BURA / ORA
Uyğurlara qarşı “Çin zülmü” - ARAŞDIRMA Tarix : 18 Dekabr 2019, 18:56
Yazar : Qadinkimi.com
Son illərdə Çində uyğur türklərinə edilən zülmlərlə bağlı çoxsaylı yazılar və videolar paylaşılır. Çoxları bunun həqiqət olub olmamasına şübhə edir. Çünki uydurma olduğunu iddia edən xəbərlər də az deyil. Bəs həqiqət nədir? 

Bundan başlayaq. 2018-ci il sentyabrın 24-də Beynəlxalq Əfv Təşkilatının "Çin: Hardadılar? Sincan-Uyğur Muxtar Rayonundakı kütləvi həbslər haqqında cavab vermə zamanı” başlıqlı hesabatı yayıldı. Bu hesabat Şərqi Türküstanda təzyiq və işgəncələr barədə ciddi örnəklər ortaya qoydu. Çinin əsir kampına çevirdiyi Şərqi Türküstanda baş verən zülmləri üzə çıxaran hesabata görə, kamplarda saxlanılan müsəlmanların sayı sürətlə artır. Baş örtüsü, saqqal, dini kitab "ifratçılıq” olaraq dəyərləndirilir. Bunlardan birini əsas gətirməklə insanlar kütləvi  kamplara aparılır. Ölkə xaricinə göndərilən hər hansı mesaj da aylarla davam edəcək həbs və işgəncələrə səbəb olur. Hesabatda bildirilir ki. bu kapmlarda insanlar intihar həddinə çatdırılır. Hesabat yaxınlarından xəbər ala bilməyən təxminən 100 nəfərlə danışıldıqdan sonra hazırlanıb. 

Hesabata görə, "İfratçılıqla Mübarizə Nizamnaməsi”nin qəbul edildiyi 2017-ci l martdan bəri Sincan rayonunda kamplarda zorla saxlanılan insanların sayı hər gün daha da artır. Nizamnaməyə görə, saqqal saxlamaq, oruç tutmaq, spirtli içki qəbul etməmək, evində islam və ya uyğur dəyərləri ilə bağlı kitablar saxlamaq "ifratçılq” kimi dəyərləndirilir. Məsələ tək bununla bitmir. İş və ya təhsil məqsədilə, xüsusilə müsəlmanların üstünlük təşkil etdiyi ölkələrə getmək və ya Çinin xaricində yaşayanlarla hər hansı bir əlaqə yaratmaq da uyğur türklərini "şübhəli” edən səbəblərdəndir.  
Bu ilin noyabrında isə Rus hesabatı yayıldı. Hesabatda Şərqi Türküstanda uyğur və qazax türklərinin vəziyyətinin Corc Orvellin "1984” romanından daha dəhşətli olduğu göstərilir. 

12-65 yaş arası bütün uyğur və qazax türkləri biometrik üz fotosu, bədən fotosu, DNT testi, səs nümunələrini dövlətə təqdim etmək məcburiyyətindədir. Eyni zamanda hər 300 metrdə nəzarət məntəqələri var. Xəstəxanalara, məktəblərə və digər rəsmi dairələrə daxil olanda üstləri metal alətlərlə yoxlanılır.
Hər bir uyğur və qazax türkünün toplana biləcəkləri xüsusi ərazilər müəyyən edilib. Müəyyən edilməyən başqa yerlərdə toplanmaları Çin hökuməti tərəfindən qadağan edilib. Onlar 24 saat binaların içində və küçələrdə xüsusi kameralarla izlənilirlər. Hətta Çin hökumətinin verdiyi rəsmi xəbərlərə görə, 2020-ci ildə 626 milyon nəzarət kamerası istifadə ediləcək.
Bütün müsəlmanlar "Jinvanq” adlı proqramı telefona yükləməyə məcburdur. Başqasının telefonunu istifadə etmək, telefonunu bağlayıb, istifadə etməmək qadağandır. 

"Jinvanq” proqramında 36 ədəd şübhəli fəaliyyət siyahısı var. Bir şəxsin telefonunun ortalamadan artıq enerji istifadəsi, həddən artıq çox kitab yükləməsi də bu şübhəli fəaliyyətlər arasındadır. Bu fəaliyyətlərdən hər hansı birinə rastlanılan zaman şəxs birbaşa "təlim kampları”na göndərilir. 

Rus hesabatına görə Şərqi Türküstanda valideynlərin 10%-nin harda olduğu bəlli deyil, geridə qalan kimsəsiz uşaqlar isə övladlıq verilir. 
Beyin yuma kamplarından və həbsxanalardan qurtulanların dediklərinə görə, dar hücrələr 10 metrdən ibarətdir. Bir yatağı iki nəfər paylaşır. Dörd kamera davamlı izləmə aparır, məhkumların bir-biri ilə danışması, ağlaması, gülməsi, icazə verilən tərəfdən başqa yerə üzlərini çevirməsi belə qadağandır. 
Bu qaydalar pozulduğunda məhkum nömrəsi ilə anons edilib xəbərdarlıq alır. Məhkumlar yalnız iki saat yata bilərlər. Davamlı müəyyən tapşırıqları yerinə yetirmələri tələb olunur. 
 

Bəs bu zülmlərə Çin hökuməti necə don geyindirir?

1990-cı illərin ortalarında Çin hökuməti tərəfindən başlanan "Strike Hard” (Sərt vuruş) kampaniyaları Sincan bölgəsində yaşayan insanlara zülm edilməsinə qanuni bir əsaslandırma hazırlamışdı. 2011-ci 11 sentyabrda Dünya Ticarət Mərkəzinə edilən hücumdan sonra Çin hökuməti "terrorizmə qarş beynəlxalq mübarizəyə dəstək bəhanəsi ilə uyğurların ölkədə fəaliyyət göstərən insan haqları təşkilatlarını "terrorist qruplar” adlandırmışdı. 

