"Xan
qızı” adı ilə tanınan Xurşidbanu Natəvanın Milli Azərbaycan Tarixi Muzeyində
qorunan əl işləri onun incə zövqə və yüksək sənətkarlıq qabiliyyətinə
malik olmasının göstəriciləri kimi mühüm əhəmiyyət kəsb edir. Natəvanın şəxsi
kolleksiyası muzeyin Etnoqrafiya fondunda mühafizə edilir. Güləbətin sapla
tikdiyi yaxalıq, başmaq, öz dövrü üçün yeni olan "xaç” tikmə üsulu ilə bəzədiyi
xurcun, qazantutan onun bu sənət sahəsindəki yüksək bacarığından xəbər verir.
Natəvanın
təqdim olunan avropasayağı stildə tikdiyi ipəkdən köynəyi vaxtilə əmisi qızı
Münəvvər xanıma hədiyyə etmişdir. Geyimin tikiş texnologiyası onun müəllifinin
ustalığından, səriştəliyindən xəbər verir. Qeyd etmək lazımdır ki, muzeydə
qorunan onlarla nimtənə biçim və tikiş üsuluna aid materiallar içərisində
Natəvana məxsus olanlar digər nümunələrdən fərqlənir. Şairənin rəssamlıq
qabiliyyəti bu əl işlərində də özünü göstərir.
Sözü
gedən köynək hazırda bərpa və konservasiya işlərinin aparılması məqsədi ilə
muzeyin Bərpa laboratoriyasına cəlb olunub. Qarabağ incilərindən olan
eksponatın tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq, bərpa və konservasiya
işləri zamanı eksponatın heç bir hissəsi demontaj edilmədən aparılacaq. Belə
bir üsul bərpanı yetərincə çətinləşdirsə də, Xurşidbanu Natəvanın əl işinin tam
orijinallığını qoruyacaq. Bərpa və konservasiya işləri yekunlaşdıqdan sonra
eksponat ictimaiyyətə təqdim ediləcək.
Eksponatın konservasiya və bərpa işləri
muzeyin tekstil üzrə bərpaçı-rəssamı Nuridə Hüseynova tərəfindən icra olunur.
Mənbə: Milli Azərbaycan Tarixi Muzeyi
qadinkimi.com