"Uşağı tərbiyə etmədən öncə valideyinləri tərbiyə etmək lazımdır, yəni özümüzü" - Yaponiyalı Masar İbukan belə deyib. Ciddi ticarətçi və Sony şirkətinin yaradıcılarından biri olan İbukan hərtərəfli və çox istedadlı insan idi. O, uşaq psixologiyası və pedaqogikası ilə dərindən məşğul olub və "Üç yaşdan sonra gecdi” adlı kitabında uşaqların erkən inkişafının unikal metodikasını yaradıb. O qeyd edir ki, uşağı gələcəkdə vunderkind olması üçün inkişaf etdirmək düzgün deyil. Uşağa gözəl musiqiyə qulaq asmağa imkan yaratmaqda və xarici dil öyrətməkdə məqsəd onun dilçi və ya musiqiçi olması deyil.
Əsas olan dünyaya və uşağın həyatına daha çox sevinc bəxş etmək üçün onun sərhədsiz imkanlarını inkişaf etdirməkdir. Masaru İbukan yazırdı ki, uşağı öz "pis” və "yaxşı”larınızı qəbul etməyə məcbur etməyin, iradəsini qırmayın, erkən inkişafın əsas məqsədı xoşbəxt uşaqlar böyütməkdir. Bu zaman valideynlər, xüsusilə analar daha diqqətli olmalıdır.Ananın "pisi yoxdur” deyiblər. Amma ən yaxşı analar elə səhvlər eləyir ki, nəticədə uşaqlar əziyyət çəkir. Özündə cəsarət tapıb sizə etibar edən övladınız səhvlərini etiraf edirsə, onu danlamaq yox, anlamaq lazımdı. Uşağı heç kimin yanında danlamayın, çünki bu zaman o həssaslaşır və alçalır. Deyingənlik də yaxşı heç nə vermir, tez - tez monoton göstəriş verməklə uşağı kiçiltmək olmaz. Başqaları ilə müqayisə etməklə uşağınızın özünü lazımsız əşya kimi hiss etməyinə şərait yaratmış olursunuz. Uşağın uğurlarına da laqeyd yanaşmaq və onları tərifləməmək, hisslərini dəyərsizləşdirmək olmaz, çünki bu uşağın emosiyalarının formalaşmasında əngəl yaradar. Uşağı hədiyyə ilə sevindirmək gözəl hərəkətdir, amma ölçünü qaçırtmamalıyıq. Onlar üçün daha dəyərli valideynlərinin onlara ayırdığı zamandır. Onlara qarşı diqqətli olun.
Çox təəssüf ki, müasir anaların diqqəti daha çox telefonda olur. Bu da uşaqların diqqətindən yan keçmir. Unutmayın: "uşaqlar daha çox eşitdiklərini deyil, gördüklərini təkrarlayır”. Diktatorluqla şəxsiyyət formalaşa bilməz. Bu ən balacalar üçün də vacibdir. Kiçik səhvlər belə etməyə imkan verilməyən, hər şeydən qorunan uşaqlar zəif və öz güvəni əksik böyüyür.
Uşağın nümunəvi olmağını istəyirsinizsə, özünüzdən başlayın.
YEGANƏ İSGƏNDƏROVA
psixoloq, jurnalist
qadinkimi.com