Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) fəal siyasətçilərindən Emel Bilenoğlu gündəlik çalışmaları barədə Turan agentliyinin Türkiyə bürosuna danışdı
"Müxalif siyasətçi olmağın həm çətinlikləri həm də məmnunedici tərəfləri var"
"Seçkidə qalib gələ bilməsəm də siyasi çalışmalarım olduğu kimi davam edir"
Turan: 31 martdakı bələdiyyə seçkisində İstanbuldakı yeganə qadın namizəd siz idinizmi?
Bilenoğlu: Mən Cümhuriyyət Xalq Partiyasının İstanbulun 39 rayonundakı yeganə qadın namizədi idim.O biri partiyalarda da qadın namizədlər var idi.
Turan: Müxalif partiyanın sıralarından namizəd göstərilməyin hansı çətinlikləri, hansı üstünlükləri var?
Bilenoğlu: Türkiyədə müxalif olmaq asan Iş deyil.Çünki sizin qarşızınızda dövlətin bütün imkanlarını əlində tutan qüvvə olur.Seçki təbliğatı dövründə dövlətin həm maddi həm də mənəvi gücünü əlində tutan iqtidar partiyası ilə mübarizə apardıq.Müxalif olmağın bu çətin tərəfi var.Ancaq müsbət tərəfi də var.Çünki tənqid etmək və səsinizi seçicilərə çatdıra bilmək üçün əlimizdə çox fakt olur.Uzun müddətdən bəri iqtidarda olan bir siyasi qurumun çox səhvi olur.Ona görə biz seçicilərə deyə bilirik ki, bu işi daha yaxşı görə bilərik.Bu baxımdan Türkiyədə müxalif siyasətçi olmağın da özünəməxsus üstünlükləri var.
Turan: Türkiyədə tək başına iqtidarda olan bir siyasi partiya 30 ildən sonra daha əvvəl başqa bir partiyanın başına gələn qəziyyəni yaşayaraq bələdiyyə seçkisində ağır məğlubiyyətə düçar oldu.Buna necə müvəffəq oldunuz?
Bilenoğlu: Ölkəmizdəki seçicilər həmişə haqsızlıqlara qarşı öz mövqeyini nümayiş etdirib.Biz 31 martdakı seçkidə qalib gəlmişdik.Seçkinin nəticəsinin ləğv edilməsi xalqımızın bu haqsızlığa qarşı daha sərt reaksiya göstərməsinə səbəb oldu.Hörmətli Ekrem İmamoğlu ilk gündən xalqla çox səmimi dialoq yarada bildi,hər şeyi olduğu kimi xalqa izah etdi,hər yerdə xalqla səmimi davrandı.Xalqımız Ekrem İmamoğluna inandı,etimad etdi.Xalq artıq "köhnəlmiş" siyasi simaları görmək istəmir,gənc, dinamik, müasir,üfqə baxan,xalqla birlikdə hərəkət edən siyasətçilər görmək istəyir.Ekrem başqanımızın bir çıxışını gözlərim dolaraq dinləmişdim:"Həyəcanımız yüksəkdir, arxamızda gənclərimiz var"- demişdi.Xalqımız İstanbulun yaxşı edilməsini istəyir.Mənim namizəd olduğum Eyyub rayonuna baxın.Bələdiyyənin illərdən bəri indiki iqtidar partiyasında olmasına baxmayaraq,bu rayon heç bir baxımdan inkişaf edə bilməmişdir.Burada saat 19-dan sonra həyat qaralır,hər kəs evinə çəkilir.Sanki buranı xalqın əlindən almağa çalışıblar,əhali başqa yerlərə köçməyə məcbur olub.Ona görə Ekrem İmamoğlunun layihələri xalqımızın xoşuna gəldi.Seçkidə 806 min səs fərqi bunu da göstərir.
Turan: Dünyəvi cümhuriyyəti müdafiə edən insanların CHP-nin idarə etdiyi bölgələrdə özlərini daha rahat hiss etdiklərini iddia edirsiinizmi?
