SƏNƏT
Sözdən və müsiqidən heykəl: Qələbədir adın Tarix : 28 Sentyabr 2022, 18:42

Bir yazı adamı olaraq hərdən elə mövzulara könül verirəm ki, o yazılar bütün mənalarda mənim iç dünyama ya hopur, ya da ömrümdən ömür kəsir. Çünki bu yazılar təkcə mənimlə, yaxınlarımla, sevdiklərimlə bağlı olmur. Onlar həm də yaşadığım məmləkətin, 30 il həsrətini çəkdiyim yurd-yuvamın və bir də gözümün önündə hər zaman dayanan həm qan, həm can qohumlarım olan şəhidlərlə bağlı olur. Deməli, bu yazılar söz-söz, cümlə-cümlə kağıza və yaxud bilgisayara köçüb, bir bitkin hala gələnə qədər ürəyimin, ruhumun sızıltısı məni tərk etmir...

Bəli, deyəsən dünən idi. Hə, yanılmıram. Dünən mənə zəng gəldi. Soruşdular ki, bu tamaşadan yazı yazmayacaqsan? Bir an susdum və sonra dedim ki, hələ içimdə yazıb qurtarmamışam...

Doğrusu, bu zəng, bu sorğu bir həftə öncə izlədiyim tamaşanın mənə yüklədiyi, mənə hopan bütün məqamlarını, bütün aurasını sankin bir az da alovlandırdı, onu bir az da hərəkətə gətirdi. O ləngərli, o ağır-ağır , necə deyərlər, su çəkən kimi özümə çəkdiyim zaman kəsiyi içimdə işıqlandı və o işığın da səbəbi təbii ki, öncə telefon zəngi, sonra da hələ də qulaqlarımda səslənən musiqi oldu...

Beynəlxalq Muğam Mərkəzinə getmişdim. Daha doğrusu, məni bu mərkəzə «Qələbədir adın» mono tamaşasına dəvət etmişdilər. Öncədən sosial şəbəkədə tamaşa barəsində müəyyən məlumatım var idi və onu da bilirdim ki, tamaşanın müəlliflərindən biri, gözəl şairəmiz, yaradıcılığının son illərini müharibəmizə, şəhidlərimizə, qazilərimizə həsr etmiş Kəmalə xanım Abiyevadır. Həm qələm, həm könül dostum olan Kəmalə xanımın həmmüəllifi olduğu tamaşanı izləmək, onun primerasında olmaq mənim üçün şərəf idi. Və mən də bu şərəfi yaşamaq üçün getdim Beynəlxalq Muğam Mərkəzinə.

Doğrusu, son vaxtlar belə tədbirlərdə seyrək iştirak etdiyimdə gözlərimə inanmadım. Zal tamaşaçılar ilə dolu idi. Onların arasında qazilər də, şəhid anaları da, media mənsubları da, millət vəkilləri, tanınmış söz, sənət adamları da yer almışdı. Mənim əyləşdiyim sırada gözəl şairimiz, dünyaşöhrətli göz həkimi Paşa Qəlbinur və onun xanımı, gənc bəstəkar Aytən Əhmədova və anası, o cümlədən, millət vəkili Fazil Mustafa, dəyərli filoloq alimimiz, yazıçı-publistst Esmira Fuad və tanıdığım neçə-neçə dəyərlimizlə elə tamaşa zalında hal-əhval tutdum. Bunu ona görə xüsusi vurğulayıram ki, teatra, tamaşaya marağın azaldığını iddia edənlər yanıldıqlarını bilsinlər. Demək bu məqam göstərir ki,  öncə tamaşanın həm reklamı, həm də özü tamaşaçıya layiq səviyyədə təşkil olunmalıdı. Bax, onda tamaşaçı teatra gələcək...

