YAZI / DÜŞÜNCƏ, SEVGİ
Sevil Ülvi yazır: Yenidən başlamaq üçün Tarix : 20 Yanvar 2022, 03:16
  • Həyat bir dəfinə axtarışına bənzəyir: bir ipucu digərinə yönəldir. Əvvəlcə bu ipucunu tapıb onu ifşa et. Ola bilsin, bu işə vaxt, səbr və inadkarlıq tələb olunar, lakin o ifşa edilməyənə və mahiyyəti açılmayana qədər, sən növbəti ipucuna keçə bilməzsən. Bu işdə hüzurlu, sakit və dinc olmaq vacibdir. Qəlbin hüzuru... Şüurun sakitliyi... Ruhun dincliyi... Təəssüf ki, mən bunları indi dərk edirəm və yaşamaq istəyirəm.
  • ÖZ-ÖZÜMƏ PIÇILDAYIRAM: " Yenidən başlamaq mümkün olsaydı..."
  • "Yaxşı insanlar hədlərini aşmaqdan qorxarlar və bu onların ən zəif tərəfidir" - demişlər. Bəlkə də o üzdən yaxşı yetişdirilmiş, tərbiyə olunmuş insanlar öz xarakterlərini olduğu kimi göstərə bilmir, belə olarsa hamının onlardan üz döndərəcəyini düşünürlər. Və nəticədə olduğun kimi deyil, göründüyün kimi olmaq məcburiyyətində qalırsan. Halbuki, həyatda əldə etdiklərimiz, həyata verdiklərimizdən ibarətdir. Yox əgər həyatda heç nə əldə edə bilməmişiksə, demək ondan heç nə istəməmişik.

    Və illər keçir, ürəyini bu ifadə üzməyə başlayır: "Yenidən başlamaq mümkün olsaydı..."

    Filosoflardan biri demiş ki: "İnsan iki nəsnəni gizlədə bilməz. Sərxoş və aşiq olduğunu." Anlaşilan o ki, insan hər halini gizlədə bilər. Lakin bu gizləntilər müəyyən zaman keçdikdən sonra, qəlbinin hüzurunu, süurunun sakitliyini, ruhunun dincliyini pozacaq.
  • Fransiz filosofu və yazıçısı M.Montenin "Seçim" adlı hekayəsində yazırdı: "Məndən də başqaları kimi istifadə etmək istəyirdilər, ancaq öncədən qət etdim ki, məni cənnətə itələsələr belə razı olmayacam. Öz istəyimlə cəhənnəmə getməyə belə raziyam. Ən azından bu mənim həyatım, bu mənim seçimimdir."

    "Yenidən başlamaq üçün..."

    Bəli, düzgün qurulmayan həyatların, düzgün edilməyən seçimlərin sonunda səni narahat edən bir ifadə olur: "Yenidən başlamaq mümkün olsaydı..." Əgər həyatında bir şeylər tərs gedirsə, demək ki, həyat sənə yenilən deyir. Yenidən doğulmaq... Yenidən başlamaq... Yenidən dəyişmək... Yenidən yaşamaq... İnsanlar yenidən doğula bilir. Arzular, umidlər, xəyallar tükənməyibsə demək yenidən doğula bilərsən. Hamımız yenidən doğulmalıyıq. Sonra bir daha da...bir daha da doğulmalıyıq:

    Yenidən başlamaq üçün.
     
 
 

 
Sevil Ülvü
qadinkimi.az