UŞAQ / BÖYÜK
Valideyn nüfuzu - Akif Abbasov yazır Tarix : 22 Sentyabr 2019, 00:02
Yazar : Qadinkimi.com
Valideynlərin nüfuzu, şəxsi nümunəsi və pedaqoji mərifəti

Ailə uşaqların həyatında son dərəcə, təsəvvürəgəlməz səviyyədə mühüm rol oynayır, çünki ailə də kollektiv sayılır. Valideynlər ilk tərbiyəçilər hesab olunur. Ailədə uşağın xarakterinin əsas xüsusiyyətləri, adətləri  təşəkkül tapır. Uşaq necə böyüyəcək? Valideyn ona baxıb qürur hissi, yoxsa təəssüf keçirəcək? Bu, ailədə onun üzvləri arasındakı qarşılıqlı münasibətlərin xarakterindən, onunla aparılan tərbiyə-təlim işlərindən çox asılıdır.   
Ailə həyatı çox rəngarəngdir. Problemsiz ailə yoxdur. Ailə tərbiyəsində uğur qazanan valideynlər də var, uğursuzluqlarla qarşılaşanlar da. Ailə tərbiyəsinin səmərəliliyində valideynlərin nüfuzu, şəxsi nümunəsi və pedaqoji mərifəti əvəzsiz rola malikdir.   

Nüfuz nədir, o necə yaranır, nüfuzu necə qoruyub saxlamaq olar? 

Nüfuz (avtoritet) yunanca autoritas (hakimiyyət) sözündən götürülüb, biliklərə, mənəvi dəyərlərə və həyat təcrübəsinə əsaslanaraq, bu və ya digər şəxsə təsir göstərmək deməkdir. Bəzən də nüfuz hər hansı bir şəxsin dəstəyə, müdafiəyə ehtiyacı olan digər şəxs üzərində üstünlüyü kimi başa düşülür.
Fikrimizcə, nüfuz dedikdə, ailədə uşaqların öz ata-analarına hörmət və məhəbbəti, onların tələblərini, tapşırıqlarını könüllü və şüurlu surətdə yerinə yetirməsi, onların sözünə qulaq asması, onları təqlid etməyə çalışması anlaşılır. Nüfuzun əsasında valideynlərin uşaqlarına pedaqoji təsiri dayanır. Lakin bu təsirdə qorxu – hürküyə, hədəyə yer yoxdur, pedaqoji təsir əsasında uşaqlarda ata-anaya bağlılıq və sevgi inkişaf edir. Şüurlu münasibətin qurulması nəticəsində nüfuz möhkəmlənir və getdikcə uşaqların davranışında özünü reallaşdırır.  

Valideynlərin şəxsi nümunəsinin tərbiyəvi təsiri məktəbəqədər yaşlı uşaqların psixoloji xüsusiyyətləri ilə, təfəkkürün təqlidiliyi və konkretliyi ilə şərtlənir. 
K. D. Uşinski vaxtilə yazırdı: "Tərbiyəçinin şəxsiyyətinin cavan ruha təsiri elə bir tərbiyə qüvvəsidir ki, onu nə dərs kitabları ilə, nə əxlaqi nəsihətlərlə, nə də cəza və mükafat sistemi ilə əvəz etmək olar” (1, 39).
Məktəbəqədər yaş dövründə uşaqlar yaxşını da, pisi də bir sıra hallarda norma kimi qəbul və təqlid edir. Nümunə müsbət də, mənfi də ola bilir. Uşaqlar fikirləşir, bu qənaətə gəlir: valideyni belə davranırsa, ata ailə üzvləri ilə səmimi, xoş rəftar edirsə, yaxud sözünü qışqıraraq deyirsə; ünsiyyət və nitq mədəniyyətinə malikdirsə, yaxud sözünü - danışığını bilmirsə, söyüş söyürsə; ana atanın hörmətini saxlayırsa, yaxud ataya söz qaytarırsa – bütün bunlar yəqin ki, elə belə də olmalıdır. 
Siracəddin Urməvi deyirdi: "Gərək öz ailə üzvlərinlə alicənablıqla davranasan, pis xasiyyətlərdən yan qaçasan. Onlardan heç kəsin qayda-qanun çərçivəsindən kənara çıxmasına imkan verməyəsən”.
Müsbət nümunə nəsihətdən daha təsirli olur. Odur ki, ata-analar öz davranışlarına ciddi fikir verməlidirlər ki, onların başqaları ilə qarşılıqlı münasibətləri, rəftar və ünsiyyət tərzləri, danışığı, oturuşları-duruşları təqlid üçün əsas olsun.
Valideynlərin sözləri və tələbləri ilə hərəkətləri arasında uyğunsuzluq yoxdursa, onların nüfuzu güclənir. Bu zaman valideynlərin tələblərində vahidliyə, ardıcıllığa da ciddi əməl olunmalıdır. Yalnız səmimi və razılaşdırılmış fəaliyyət lazımi pedaqoji səmərə verir. Valideyn nüfuzunun qazanılmasında ətrafdakıların həmin valideynlərə münasibəti, diqqəti də az əhəmiyyət daşımır. Valideyn nüfuzu xeyli dərəcədə uşaqlara münasibətdən, onların həyat tərzinə maraqdan, onların sevinclərinə və qayğılarına həssaslıqla yanaşmaqdan asılıdır. Uşaqlar onlara hörmət və tələbkarlığı ağıllı surətdə uzlaşdıran, həmişə onları dinləməyə hazır olan, onlara laqeyd olmayan, qayğılarını çəkən, işlərini, davranış və rəftarlarını, əməyini ədalətli qiymətləndirən, köməyinə gələn ata-analara bağlı olur, onlara hörmət bəsləyirlər. 

