BURA / ORA
Təhsil nazirinə Texniki Universitetdən müraciət Tarix : 02 İyul 2018, 16:12
Yazar : Qadinkimi.com

                                                                          Azərbaycan Respublikasının Təhsil Naziri

                                                                   cənab C. Bayramova

                 Surəti: AR AR Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri

                                                                    Şöbəsinin müdiri

                                                                                 xanım F. Əliyevaya

                 Surəti: Azərbaycan Respublikasının Milli Məclisinin Sədri

                                                                                  cənab O. Əsədova

                                                            Hörmətli Ceyhun müəllim!

   Ulu Öndərimiz, Ümummilli Liderimiz H.Əliyev ölkəmizdə təhsilin inkişafına və yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi önəm vermişdir. Bu gün həmin siyasəti Cənab Prezitendimiz Hörmətli İ.Əliyev daha da uğurla və müasir tələblər səviyyəsində davam etdirir.

                                                            Hörmətli Ceyhun müəllim!     

   Sizin obyektiv bir şəxsiyyət olmağınızı bilərək, bizim rastlaşdığımız bir problemlə əlaqədar Sizə müraciət edirik - Azərbaycan Texniki Universitetinin "İstilik energetikası” kafedrasında vakant müdir vəzifəsinə seçki ilə bağlı kafedranın kollektivinə qarşı haqsızlıq edilir.  

   Belə ki, 15.05.2018-ci il tarixində Azərbaycan qəzetində "İstilik energetikası” kafedrasında vakant müdir vəzifəsini tutmaq üçün elan verilmişdir. Bu elana əsasən 4 nəfər - "Elektrotexnika və energetika” fakültəsinin dekanı, t.e.d., professor M.M. Bəşirov, "İstilik energetikası” kafedrasının professoru, t.e.d. V.H.Həsənov, "İstilik energetikası” kafedrasının dosenti, t.e.d. M.A.Talıbov və ”Sənaye ekologiyası və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının dosenti, texnika elimləri namizədi L.Ə.Əzizova sənəd vermişdilər.

   29.06.2018-ci il tarixində verilən sənədlərin baxılması üçün "İstilik energetikası” kafedrasının iclası keçirilmişdir. İclası aparmaq rektorluğun nümayəndəsi, AzTU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru t.e.d., professor S.N.Namazova tapşırılmışdır.

   İclas başlandıqdan sonra iki nəfər - M.M.Başirov və M.A.Talıbov sənədlərini geri götürdülər. Qalan iki namizəd - prof. V.H.Həsənov və dos. L.Ə.Əzizova müdir seçiləcəyi halda kafedranın inkişafı üçün  platformalarını ardıcıllıqla qeyd etdilər.

Prof. V.H.Həsənovun platforması kafedranın inkişafı haqqında olduğu halda, dos. L.Ə.Əzizovanın platformasının kafedranın inkişafından daha çox özünün tərcümeyi halına oxşayırdı. Çünki o, bu kafedra haqqında çox az məlumata malikdir.

Qeyd etmək istəyirik ki, kafedra əməkdaşlarına iclasda öz fikirlərini deməyə imkan verilmədi və onların fikirlərini iclasın protokoluna salmağa icazə verilmədi. 

   Dos.L.Ə.Əzizovanın səs vermə hüququ olmadığı halda, adı səs vermə siyahasına salınmışdır, o digər kafedranın tam ştatda olan əməkdaşıdır. Bildiyimizə görə, eyni tədris müəssisəsində bir nəfər iki yerdə səs vermə hüqüquna malik ola bilməz.

  Lakin kafedra əməkdaşlarına açıq - açığına edilən təzyiq və şantajlara baxmayaraq, 8 nəfər prof. V.H.Həsənova, 4 nəfər dos. L. Ə. Əzizovaya (özünü saymasaq) səs vermişdilər. Bilavasitə kafedrada işləyən müəllimlərin heç biri L. Əzizovaya səs verməyib.

                                                   Hörmətli Ceyhun müəllim!

Universitet rəhbərliyinin belə ciddi məsələdə tutduğu mövqe bizi narahat edir. Kafedra əməkdaşları bir neçə dəfə rəhbərliyin qəbulunda olmuş, lakin qarşı tərəf  digər mövqedə olduğunu açıqlamışdır.

Biz bu müraciətdə Sizə çatdırılası çox məsələləri yazmamışıq. Əgər imkan tapıb bizi qəbul edə bilsəniz, Sizə deyiləsi vacib sözlərimiz çoxdur.

Sonda nəzərinizə çatdırmaq istəyirik ki, L.Ə.Əzizovanın kafedra müdiri seçildiyi təqdirdə Universitetdə yeni gərginlik mənbəyinin yaranacağı, təhsilin keyfiyyətinin aşağı düşəcəyi, müəllimlər arasında gərginlik yaranacağı, korrupsiyaya yol açan bəzi məsələlərin yer alacağı şəksizdir

Sizə dərin hörmətlə:

"İstilik energetikası” kafedrasının əməkdaşları:

Dos. A.B.Zeynalova

Dos. G.R.Əliyeva

Dos. N.S.Əliyev

T.ü.f.d. .R.F.Həmidova

T.ü.f.d. E.A.Məmmədova

B.m. S.H.Muxtarova

B.m. Ə.H.Müslümov

Baş lab. Ş.A.Tağıyeva

Lab. Z.T.Cəfərova

Lab. G.M.Axundova

Elmi işçi E.A.Əsgərova