibinə qoyardı. Özünü tox tutmağa çalışaraq:
 -Mən də qeydiyyata  hazırlaşırdım - dedi.
- Buyurun o zaman. Sizə eşlik etməkdən çox məmnun olaram deyib Həsrət qadını önə buraxdı.
 


    Aylarla həsrətində olduğu görüşün reallaşması şokunu yaşadığı üçün yerdə, ya göydə olduğunu kəsdirəmmədiyi halda registrasiya pəncərəsinə yaxınlaşdılar. Hər şey tamamlandı. Yalnız səadət fışqıran dəhlizə doğru addımlamaq qalırdı. Arzuların qanad taxaraq uçduğu o nağıl dünyasına lap az qalırdı. Dəqiqələr sonra xəyalının şahzadəsilə birgə keçirəcəyi beş günün şərabından sərməst olacaqdı. 
Elə bu zaman bir xanımın onlara tərəf gəldiyini gördü. Səbəbini bilməsə də çox qorxdu. Qadın yaxınlaşan kimi cingiltili gülüşlə fransızca salam dedi. Bu qadının bir qədər öncə onun qarşısından keçdiyini xatırladı. Həsrət təbəssümlə qarşılıq verərək, ona tərəf döndü:
-Tanış olun, Esya  xanımdır. Bizim şöbənin yeni elmi işçisidir. Bu səfərə o da ezam olunub. Belə, hər şey hazır olduğuna görə irəli - deyə güldü və gənc xanımın qoluna girərək, tunelə doğru addımladı. 

 


 

qadinkimi.com