Uşaqlara ağıllı və tələbkar valideyn sevgisi gərəkdir.

Valideynlərin pedaqoji mərifəti. Valideyn nüfuzu onların pedaqoji qabiliyyəti ilə müşayiət olunur. Bu uşaqlarla davranmaq bacarığıdır. Pedaqoji mərifət uşaqların yaş, cins və fərdi xüsusiyyətlərini, konkret şərtləri və şəraiti nəzərə almaqla onların mənəvi şüurunu, mənəvi təfəkkürünü və mənəvi davranışını formalaşmasına təsir edə bilməkdir.

Uşaqlara ailənin eynihüquqlu üzvü, fərd kimi yanaşmaq lazımdır.

Burada Əbül Həsən Bəhmənyarın müdrik sözləri yerinə düşür: "qarşımıza çıxan iki şeydən biri səbəb, digəri nəticədir”. 
Kiçikyaşlılar küsəyən olur. Bəzi ailələrdə valideynlərin uşaqlarla kobud rəftarına, hətta döymə hallarına rast gəlirik. Bu hal pedaqoqlarla yanaşı həkim-psixiatoları da narahat edir. Həkim-psixiatrlar didaktogeniyadan söz açaraq, bunun kobud sözdən, düzgün olmayan rəftardan yaranan uşaq xəstəliyi kimi dəyərləndirirlər. Prof. F. Q. Uqlovun qənaətincə, "Kobud söz mənfi qıcıqlandırıcıdır. O, insanın sinir sisteminə təsir göstərir. Kobud söz bütün orqanlara və orqanizmin toxumalarına mənfi təsir edir. Bu zaman ilk növbədə ürək və damarlar əziyyət çəkir. Odur ki, xoşagəlməz söhbətə cavab nəticəsində insan ürəyinin damarlarında və beynində kəskin spazmalar baş verir. Qıcıqlandırıcı bir neçə dəqiqə təsir edir, ona reaksiya isə bir çox saat, hətta günlərlə davam edir”.

Valideyn öz övladı ilə onun uşaqlıq və yeniyetməlik illərində nə qədər çox vaxt keçirirsə, onun tərbiyəsində bir o qədər çox uğura nail olur. Uşaqlara münasibətdə diqqətsizlik, qayğısızlıq, kobudluq acı nəticələr verir. Ata - analar arasındakı söz - söhbətlər, mübahisələr uşaqlıq illərinin fərəhini əllərindən alır.
 Valideyn nüfuzu çox önəmlidir. Lakin nüfuz süni şəkildə yaranmır, bu nüfuzu qazanmaq lazımdır. Nüfuz xüsusi istedad deyildir, onu qazanmaq lazımdır. Nüfuz valideynin davranışından asılıdır; Valideynlərin işi, fikir və düşüncələri, adətləri,münasibətləri, hissləri və s. ilə qazanılır. Ata-analar özləri tam, şüurlu, saf mənəvi həyat sürməlidirlər.