Bəli, tamaşa başladı.... Pianonun dilləri elə bil ki, yavaş-yavaş canlanır, danışmağa, pıçıldamağa başlayır və mən özüm də hiss etmədən səhnənin küncündə qoyulmuş və qara paltarda əyləşmiş bir xanımın   o şirmayi dillərin yaratdığı mühitin içərisindən bir dan yeri kimi görünməyə başladığını hiss edirəm. Sanki o səs, o musiqi günəşin doğmasıdır. Mən onu təxmin etdiyim anda çevrilib şair dostum Paşa Qəlbinurun üzünə baxıram. O da musiqiyə hakim kəsilib. O da barmaqların sehrinə düşüb.  Burda mütləq qeyd etməliyəm. Bu tamaşa mənim üçün  bir bəstəkarın, bir pianoçunun tamaşası idi. Bu , mənə  görə həm də, izlədiyim tamaşaya qədər adını bilmədiyim bir sehirli, möcüzəli barmaqların,  xüsusilə ÜRƏYİN  sahibi olan xanımın bütün zala, bütün seyrçilərə göstərdiyi, sevdirdiyi, təqdim etdiyi, yaratdığı tamaşa idi. Barmaqlar görünmürdü, yalnız musiqi, yalnız ifa. Mən həyatım boyu   NOT  dəftərinə  baxmadan  səsləndirilən  bu cür canlı ifa dinləməmişdim, izləməmişdim. Və bir də bu məqam mənim üçün ona görə önəmli idi ki, tez-tez operatorun yönəltdiyi işığın altında mən pianoçunun, bəstəkarın üzünü də görürdüm. Onun sifət cizgiləri bütünlüklə, musiqini əks etdirirdi. Bu, bir əsərin   CAN  dinamikası, nəfəsini  gerçək təqdimi idi. Bunu ancaq görmək lazım idi ki, mənim dediklərimlə, yazdıqlarımla razılaşasan.

İstedadlı, özü də çox istedadlı bəstəkar-pianoçu Pikə Axundovanın «Qələbədir adın» mono tamaşasındakı musiqisi mənim üçün bu günün Azərbaycan musiqi məkanında ən yüksək nöqtədən görünən bir əsər oldu. Hər yerdə, çəkinmədən bu əsər barəsində danışıram və danışacam da. Deməli, şairə Kəmalə Abiyevanın təqdim etdiyi mətinlə Pikə xanım Axundova mono tamaşa yaradıb. Sözlərin musiqi ilə bu qədər bir-birinə sarılmasını yalnız o tamaşada izləyə bildim. Elə bil ki, hər iki xanım bir-birindən xəbərsiz bu musiqini bəstələyib, bu şeirləri yazıb. Şeirləri Pikə xanıma da aid etmək olar, musiqini Kəmalə xanıma da. Tamaşada rol almış «Xarı bülbül» rəqsinin və obrazının  ifaçısı Viktoriya Şahmuradova, həmçinin bu mono tamaşanın həm müsbət, həm də mənfi qəhrəmanının obrazını yaradan İlham Nəzərov öz səsi ilə, öz aktyorluğu ilə tamaşanı dipdiri, yəni canlı edə bildi. Səhnə ilə tamaşaçı arasında boşluq yox idi. Biz sanki baş verənlərin tamaşaçısı yox, iştirakçısı idik. Ona görə də istər 7 yaşlı  Səid  Nəzərlinin, istər şəhid anasının, istər şəhidin özünün səhnədə  canlandırdığı   rollar  tamaşaya   zorla  pərçimlənməmişdi, əksinə tamaşaçı onun içərisində, yəni  səhnədə  idi. Zənnimcə, bu da yaradıcı kollektivin  böyük  uğuru sayılmalıdı..

 


...Mən bir mono tamaşaya baxdım.Və  əslində o tamaşada mən Azərbaycanın istedadlı bir bəstəkar-pianoçusunu da özüm üçün kəşf etdim... Mən bir tamaşada bir kollektiv gördüm. Bu da mənim üçün kəşf oldu. Və mən bir tamaşada anşlaq gördüm. Bu da bügünüm üçün məni sevindirən məqam oldu və nəhayət, mən şəhidlərimizə musiqi və sözün ehtiramını, onların adına ucaldılmış abidəni ,qazilərimizə sevgi və sayqını izləyib, dinləyib şahidinə  çevrildim.. Bütün bunlar üçün tamaşada haqqı olan hər kəsə xüsusilə Pikə xanıma və Kəmalə xanıma öz tamaşaçı təşəkkürümü çatdırıram.

 
 
 
 
Əbülfət Mədətoğlu