Olmasaydı öldürüləcəkdim...
Türkiyədə qadınların şiddətə məruz qaldıqları zaman yardım istəmələri üçün telefonlarda bir proqram tətbiq edilir.
Qadınların çətin məqamlarda kömək istəmələri üçün Qadın Təcili Kömək sisteminin (KADES - Kadın Acil Destek İhbar sistemi) Adanada keçirilən tanıtımında proqram sayəsində həyatı qurtulan qadınlar öz yaşadıqlarından danışıblar.
Telefonlarına KADES proqramı yükləyən qadınlardan biri "Bu tətbiqetmə olmasaydı, 155-ə zəng eləmək imkanım yox idi. Böyük ehtimal imkanım olmayacaqdı. Ya öldürüləcək, ya da qaçırılacaqdım” deyib.
Bu qadınlardan bir başqası jurnalistlərə verdiyi açıqlamada əvvəlki sevgilisinin onu təqib etdiyini və ölümlə hədələdiyi üçün proqramı telefonuna yüklədiyini deyib. Qadın təhdidlərlə daha çox yolda qarşılaşdığını və buna görə də polislər gələnə qədər başına bir iş gəlmə ehtimalının böyük olduğunu vurğulayıb. "Amma bu proqram sayəsində qurtulma şansım daha yüksək idi. Ən son təqib zamanı butona basdığımdan cəmi 3 dəqiqə sonra nümayəndələr artıq yardım üçün yanımda idilər və qarşı tərəfi polisə apardılar”.
Digər bir qadın isə boşanma ərəfəsində olduğu həyat yoldaşının ayrı qaldıqları müddətdə ona şiddət göstərməyə davam etdiyini deyib.
Həyat yoldaşının məhkəmənin verdiyi "uzaqlaşdırma" qərarını iki dəfə pozduğunu bildirən qadın "Yaşadığım evə gəldi. Mən 155-ə zəng edənə qədər məni döydü. O vaxt KADES-dən xəbərim yox idi. Xəbərdar olduğum gündən etibarən telefonumdadır. Bir dəfə köməyimə gəliblər”.
Polislər iştirakçılara proqramın istifadə qaydaları haqda məlumat veriblər.
qadinkimi.com