Çinin 1949-cu ildən bəri hakimiyyəti altında tutduğu Şərqi Türküstanda təxminən 1 milyon uyğur türkü Çinin "təlim mərkəzi” olaraq dünyaya təqdim etdiyi kamplarda saxladığı faktını Birləşmiş Millətlər Təşkilatı da təsdiq edib.

Bundan əlavə, Sincan bölgəsində və Çinin müxtəlif yerlərində gerçəkləşən hücumlardan sonra bunda uyğurları günahlandıran Çin hökuməti 2014-cü ildən etibarən "terrora qarşı xalq mübarizəsi” adı altında daha yeni bir proses başlatdı. 

Yayılan xəbərlərdə uşaq, cavan, qoca, qadın, kişi fərq etmədən hər kəsimdən insanlar zülm görür. Bu kampların birində təxminən 1 il qalan və Türkiyəyə sığınan 55 yaşlı Gülbahar Cəlilova 2017-ci ilin may ayının 21-də ticarət məqsədilə getdiyi Şərqi Türküstanda əvvəl polis tərəfindən saxlanılır və daha sonra "terroristlərə yardım etmək” iddiası ilə kampa göndərilir. O, kampda gördüyü zülmlər barədə bunları deyir: "Kampda 14 yaşından 80 yaşına qədər qadın saxlanılır. Hamısının ayağına 5 kiloluq zəncir vurulub. Əlləri də bağlanılıb. Kampa girəndə ağlayırdım. Ordakı qadınlar dedi ki, ağlasan başqa cəzalar da verəcəklər. Ona görə də qorxub susdum. Kampa girdiyim gün işgəncə etdilər və 24 saat yemək vermədilər. Daha sonralar da çörək və çox az şorba verirdilər. Betonların üzərində yatırdıq. Həftədə bir dəfə bizə iki dərman verirdilər. Artıq vücudumuzdaki ağrıları hiss etmirdik. Kameralı və kamerasız yerlər var idi. İşgəncəni kamerasız yerlərdə edirdilər. Öz dilmizdə danışa bilməzdik, danışsaq işgəncə görürdük. Bizə zorla çin himni oxudurdular”. 

Gülbahar bu kamplarda təcavüzün çox adi bir hal olduğunu deyir. Qızı vəkil olan Gülbahar Cəlilova Qazaxıstan vətəndaşı olduğu üçün ordan qurtula bildiyini vurğulayıb. Qazaxıstanın Çinə yaxın olduğundan qorxaraq Türkiyəyə üz tutub. 

Son günlərdə yaponiyalı karikatura rəssamı Tomomi Şimizunun çəkdiyi "Başıma gələnlər” adlı işi müxtəlif dillərə tərcümə edilərək minlərlə insan tərəfindən izlənilib. 



Bu karikaturada Çində şiddət görən uyğur türkü bir qadının həyatından bəhs edilir. 29 yaşlı 3 uşaq anası olan Mehrigül Dursun Misirdə evləndiyini və övladlarını ailəsinə göstərmək məqsədilə 2015-ci ildə Sincana gəldiyi zaman Urumçi aeroportunda həbs edilir və övladları əlindən alınır. Daha sonra övladlarının xəstəxanaya aparıldığını öyrənən Mehrigül onları görmək üçün xəstəxanaya aparılır. Burda onlardan birinin öldüyünü və digərlərinin isə boynunda yara izləri olduğunu görür. Bunun səbəbini soruşduqda uşaqların boyundan bəsləndikləri üçün yara izlərinin olduğu deyilir. Bir müddət sonra Sincanda çalışmağa başlayan Mehrigülə Çin təhlükəsizlik orqanları tərəfindən zəng gəlir və təslim olmazsa adının axtarılanlar siyahısına salınacağı deyilir. 
Çarəsiz təslim olan Mehrigülün dediklərinə görə, üç gün ərzində işgəncələr görüb, 50 nəfərin qaldığı kiçik kamerada saxlanılıb. Hər gün məcburən ona nə üçün olduğu bilinməyən iynələr vurulub. Daha sonra bu iynələrin qısırlaşdırma məqsədilə edildiyi bəlli olub. 

Üçüncü dəfə həbs edildiyində Misir hökuməti işə qarışır və övladlarının ikili vətəndaşlığı olduğu üçün ora getməsinə icazə verilir. Ancaq Çin hökuməti onun iki ay içində uşaqlarını Misirdə buraxıb Çinə geri qayıtmasını təmin etmək üçün Sincanda qalan 26 qohumunun hamısını həbs edir. 
Mehrigülün həyat yoldaşı da onu axtarmaq üçün gəldiyi zaman Urumçi aeroportunda yaxalanıb, 16 il həbsə məhkum edilir. 
 


Misirdə olarkən çinlilər onu davamlı narahat edib ölkəyə geri dönməsi üçün təzyiq edirlər. Təzyiqlərə dayana bilməyən Misir hökuməti uyğurları deport etməyə başlayanda Mehrigül son çarə olaraq ABŞ-a sığınır. Amma orda da rahat deyil. 3 dəfə yer dəyişdirmək məcburiyyətində qalıb. O yaşadıqlarını bütün dünyanın eşitməsini istəyir. 

Bu cür parçalanmış ailə hekayələri, işgəncə və təcavüz hadisələri saysız-hesabsızdır. Amma təəssüf olsun ki, illərdir davam edən bu zülmləri dünya dövlətləri görməzdən gəlir.  
Çin hökuməti isə bütün bu iddiaları israrla rədd edir.  


Hazırladı: Xumar Hüseynova
qadinkimi.com