Bilenoğlu: Bəli.İstanbulun o rayonlarında insanlar daha azad və rahat yaşayırlar.Onların həyat tərzinə heç kim müdaxilə etmir.Eyyub bölgəsində isə çox gözəl yerlər olmasına baxmayaraq,iqtidar partiyasının idarə etdiyi bələdiyyə o yerlərdən lazımi şəkildə istifadə edərək vətəndaşların xidmətinə verə bilməyib.400 min əhalisi olan bir rayondan söhbət gedir.Bir tərəfi Qara dəniz,o biri tərəfi körfəz,meşələr...Hər şeydən əvvəl, burada turizmi inkişaf etdirmək lazımdır.Turistlər gəlib Eyyub sultan məscidində dua edib gedirlər.Halbuki bura turizm üçün o qədər əlverişli yerdir ki.Mən Eyyubun bələdiyyə sədri seçilməyi çox arzu edirdim ancaq xalqımız bu dəfə məni seçmədi.Əhvalımı qətiyyən pozmadan növbəti seçkiyə hazırlaşıram,səhərdən axşama qədər vətəndaşlarımızın arasındayam.İnanıram ki, Eyyub seçiciləri 5 il sonra yerli özünü idarə hakimiyyətini Cümhuriyyət Xalq Partiyasına verəcəkdir.Bu rayonda yaşayan bir vətəndaş kimi həmişə xalqın arasında olacağıma təminat verirəm.
Turan: 31 martdakı bələdiyyə seçkisi Türkiyədə çox mühüm siyasi sınmalara səbəb oldu.Siyasi partiyaların yaratdığı seçki ittifaqları bələdiyyə seçkisindən sonra əməkdaşlıq şəklində davam etdirilirmi? Lokal səviyyədəki ittifaqlar ölkə səviyyəsinə necə yüksəldilə bilər?
Bilenoğlu: Təbii ki, mənsub olduğum partiyanın bu sualınızla bağlı çox ciddi layihələri var.Şəxsi cavabım kimi bunu deyə bilərm ki,mən insanları iki yerə ayırıram: yaxşı insanlar və pis insanlar,ondan başqa bir kateqoriyam ola bilməz.Bir ölkədə kimi kimdən ayıra bilərsiniz,hansımız bir-birimizdən ayrı ola bilərik?Bu ölkədə nəfəs alan hər bir vətəndaş bələdiyyənin ən yüksək səviyyəli xidmətinə layiqdir.Bir ölkədəki insanları bir-birindən ayırmaq mümkün deyildir.Birlikdə yaşayırıq,bu söz-söhbətlərin 20-30 ildən sonra mənasız olduğunu görəcəyik.Bir zavodda işləyən 1000 fəhlənin siyasi dünyabaxışı,dini,məzhəbiylə qətiyyən məşğul olmamalıyıq.O 1000 fəhlənin insan kimi yaşaması üçün çalışmalıyıq.Partiyamız bu mövqeyini həmişə davam etdirəcək.Bütün bunları gördükcə bir siyasətçi kimi mən də özümü xoşbəxt hiss edirəm.Birgə yaşamağımız üçün lazım olan hər şeyi etməliyik.
Turan: Seçkidən sonra da o biri partiyaların Eyyub rayonundakı idarəçiləriylə dialoqunuz davam edirmi?
Bilenoğlu: Əlbəttə ki, davam edir.Bir neçə gün əvvəl Halkların Demokratiya Partiyası (HDP) rayon təşkilatının keçmiş sədryilə görüşdüm,ondan əvvəl İyi Partiya rayon təşkilatının sədriylə görüşmüşdüm.Saadet Partiyası rayon təşkilatının sədriylə həmişə fikir mübadiləsi aparırıq.Biz eyni rayonda yaşayırıq,niyə görüşməyək, niyə fikir mübadiləsi aparmayaq?
