Rusiya sülhməramlılarının Azərbaycanın ziyanına hər hansı addımı dərhal Ortaq Mərkəzdə fiksə olunacaq ki, burada Türkiyə hərbçilərinin nəzarət etməsi Azərbaycanın birbaşa maraqlarının müdafiəsi deməkdir...
44 gün davam etmiş İkinci Qarabağ müharibəsinin sonunda imzalanan 10 noyabr sənədinin daha bir bəndi reallaşmaq üzrədir.
Yada salaq ki, imzalanmış atəşkəs razılaşmasından sonra vəziyyəti müşahidə etmək üçün Rusiya ilə Türkiyə Ortaq Mərkəzin yaradılması razılaşdırılıb. Türkiyə və Rusiya Müdafiə nazirlikləri arasında noyabrın 11-də sənəd imzalansa da, detallarla bağlı müzakirələr dekabrın 1-dək həm Ankarada, həm Moskvada davam edib. Mərkəzə dair danışıqlar dekabrın 1-də yekunlaşıb.
Milli müdafiə naziri Hulusi Akar razılaşmanı şərh edərək deyib ki, "indi Ortaq Mərkəzin yerinin inşası aparılır, dostlarımız orada çox qısa müddətdə fəaliyyətə başlayacaq və atəşkəsin qalıcı olmasına çalışacaqlar".
BBC-türkcə”nin verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 9-u və 10-u Bakıya səfəri Ortaq Mərkəzin hərbçilərin ixtiyarına verilmə tarixinə təsadüf edir. BBC iki Azərbaycan rəsmisinə istinadən "müzakirələrdə Gəncə və Bərdənin ön plana çıxdığını, lakin Türkiyənin Dağlıq Qarabağa bir qədər uzaq məsafədə yerləşən Gəncəyə etiraz etdiyini, beləliklə də mərkəzin Dağlıq Qarabağın 15 kilometrlik uzaqlığında olan Bərdədə yaradılmasının planlaşdırıldığını” iddia edib. Türkiyə hərbi mənbələri bu məlumatı təsdiqləməyib.
BBC onu da yada salıb ki, Türkiyə Prezidenti "bu mərkəz Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında yaradılacaq" deyib, lakin o, "daha dəqiq yerinə Azərbaycanın qərar verəcəyini" bildirib. Kreml isə bu mərkəzin Dağlıq Qarabağ bölgəsində olmayacağını və türk əsgərlərinin ərazidə fəaliyyət göstərməyəcəyini vurğulayıb.
"BBC-rusca” isə bir gün əvvəl bildirib ki, mərkəz Dağlıq Qarabağ sərhədinə "çox yaxın" və birbaşa Azərbaycanla əlaqəli bölgədə yerləşəcək. "Əvvəllər də hərbi baza olaraq istifadə edilmiş, lakin qarşıdurmalarda zərər görmüş bir tikilinin yenidən bərpa edilərək mərkəzin inzibati binası olaraq istifadə olunacağı bildirilib”,- deyə məlumatda bildirilib.
"Azərbaycanla razılıq əsasında mərkəzin olacağı yer müəyyən edilib – mərkəz Ağdamda yerləşəcək”. Bu barədə isə son olaraq "Vestnik Kavkaz" məlumat verib. İddia olunur ki, Ağdamdan Türkiyə hərbçiləri 10 noyabr razılaşmasının yerinə yetirilməsinə dronlar vasitəsilə nəzarət edəcəklər. Müşahidə əsasən erməni əhalinin yaşadığı ərazilərdə aparılacaq.
Rusiya təhlükəsizlik mənbələri bu mərkəzin bir il xidmət edəcəyini bildirir, Ankara və Bakı isə razılaşmada vaxt məhdudiyyətinin olmadığını bəyan ediblər.