SEVGİ, QADIN / KİŞİ
Özümə məktub - Görüşmək ümidiylə, mənim Özüm Tarix : 08 Avqust 2020, 19:08

ƏN BÖYÜK ARZUM SƏNİNLƏ BİR DƏ GÖRÜŞMƏKDİ


Salam, necəsən? Çoxdan ayrılmışıq, bilirəm axtraıb aramadığım üçün məndən incimisən, elə mən də. Bilirsən, elə ayrıldıq ki, həsrətin, hicranın belə uzun olacağı heç birimizin ağlına gəlmədi. Ona görə bəlkə ikimiz də günahsızıq, bəlkə də... Amma inan ki, bu illər ərzində həmişə xəyalınla danışmışam, hər yerdə gözüm səni axtarıb, sevincim yoxluğunla azalıb, kədərim çoxalıb. Hər gecə yuxu mələklərinə yalvamışam ki, səni yuxuma gətirsin...

İndi bir "necəsən?” sualına sığmayacaq nisgilimiz var, elə ikimiz də tənhayıq əslində. Yadındadı, həyətimizdə bir qollu-budaqlı şahtut ağacı vardı, indi də durur. Durur deyəndə ki, anamızdan sonra yamanca fikir elədi o da, dözmədi, yarpaqlarını tökdü, budaqları qurudu, axırı qardaşım baltayla quru budaqları kəsib tökdü yerə. Yaman etibarlıymış, bir də gördük yeni yaşıl pohrələr verib, bilirsən nə qədər sevindik! İndi əvvəlki qədd-qaməti olmasa da yenə yaxşı bar verir, yayda uşaqlar altına "dor” tutub çırpırlar, tutları da bal kimi şirin! Yaşı yüzü haqlayıb, zarafat deyil e, bu yaşda şax dayanmaq, bar gətirmək, ürəkləri sevindirmək. Bilirsən də o, bizim çətin günlərdə qolumuzdan tutub, çörəyimizin yavanlığı, cibimizin pulu olub. Eh, o günlərə günmü çatar..!? Sözün qüdrətinə arxalanıb ona bir heykəl də yonmuşam, gör necədi:

 

Bir zamanlar budaq-budaq gəzdiyim,

Tut ağacı, səndə izim dururmu?

Böyüklərin incidiyi, bezdiyi,

Şıltaqlığım, dəcəlliyim dururmu?

Yadındamı sənlə çörək kəsdiyim,

Hirslənəndə cığallığım, tərsdiyim.

Öz əlimlə tovladığım, asdığım,

Şah budaqda yelləncəyim dururmu?

Çətrin örtən o balaca evimiz,

Arxasında təndir, ocaq yerimiz.

Qızıl inək, qoyun-quzu, tövləmiz..

Pəncərəmdə qızılgülüm dururmu?..

Birlikdə olanda özümü arxalı, köməkli sanırdım, sənsiz elə kövrək olmuşam ki... Orta məktəb, sonra da ali məktəb illərini unuda bilməzsən, bilirəm, axı o illər hər şey başqa cür görünürdü bizə. İrəlidə uzun, bitməyəcək hesab etdiyimiz ömür, dörd yanımız da xoşbəxtliklərlə limhəlim dolu. Hələ ayrılıqlardan, göz yaşlarından, qəm-qüssədən uzaq bir adada idik sanki, lap gecələr gizli qanad taxıb uçurduq da yuxularda, yadındadı? Yayda, aylı gecələrdə anamın açıq balkonda yer salıb üstünə də ağcaqanaddan qorunmaq üçün qurduğu miçətkənin içində uzanıb səmada ulduzları saya-saya yuxuya getdiyimiz necə? Səni bilmirəm, mən hərdən elə qorxurdum ki... Amma anama da demirdim, tezcə gözlərimi göylərdən çəkib yatmağa çalışırdım... Bilirsən, niyə qorxurdum? Anam demişdi ki, Ay dəcəl uşaq olub, anası da bir gün hirslənib ona bir sillə çəkib, Ayın üzündə o vaxtdan ləkə kimi qalıb o sillənin yeri! Mən də hər gecə uzun-uzadı o ləkəyə baxırdım, getdikcə Ay gözümün qabağında böyüyür, göy üzünə yayılır, sonra da həmin ləkələr parçalanır, dağılırdı...

