HÜQUQLARIMIZ
ÖZGƏ NAMUSUNUN VERDİYİ EKSTAZ Tarix : 08 Aprel 2019, 10:22
NAMUSUM HAQQI!
"Ər arvadının dərisini soydu..."
Əla, super;
Əllərinə sağlıq;
Gözəl fikirdi, hətta əla;
Yaxşı elədi;
Gərək tikə-tikə doğrayaydı;
Halal olsun o kişiyə;
Yəqin Nəsiminin dərisi kimi soyub, gərək ataydı boçkaya, soyutma edib göndərəydi qohumlarına...
 
Bu şərhlər sosial şəbəkədə, bir paylaşımın altında yazılıb. Elə bil qladiatorların döyüşündə, yaxud da qaydasız döyüşdəsən. Sadəcə, bu döyüşdə, öldürülməsi tələb edilən döyüşçü yox, ölümü ilə kişiləri ekstaza gətirən bir qadındır... Hər dəfə bu şərhləri oxuduqca sosial şəbəkə istifadəçilərinin sadist cağırışları, "öldürülsün!”, "öldürülsün!”, "öldürülsün!” şüarları insanı lərzə gətirir. "Öldürülsün!” - tələbində ağına - bozuna baxmaq yoxdur. Təki öldürülsün, təki, doğransın, təki.... biz vəcdə gələk!!! Çünki ortada "namus söhbəti" var.
 
Özgə namusunun hərracının verdiyi ekstaz. Bu ekstazın təsirindən, adam özünü ən yüksəklikdə, əstəğfrürullah, Allahla bir görür... Çünki insanın yaşaması, ölməsi, tale yazısı bir Allaha məxsusdur. Şükür bu günə! Nə qədər haqqımız var. Yaşatmaq haqqı, qorumaq haqqı, sağlam və təhsilli böyütmək haqqı. Bu haqları unudub, öldürmək haqqı, döymək haqqı, məhv etmək haqqını nə vaxt qazandıq? Haqqımız artdıqca, hünərmiz azalır.  Amma bir zaman vardı ki, bu haqların heç birindən xəbərmiz yox idi. "Haqq" sözü çox nadir halda işlənərdi. O da ən kritik, ən vacib məqamlarda deyilərdi ki, NAMUSUM HAQQI! Namus haqqı ən ağır haqq idi. Onun icində - yaşatmaq, qorumaq, müdfiə etmək vardı. Bu haqqa biət edənlər, ailənin bütün üzvlərindən əlavə, qonum - qonşunun, nəslin, elin namusunu qorumaq haqqını üzərinə götürmüş olurdu. Amma NAMUS haqqını hər adam dilə gətirib and içəmməzdi. O adamın andı qəbul ediləridi ki, həqiqətən bütün elin namusunu öz ailəsinin namusu qədər qoruyur.
 
Mən bilmirəm, sosial şəbəkədə sadist cağırışları edənlər kimlərdi, nə işə qulluq edənlərdi. Amma mən bilirəm ki, o cağırışı edənlərin hər biri, ayağı bir balaca büdrəyən, çətin vəziyyətdə olan qadına badalaq vurub, istəyini ondan alanlardır. Bunlar o adamlardır ki, dost bilib evinə buraxanların, dost çörəyi kəsib ona qulluq edənlərin arvadlarına tamah salırlar. Körpə uşağı zorlamağı kişilik standartı hesab edənlərdi, əmanətə xəyanət edib, yanında işləyən qadına kəm baxanlardı. Onlar mərdi qovub namərd edənlərdi. Mərdi qovub namərd donu geydirən saytlarımız da maşallah, hüquqmuz qədər çoxdur. Aramaz, axtarmaz hansısa kriminal ölüm hadisəsində dərhal yaraşıqlı bir başlıq verər :” Qadın ərinə xəyanət etdi!”, "Qadın telefona görə öldürüldü”, "Qadın filan hərəkəti etdi”. Azmı olub, yazını açıb oxuyanda, heç bir qadın söhbəti olmadığını aşkarlamışıq. Bunu aşkarlayanda haray çəkirsən ki... Nədir məqsədiniz! İnsanların hissiyyatı ilə oynayıb, şübhə toxumunu səpib, yeni cinayətlərə yol açmaqdırmı? Sizin yazılarınızı oxuyub başılovlu evinə gedib heç bir səbəb olmadan aravadını, qızını təpiyinin altına salan kişilər var, o ailə bizdən deyilmi?
 
"Məktəbdə uşaq zorlandı " mesajınız, nə qədər qızın təhsildən yayındırılmasına, ana bətnində qızların öldürülməsinə, erkən, gözü açılmamış ərə verilməsinə təkandır. Yoxsa, təkcə o evin kişisinin günahıdır?.. Ən dəşhətslisi isə bilirsiz nədir? O yazını yazıb saytlarda, sosial şəbəkələrdə paylaşanlar, çoxlu "layk” yığıb, axşam əqidədaşları ilə birgə yaxşı restoranda oturub yoldan keçən, orda işləyən, yaxud ailəsi ilə dincəlməyə gələn qadınlara qaş - göz oynadırlar... "NAMUSUM HAQQI" - deyib badə vururlar. "Namus haqqı" ağır, çətin haqqdır. Çiyniniz götürməyən yükə tərəf uzanmayın. O haqqı haqq edənlərin haqqına girməyin.
 
Mehriban Zeynalova
qadinkimi.com