Tərbiyə prosesinə düzgün yanaşma valideynə uşaqla ünsiyyətin düzgün metodlarını, nüfuzun düzgün formalarını göstərməyə qadirdir.
Elə valideynlər var ki,  nüfuzu süni əsaslarla qazanmağa çalışırlar: yəni uşaqlar onlara qeydsiz-şərtsiz qulaq assınlar, deyiləni sözsüz yerinə yetirsinlər. Bu onlardan ötrü məqsəd olur. Lakin A. S. Makarenkonun qənaətinə görə "Nüfuz və itaət məqsəd ola bilməz. Məqsəd yalnız bir ola bilər: düzgün tərbiyə. Yalnız bu məqsəd uğrunda çalışmaq lazımdır. Tərbiyənin əsl məqsədləri haqqında düşünməyən valideynlər uşağın itaətini itaət xatirinə əldə etməyə çalışırlar. Uşaqlar sözə baxanda valideynlər daha rahat yaşayırlar. Belə valideynlərin əsl məqsədi məhz rahatlıqdır. "Süni” nüfuzun ömrü qısadır, tezliklə hər şey dağılır, nə valideynin nüfuzundan, nə də uşağın itaət etməsindən bir şey qalır”. A. S. Makarenko "süni” nüfuzun təzyiq nüfuzu, uzaqlıq nüfuzu, lovğalıq nüfuzu, pedantizm nüfuzu, boşboğazlıq nüfuzu, məhəbbət nüfuzu, mərhəmət nüfuzu, dostluq nüfuzu, ələalma nüfuzu, şadlıq nüfuzu,  gözəllik nüfuzu kimi növlərini qeyd etmiş və onların hər birinə xas mənfi cəhətlər diqqət mərkəzinə gətirmişdir.
Nüfuzla bağlı böyük pedaqoqun son qənaəti belədir ki, "Valideynin nüfuzu üçün əsas bünövrə yalnız onların həyatı və işi, vətəndaşlıq siması, davranışı ola bilər”.

Valideyn öz övladını düzgün tərbiyə etmək istəyirsə, ilk növbədə o, həqiqi nüfuza malik olmalıdır. Bu isə, asan deyil. Ailədə valideynin nüfuzu yoxdursa, onun sözünün, tələbinin kəsəri olmayacaqdır. 

Ata-analar öz övladlarından daha ağıllı və məsuliyyətli olduğu təqdirdə nüfuz qazanırlar. Ailədə ata - analar, baba - nənələr, böyük bacı - qardaşlar bir - birinin nüfuzunu qorumalıdır. Bu, son dərəcə vacibdir. Atanın nüfuzu ana və nənə tərəfindən, ananın nüfuzu – ata və digər ailə üzvləri tərəfindən qorunmalıdır. Nümunəvi ailədə uşaq anaya hörmətsiz münasibət bəsləyirsə, ana narahat olmaya bilər, yaxşı ata anaya necə yanaşmağı övladına anladacaqdır. Təbii qanunauyğunluq var: ata ananın, ana   atanın nüfuzunu qoruyacaqdır.
Valideyn nüfuzuna nail olmaq üçün uşaqlara hansı tələblər verilməlidir?
Birincisi,  uşaqlar bilməlidirlər: qarşılıqlı münasibətlərin, davranışın, ünsiyyət və rəftarın özünəməxsus qayda-qanunu var. Onlara əməl etmək lazımdır.
İkincisi, uşaqları verilən tapşırıqları yerinə yetirməyə alışdırmaq vacibdir.  

Üçüncüsü, uşaqla qarşılıqlı münasibətlərdə hörmət tələbkarlıqla yanaşı olmalıdır.

Valideyn uşağa yalnız özünün böyüklüyünü, hökmə, hakimiyyətə malik olduğunu, dediyinə sözsüz yerini yetirilməsinin vacibliyini göstərməməlidir.  
Şəxsiyyətin formalaşması ailənin bütün həyat tərzi ilə başa gəlir: ailədə valideynlərin hər biri üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirirsə,  bir – birinə sevgi və hörmətlə yanaşırsa, uşaq xeyirxah, düzgün münasibət nümunəsi görür və bundan faydalanır. 

Ata-analar bəzən bu və ya digər səhvlərə yol vermələrini başa düşürlər, amma bunu etiraf etmirlər, özlərini haqlı göstərməyə çalışır, etirafın onların  nüfuzuna xələl gətirəcəyindən qorxurlar. Bu, səhv yanaşmadır. Məktəbəqədər, yaxud kiçik məktəb yaşlı uşaqlar valideynin davranış və rəftarını sezməyə bilərlər, amma yeniyetmələr həssasdırlar, onlarda hadisələrə tənqidi yanaşma formalaşmaqdadır, valideynin hər bir  davranış və rəftarını qiymətləndirirlər. Onlara uşaq kimi yanaşmaq olmaz.

