UŞAQ / BÖYÜK
Özünü güvənsiz və lazımsız hiss etmənin səbəbləri Tarix : 19 Avqust 2019, 15:58
Yazar : Qadinkimi.com
Son zamanlar dilimizə zorakılıqla bağlı yeni bir termin daxil olub. Terminin beynəlxalq adı "bullinq"dir (bollying). 

Termin yeni olduğundan bəlkə də cəmiyyətimizdə bu haqda məlumatı olan çox az adam var. 

Bullinq nədir? 

Bullinq hər bir sosial qrupda bir şəxsin digərinə göstərdiyi aqressiv təsirdir. Bu sosial qrup-məktəbdə sinif yoldaşları, universitetdə qrup yoldaşları, iş yoldaşları və s. ola bilər. Son vaxtlar məktəblərdə bullinq halları artıb. 

Bunun səbəbi nədir? 

Bir şagirdi bullinqə sövq edən nədir? 

Problemin kökünü ailədə və valideynlərdə axtarmaq lazımdır. Bullinq prosesində hər iki tərəf qurban sayılır. İki tərəf olur: aqressiya nümayiş etdirən şəxs (buler) və aqressiyaya məruz qalan şəxs (qurban). Hər iki qurbanın səbəbkarı böyüklərdi. 
Etiraf edək ki, cəmiyyətimizdə psixoloji
maariflənmə səviyyəsi çox aşağıdır. Əgər valideynlərimiz psixoloji cəhətdən savadlı olsalar, müxtəlif yaş dövrlərində uşaqla necə davranmalı olduğunu öyrənsələr, bu cür hallar baş verməz. Valideynlərin uşaqlara yalnız bioloji varlıq kimi deyil, sosial varlıq kimi yanaşmağı labüddü. 
Uşağı buler kimi davranmağa yönləndirən səbəblərdən biri də ona sosial varlıq kimi yanaşmamaqdır. Əgər uşaq evdə valideynləri tərəfindən dinlənilsə, onun fikirlərinə önəm verilsə, sevildiyini hiss etsə, ailəsində önəmli və sevimli biri olduğunu anlasa, başqalarına qarşı aqressiv və alçaldıcı hərəkətlər nümayiş etdirməz.

Sevgi, qayğı defisiti yaşayan uşaqlar digər uşaqlar üzərində özlərini sübut etmək istəyirlər. Daxillərindəki acını başqalarının da yaşamasını istəyirlər. 

Dünyanın bütün ölkələrində məktəblərdə bullinq hallarına rast gəlinir. İnkişaf etmiş ölkələrdə bullinqin qarşısını almaq üçün xüsusi proqramlar hazırlayırlar. 

Liviyanın başçısı olmuş Müəmmar Qəddafi də məktəb illərində bullinqə məruz qalıb. Onun sinif yoldaşı olmuş Miftəx Əli öz xatirələrində yazıb: "Sinifdə 3 nəfər səhrada böyümüş bədəvi idik. Şəhərli sinif yoldaşlarımız bizə lağ edir və bizi ələ salırdılar. Ona görə də biz bu rəzil həyatdan bezib səhraya çadırımıza qayıtmaq istəyirdik. Amma o, hər zaman bizə qarşı çıxar, - Qoy onlar bizi yoxsul və vəhşi kimi qəbul etsinlər. Onların ailələri zəngin olsalar da, həyatı bizi qədər anlamazlar, - deyərdi". 

Bullinqə şəxsin möhkəm iradəsi ilə  güc gəlinsə də, uşaqlıq yaddaşında travma qalır. Alçaldılan insan əlinə fürsət düşəndə diktatora çevrilə bilir, başqalarını alçaldır və özünü büt elan edir. 

Bullinqin pataloji xüsusiyyətləri var. Onlardan birincisi, şagirdin akademik göstəricilərinin aşağı olmasıdır. Təbii ki, məktəbdə təzyiqə məruz qalan uşaq oradan uzaqlaşmağa başlayır. Uzaqlaşmanın səbəbi müəllim və məktəb rəhbərliyi, psixoloq tərəfindən araşdırılmalı, səbəbin üzərində işlənməli və müsbət nəticəyə doğru həll olunmalıdır. Məsələnin həlli prosesində savadlı və peşəkar mütəxəssislərə ehtiyac duyulur. Amma böyük təəssüf hissi ilə qeyd etmək olar ki, məktəblərdə şagird - psixoloq kommunikasiyası çox zəifdir. Şagird alçaldıcı, təhqiredici hərəkətlərlə üzləşdikdə hisslərini, fikirlərini, düşdüyü situasiyanı bölüşəcəyi, onu anlayacağı insana ehtiyac duyur. 

Uşağa qarşı anlayış göstərən şəxs məktəbdə müəllim evdə isə valideyndi. Pedaqogikada müəllimin kommunikativ qabiliyyətləri sırasına "perseptiv qabiliyyət" adlanan bacarıq daxildir. Bu, hər bir pedaqoqda olmalı qabiliyyətdir. Perseptiv qabiliyyət müəllimin şagirdin daxili aləminə nüfuz edə
bilməsidi. Şagirdin şəxsiyyətini və müvəqqəti psixoloji vəziyyətini incəliklərinə qədər başa düşmək bacarığıdır. Bu cür peşəkarlığı olan pedaqoq şagirdin psixi vəziyyətini hər anda anlayır. Kiçik zahiri əlamətlə şagirdin daxili aləmini görə bilir. 

Əslində, bullinq zamanı şəxsin daxili aləmindəki narahatlıq davranış və hərəkətlər vasitəsilə ifadə olunur. 

Bullinqin bir neçə növü var. 
Buler öz qurbanına bir neçə yolla təsir göstərə bilir: 

1.Vörd bullinq - söz vasitəsilə təsir etmək; Bura ad çəkmək, lağa qoymaq, yaşına uyğun olmayan seksual sözlər söyləmək və s. aiddir. 

2.Fiziki bullinq - döymək, təpikləmək, çimdikləmək, əşya sındırmaq, kəskin və kobud jest və hərəkətlər etmək;  

3.Sosial bullinq - kimsə haqqında şaiyələr yaymaq, ictimaiyyət qarşısında kimisə utandırmaq, nüfuzdan salmaq, qəsdən sosial qrupdan kənarlaşdırmaq və s. kimi hərəkətlər; 

4.Kiber bullinq- müasir zamanda ən çox yayılmış buling növüdür. Mesajlar vasitəsilə insanları alçaltmaq, sosial şəbəkələrdə digər şəxslərin şəkillərini, videolarını, şəxsi yazışmalarını paylaşmaqla insanları təhdid etmək, qorxutmaq, hesabları sındırmaq və s.                    
 
Bullinqə məruz qalan şəxslər özlərini güvənsiz, dəyərsiz və lazımsız hiss edirlər. Onlarda özgüvən hissi çox aşağı olur. Daim günahkarlıq, köləlik və itaətkarlıq hissi yaşayırlar.   Bullinqin "pik nöqtəsi" isə intihardır. Son illərdə yeniyetmələrin intiharları ilə nəticələnən bullinqlərə rast gəlirik. Psixoloji savadlanmanın səviyyəsi yüksəlsə, valideynlərimiz beyinlərinin köhnə libasını atıb yenisini geyinsələr, bu problem tədricən öz həllini tapar.
 

Zarema Əliyeva, İsmayıllı
qadinkimi.com