SEVGİ, QADIN / KİŞİ
"Özümə məktub" layihəsində: Məktubu oxuya biləydin kaş Tarix : 05 Sentyabr 2020, 02:27


Məktub yazmağı sevmədiyimi bilirsən. Cavanlıqdan məktub yazmağı sevmirəm. Amma indi yazıram. Texnika inkişaf etdikcə məktub yazmaq üsulları da dəyişir, müasirləşir. İndi hamı bir-birinə nəsə yazır. Daha görüşüb bir - birinin gözünə baxıb dərdini - sərini anlatmağa ehtiyac yoxdur.

Bilmirəm buna məktub demək olar ya yox, amma hər halda ürəyimdən kecənləri mən də yazıram hərdən kiməsə. Bilirsən, məktub həmişə onu yazandan daha çox başqalarını maraqlandırır. Məşhur insanların məktubları, istəyir övladlarına olsun, istəyir sevgilisinə, həmişə diqqət çəkir, sonralar mütləq mətbuatda dərc edilir, oxucuların marağına səbəb olur. Kim bilir, bəlkə mənim bu gün yazdığım məktub da bir zaman hardasa çap edilər və kimsə mənim sənə yazdıqlarımı maraqla oxuyar.

Səninlə hər gün görüşürük. Bəzən gündə bir neçə dəfə. Görüş yerimiz "Güzgü” adlı parıltılı, çılçıraqlı bir qəsrə bənzəyir. Üz-üzə dayanıb xeyli baxırıq bir-birimizə. Sən həmişə susursan. Mən isə mütləq sənin gözlərinə baxıram. Axı, gözlərindəki sevinci, kədəri ürəyindən çıxarıb ətrafa yayırsan. Çox vaxt gözlərin nəm olur. Hətta o dərəcədə ki, onların rəngini təyin etmək çətin olur. Elə ha gözləyirəm ki, indi yanaqlarına sızacaq o gözləri dolduran damlalar. Amma yox. Sən onu elə ustalıqla gizlədirsən ki, yenidən ürəyinə axa bilirlər. O damlalar yəqin ki, bir zaman mənim etdiyim səhvlər, işlədiyim günahlardır ki, bizim ikimizi də boğur hərdən. Sən əzab çəkdikcə həmişə içimdə sənə yaxınlaşıb "Məni bağışla!"- demək istəyirəm. Bilmirəm bağışlayarsanmı?

Ehh, o qədər əlçatmaz arzularım var idi ki, mən onlara cata bilməyəndə sənə əzab verirdim. Əslində məni bağışlamamağa haqqın var. Mən heç vaxt sənin qədrini bilmədim. Səni olduğun qədər dəyərləndirmədim və bununla da səni çox incitdim. Sənin qüruruna, əyilməz məğrurluğuna çöxları qibtə edirdi. Mən isə onunla sadəcə oynadım və ən incə nöqtən olan qürurunu əzməyə çəhd etdim bəzən. Ancaq nə yaxşı ki, sən məndən daha güclü oldun. Sən dözdün və meydanda tək qalsan da qürurunu sındırmağa izn vermədin.

Səni qoruya bilmədim bəzən. Səni incidəni incidə biımədim. Aldığım zərbələrdən gizlədə bilmədim. Bəzən həmin zərbələr sənin düz ürəyinə tuşlandı. Hərdən həyatda zəifliyimi boynuma aldım, acizliyimi... Tanrının yazısı qarşısında çox aciz olduğum günlər oldu. Mən zəiflədikcə sənin qəddin əyildi. Hərdən özüm özümə nifrət edirdim. Belə olduqda yenə ən ağır zərbə sənə dəyirdi, çünki özümə nifrət elə sənə nifrət demək idi, mən səni sanki görmür, varlığını dərk etmirdim. Bütün əzablara qarşı dözümüm güclü olduğundan hər dəfə sinə gərirdim ağırlığa, əzaba. Bundan ən çox əziyyət çəkən sən olurdun həmişə. Axı, Sən mənim mənliyimsən, Özümsən. Sən elə mənsən. Ən ümdə arzum səni günahlarımdan, əzablarımdan xilas etmək olub həmişə.

Biz ikimiz də şeir vurğnuyuq. Sənə tez tez oxuyuram şeirlərimi. Bəzən bəyənirsən. Bəzən dodaq büzürsən. Bilirsən ki, sənə şeir də həsr etməmişəm heç vaxt. Bu gün bu səhvimi də boynuma alıb sənə ürək sözlərimi şeirlə də ifadə etmək istədim . Bəyənsən çox sevinərəm.


Sənin gözlərindən axan hər damla,

Mənim səhvlərimdir, günahlarımdır.

Sənə yalvarıram, məni bağışla!

 Əzabın əlçatmaz arzularımdır.

 


Qədrini bilmədim, səni incitdim,

 Oynadım əyilməz məğrurluğunla.

 Qəlbini dağıdıb viranə etdim,

 Qaldın bu meydanda tək qürurunla.

 


Sənə toxunanı vura bilmədim,

 Mənə dəyən zərbə köksünə dəydi.

 Səni əzənləri əzə bilmədim,

 Mənim zəifliyim qəddini əydi.

 


Nə ünüm yetişdi, nə çatdı sözüm,

 Özümə mən düşmən kəsildim özüm.

 Sənə hər baxdıqda kor oldu gözüm,

 Sanki sinə gərdi əzaba dözüm.

 


İzn ver önundə başımı əyim,

 Öpüm əllərindən, ayaqlarından.

 Məndən ayrı düşən özüm, mənliyim,

 Gəl səni qurtarım günahlarımdan...


Bilirəm ki, sən məndən qat-qat güclüsən. Sən olmasaydın, bəlkə bu gün mən də olmazdım. Çünki sənə son dəfə dediklərimi necə qarşılamağından ikimizin də gələcəyi asılı idi. O gün çox sarsıntı keçirdik ikimiz də. Mən yenə səninlə qəsrimizdə təkbətək görüşdüm və səndən heç nə gizlətmədən həkimlərin mənə oxuduqları hökmü sənə dedim. Biz xeyli susduq... Sən olmasaydın bəlkə də o gün dəli olardım, cünki ölümçül xəstə olduğunu eşitmək çox ağır olur. Sənin gözlərində qəribə bir sakitlik, arxayınlıq gördüm o gün. O gözlər mənə sadəcə "sakit ol!” dedilər. Mən də sakitləşib Tanrının bu yazısını da qəbul etdim. İndi bu məktubu sənə yazarkən düşünürəm, nə yaxşı ki, sən varsan və mənimləsən. Mənim güclü , dözümlü mənliyim! Mən səni indi daha çox sevməyə başlamışam. Bəlkə ona görə ki, vaxtım azdır. İndi hər ikimizin bu dünyada vaxtımız çox azdır...


Məktubu oxuya biləydin kaş....

 

 


Təranə Məmməd

 


qadinkimi.com