 

Yenə sükut, yenə ağrı,

Çətin keçdi bu gecə.

Təzə oyun oynadıq,

Yenə olduq heç-heçə...

 

Qoy sənə bir sirr açım, çoxdandır ki, yeni telefonlar icad olunub, onunla nəinki səs, bir-birinə şəkil, videoçarx da göndərmək olur. Həm də istəyirsən lap dünyanın o başında olan insanla görüntülü danış, eh, hələ bu harasıdı, təəccübdən gözlərin böyüyəcək, bu telefonlar çıxandan ta məktub zad da yazan yoxdu, hamısını mesajlar əvəzləyib! Amma məktublarda olan enerji mesajlarda yoxdu, heyif deyilmi günlərlə həsrətlə yol gözləyib sonra bir parça kağızı sevinclə əlinə alasan və ürəyin əsə-əsə açıb oxuyasan... Sən də mənə yazarsan, olduğun yerdə hansı yeniliklər var, bəlkə bu dediklərim sənə gülünc görünəcək, vaxtı keçmiş bir yenilik təsiri bağışlayacaq, bəlkə orda-sən yaşayan yerdə daha sürətlə fırlanır dünya?!...

Burda çox şey dəyişib, bir çox şeylər dəyərli olduğu halda dəyərsizləşib. Məni ən çox düşündürən insanların bir-birinə etibarının, inamının itməsidi. Bilirəm inanmayacaqsan, deyəcəksən inamsız necə yaşamaq olar!? Haqlısan, amma nə yaxşı ki, aramızda hələ də illərin dəyişmədiyi adamlar az da olsa qalıb... Biz ayrılanda ikimiz də uşaq idik, səni bilmirəm, mənim yaşım artsa da qəlbim o gördüyün kimi safdı, təmizdi. Hərdən lap çox darıxıram, indi mənim üçün hər tərəf darıxmaqdı.

Dağılır evinə hərə,

Boğulur evdə Darıxmaq..

Tozlanır rəfdə Darıxmaq!

Tanrıya səcdə - Darıxmaq...

Eh, hər yeni cəhd də-

Darıxmaq...

İstəyirəm şələ-şüləmi yığım çıxım gəlim yanına. Necə bilirsən, gəlimmi? Sən necə heç darıxırsanmı? Görüşəndə sənə verəcəyim o qədər suallarım var ki! Məktubumu alsan, mütləq mənə cavab yaz, telefon nömrəmi də yazacam məktuba, amma zəng eləmə, məktub yaz. Mesaj da istəmirəm, fərqli olaq deyirəm. Hə, bir də ünvanını necə və hardan öyrəndiyimi soruşma məndən, əsas olan odur ki, öyrənmişəm. Bilirsənmi, dünyada hər kəs xoşbəxtlik arzulayır, qəm-qüssə sevmir, amma yağışsız göy qurşağı da olmur axı...

 

Bir boşluqdan atılır ürək,

Bir də səndən.

Uçub yenə düşür boşluğa...

Bir şeir qoymuşam vitrinə,

Bir ovuc dən səpmişəm

daşlığa.

Uçub, gəlib dimdikləyir sərçələr..

İndi, mən bu məktubu yazdığım saatlarda bayırda külək əsir, otağımda vıyıltısı eşidilir. Yay fəslidir və artıq 28 iyul, gecə saat 3-ə 15 dəqiqə qalır, elə sevincək olmuşam ki, həm də elə həyəcanlıyam ki, yuxum da gəlmir!

Zarafat deyil axı, aradan bu qədər illər keçəndən sonra səni "tapmışam”, üzünü görmək, həsrətə son vermək üçün şansımız var... İndi mənim ən böyük arzum səni görmək, səninlə bir də görüşməkdi. Amma o vaxta qədər sənə məktub yazacağam, lap sevgilimin bir zaman mənə göndərdiyi məktubda yazdığı kimi:

 

"Məktub yazacağam sənə həmişə,

Yol çəkən gözündən yol salmaq üçün.

Dönüb kipriyində qızıl Günəşə,

Qarlı ürəyinə od salmaq üçün....”


İndi isə hələlik deməyin vaxtıdı, səni bağrıma basıram, o, həsrətli gözlərindən, qara, qıvrım saçlarından öpürəm.

Görüşmək ümidiylə, mənim Özüm!

 


 
Şahnaz Şahin
 
qadinkimi.com