Pedaqoji ədəbiyyatlarda nüfuz qazanmaq üçün bəzi qaydalar qeyd olunur:

1. Valideyn nüfuzunu şərtləndirir: ailədə münasibətlər, valideynlərin bir-biri haqqında fikirləri, valideynlərin digər qohumlar və dostlar haqqında fikirləri,  valideynlərin, ümumilikdə insanlara, xüsusən, yaxın insanlara münasibətləri,  valideynlərin  uşağa və onun dostlarına münasibətləri.  

2. Uşaqla münasibətdə təbii və səmimi olmaq. 

3. Uşağa etibar. Bu etibar varsa, uşaq ata - anaya inanacaq. Uşağa inam - nüfuzun mühüm cəhətidir. 

4. Uşağa nümunə olmalı. 

5. Uşağın dostlarını kəskin surətdə tənqid etmək, onların arxasınca  danışmaq məsləhət bilinmir. Bu, uşağa pis təsir edir, bəzi hallarda valideyn nüfuzunu itirə bilər. Əgər uşağın dostları ilə bağlı valideynin şübhələri özünü doğruldursa, əsaslıdırsa, bu, gec-tez uşağa bəlli olacaq. Belə dostluq valideynin iştirakı olmadan ötüb keçəcək.

6. Uşaqları mühüm ailə problemlərinin müzakirəsinə cəlb etmək olar. Bu valideynin onların fikirləri ilə hesablaşması kimi vacib duyğu yaradır. 

7. Valideynlər uşaqları ilə mümkün qədər çox vaxt keçirməlidir. 

8. Uşaq bu və ya digər səhvə yol veribsə, tələsik onu cəzalandırmağa çalışmaq lazım deyil. Elə şərait yaratmaq lazımdır ki, uşaq səhvini anlayıb, etiraf etsin. Bunun cəzalandırma metodundan daha yaxşı təsiri var. Təcrübəli valideynlər belə hallarda uşaqla birlikdə vəziyyəti araşdırır. Uşaq yanlışını başa düşür.
Bu kimi vəziyyətlərdə necə hərəkət etməli olduğunu, səhvi necə düzəltmək lazım gəldiyini öyrənir. 

9. Valideyn övladının tənqidindən qorxmamalı, bunu təhqir, saymamazlıq, uşaq "yekəbaşlığı” kimi qəbul etməməlidir.  

10. Uşağın həyatı ilə maraqlanmaq lazımdır. 

11. Uşağı hədələmək, qorxutmaq, təhqir etmək, ona fiziki cəza vermək olmaz. 

Uşaqlar valideynin nüfuzunu onların gücü, zorakılığı, şəxsiyyətlərinə təsiretmə hüququ kimi deyil, böyüklüyü, təcrübəsi, onlara inam kimi qəbul etməlidir.

Deyilənlərdən belə bir qənaətə gəlmək mümkündür ki, valideyn yalnız müsbət nümunə göstərməklə nüfuz qazana bilər.

Akif Abbasov
pedaqogika üzrə elmlər doktoru, professor
 

SADƏCƏ MƏLUMAT ÜÇÜN: 
Müəllif haqqında: Abbasov Akif  Nurağa oğlu (Akif  Nurağaoğlu) 1950-ci il may ayının 28-də Şirvan (keçmiş Əli Bayramlı) şəhərində anadan olmuşdur.
Pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi və institutun "Elmi əsərlər”inin baş redaktorudur.
Respublikanın əməkdar müəllimidir. "Tərəqqi” medalına layiq görülmüşdür. 
 "Qızıl qələm” mükafatı laureatıdır. 100-dən çox kitabın müəllifidir.
Ümumtəhsil, orta ixtisas, ali məktəblər və xüsusi məktəblər üçün 20-dən artıq dərslik və dərs vəsaitinin (o cümlədən "Ailə”, "Ailə həyatının etika və psixologiyası”, "Pedaqogika”, "Milli əxlaq və ailə etikası”, zəif eşidən uşaqlar üçün” "Oxu-2”, "Oxu-3”, "Oxu-4”, "Oxu-5” və s.);
4 romanın ("Aldanma sözlərə”, "Samsundan başlanan yol”, "Acı xatirələr”, "Sultan II Murad”), 2 povestin ("Xəyanət” və "Kremli tikən azərbaycanlı”), 2 pyesin ("Atatürk” və "Yaxşı dost”), xeyli hekayələr kitabının müəllifidir. İngilis və rus dillərindən bədii tərcümələr edir. 9 tərcümə kitabının müəllifidir. 
10 cilddən ibarət bədii əsərlərinin 7 cildi işıq üzü görmüşdür.
 
 
 

Qadinkimi.com