Turan: Siz İncəsənət Akademiyasını bitirmisiniz.Vilayətin mədəniyyətə dair layihələrini həyata keçirmək üçün İstanbul bələdiyyəsi vəzifə təklif etsə,qəbul edərsinizmi?
Bilenoğlu: Bu, təkcə mənim qəbul edəcəyim qərar deyildir.Əlbəttə ki,hörmətli Ekrem İmamoğlu ilə işləmək mənim üçün çox məmnuniyyət verici olar.Ancaq mən hansısa vəzifəni qətiyyən öz siyasi gələcəyim üçün düşünmürəm.Məqsəd İstanbula xidmət etməkdirsə,mən Ekrem başqanın təklif edəcəyi vəzifəni qəbul edərəm.Mən Eyyubun dostları vəqfinin üzvüyəm,o vəqfdə Eyyuba aid olan 3 min tarixi əsərdən ibarət muzey var.Muzeydə yer olmadığına görə,ən azı 3-4 min əsər də evlərdədir.Təəssüf ki,illərdən bəri burada böyük bir muzey açılmayıb.Bir an əvvəl burada Eyyubun dostları vəqfinin muzeyi açılmalıdır.Ondan başqa- İstanbuldakı ikinci İslam əsərləri muzeyi də yubanmadan Eyyubda açılmalıdır.Eyyub bələdiyyəsinə yenidən borc alması üçün qısa müddət əvvəl bələdiyyə məclisindən səlahiyyət verildi.Bələdiyyə özü maddi imkanlar yarada bilmirsə,tarixi binaları satır.Biz bunun qabağını alacağıq.Tarixi binalar iqtidara yaxın olan vəqflərə verilir.Belə şey ola bilməz.Tarixi binanı bir dini cəmiyyətə 1 lirəyə veriblər.Bütün bunlara görə qorxmadan, daha cəsur müxalifətə davam etməliyik. Hər şeydən əvvəl, insanların rahat həyat yaşamalarına çalışmalıyıq.Türkiyədə gündəlik həyat çox bahalı hala gəldi.Hörmətli Ekrem İmamoğlu başda olmaqla,CHP-nin rəhbərlik etdiyi bələdiyyələr insanların öz qazanclarını daha ucuz həyata xərcləmələri üçün çalışacaqdır.Elə çalışacağıq ki, hamı özünü rahat hiss etsin.Azərbaycandan gələn bir jurnalist kimi siz də özünüzü rahat hiss edəcəksiniz(gülür)
Turan: Azərbaycanda bələdiyyə yoxdur.Gələcəkdə olma və bələdiyyə seçkisi keçirilmə ehtimalını nəzərə alaraq,ən sadə sualı vermək istəyirəm: seçiciləri öz tərəfinizə necə çəkirsiniz?
Bilenoğlu: Bir insan kimi necəsinizsə,seçcilərlə o şəkildə münasibət yaratmalısınız.Türkiyədə xalq siyasətçilərdən daha çox siyasiləşib.Biz necəyiksə, seçicilərlə də o şəkildə münasibət yaratdıq.Dedik ki,sizə bunları verə bilərik.Verə biləcəyimiz şeylərin bir qismini isə onlara demədik.Seçicilərə görə biləcəyin işlər barədə vəd vermək lazımdır.Məndən soruşurdular ki, ev sənədimizi verə biləcəksənmi? Deyirdim ki,mən sizin ev sənədinizi verə bilmərəm ancaq ev sənədinizi almaq üçün sizi dəstəkləyə bilərəm.Seçicilərə düz şeylər deməyiniz kifayətdir,onlar özləri qərar qəbul edirlər.İstanbul üçün yeni bir başlanğıc var.Bu başlanğıcın bir hissəsi olmaqdan çox məmnunam.Eyyub rayonunda mənim ata-anamın məzarı var.Siyasi mübarizəm davam edir, bir azdan yenə vətəndaşların arasında olacağam.
Mənbə: turan.az
Qadinkimi.com