..."Uşaqlığımı, Bakıdan İstanbula getməyimizi yuxu kimi xatırlayıram. Əmim Hüseyn bəy anamı, Humay bibimi, atamın bir qardaşı oğlunu və ən böyüyü altı yaşında olan məni, qardaşlarımı qatarla yola saldı. Qohumlarım ağlayırdı. Anam və Humay bibim də. Yenə xəyal kimi Batumdan gəmiyə minməyimizi və mənə çox qələbəlik görünən Qalata limanına gəlişimizi və o qələbəlik içərisində atamın bizə əl salladığını görmüş oluram. 1910-cu il idi" (Mənbə:"Bir ömür belə keçdi" kitabından - Sürəyya Ağaoğlu).
Qadınların geriləmə dönəmində dünyaya gəlmiş Sürəyya Ağaoğlu Türk Cümhuriyyətinin elanına qədər çox sıxıntı keçirmişdi. Geniş dünyagörüşlü, bilim adamı, ictimai xadim, siyasətçi, jurnalist, yazıçı, fikir nəhəngi Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya gəlmək taleyin ən uğurlu qisməti idi.
"Uşaqlığımın ən uzaq çağlarından bəri evimizdəki yığıncaqlar sayəsində dövrün siyasi və ideoloji cərəyanlarının içində idik. Zamanın tanınmış şəxsiyyətləri, qələm sahibləri evimizə yığışırdı... Günləri çox məşğul və zehni fəaliyyət yönündən zəngin keçən atam şam yeməyində anama bu görüşlərin xülasəsini danışır, biz də maraqla dinləyirdik... Atamın təfəkküründə hakim olan fransız həyat tərzinin təsiri altında çox açıq və işıqlı düşüncə ilə böyüdük" ("Bir ömür belə keçdi" kitabından) yazırdı Sürəyya Ağaoğlu.
Türkün böyük atası Mustafa Paşa ilə ünsiyyətdə olmaq, onu tanıma şərəfinə nail olmaq həyatının ikinci böyük şansı sayıla bilər. Bu taleyi yalnız arzulamaq olardı. O isə bunu yaşadı. Gözəl yaşadı...
Əlbəttə, çevrə, düşüncə adamlarıyla ünsiyyət Sürəyya xanımı beyincə tez yetkinləşdirmişdi. Yeniləşən, dəyişən dünyanın fonunda türk qadınının çərçivələr içində olması bir başqası deyil, məhz Sürəyya təfəkkürlü bir xanım üçün olduqca çəkilməz idi. Hələ yeddinci sinifdə oxuyarkən din dərsini tədris edən müəlliminin qadınlara "mülkü-müta" (əşya, mal) deyərək müraciəti Sürəyyanı incidərdi.
Onun yeniyetməlik dövrü çox çılğın keçib. Cəsarətli addımlarıyla hamıdan fərqlənirdi. Bu hərəkətləri etməyə onu təhrik edən düşüncəsiz cəsarəti yox, məhz dünyagörüşü, inam və bilgisi idi.
Günlərin birində onun təşəbbüsü ilə Lisey üzərində dalğalanan ingilis bayrağı endirilərək Türk bayrağı ilə əvəzlənir. O, bu hərəkətinə görə suçlandıqda: "Sizin ölkənizi birisi işğal etsəydi siz eyni davranışı göstərməzdinizmi" cavabını verərək cəsarət və hazırcavablıq nümayiş etdirir.
Sürəyya Ağaoğlu yeddi yaşındaykən yaxınları ondan gələcəkdə nə olacaqsan, soranda, "Avukat (hüquqşünas) olacağam" cavabını verirdi. Sonra böyüyüncə fikrindən daşınmadığını görən yaxınları bu peşənin qadınlara uyğun olmadığını və belə bir ixtisasda heç vaxt qadının təhsil almadığını ona anlatmağa çalışsalar da, Sürəyya istəyindən dönmür. Qətiyyətlə bu seçimin üzərində dayanır. Və istədiyinə nail olur.
Sürəyyanın liseyi bitirdiyi və hüquqşünas olmağa qərar verdiyi dönəmdə Əhməd bəy Ağaoğlu Malta adasında əsirlikdə idi. Sürəyya xanım ixtisas seçimiylə bağlı atasına məktub yazır. Əhməd bəy cavabında tarix və ədəbiyyat oxumasını məsləhət bilib, yaxşı bir hüquqşünas olmaq üçün mütləq ərəb və fars dilini bilməyin vacib olduğunu qeyd edir. Amma qızının mütləq şəkildə hüquq oxumasını istəməsində də qəbahət görmədiyini bildirir. Beləliklə, Əhməd bəy qızına hüquqda oxumasına həm icazə, həm də məsləhət verərək: "İlk qız tələbələrsiniz. Ən kiçik bir xətanız sizdən sonrakılar üçün bir maneə yarada bilər. Bunu yadından çıxartma və oğlan dostlarını seçməkdə çox ehtiyatlı ol" sözlərini məktubunda qeyd edir.
Sürəyya Ağaoğlu, ilk hüquqşünas, vəkil, hüquq bilicisi olmaqla türk qadını üçün öncül olmuşdur. O, "Türk qadınının dünəni və bugünü" adlı ingilisdilli məqaləsində belə yazırdı: "Bu gün Türkiyə qadınları digər mədəni dünya ölkələrində var olan haqlardan yararlanırlar. Türkiyə qadın haqlarını iki mərhələyə bölə bilərik: Bizans və İslam mədəniyyətlərinin etkisi altında olmayan dönəmlər. İkincisi isə bu iki mədəniyyətin təsir etkisindən sonrakı dönəmlər.
Bu dönəmin ilkində qadınlar eynilə indiki kimi erkəklərin yararlandığı bütün haqq və hüquqlardan istifadə edirdilər. Hətta Türk dövlətinin Hökmdarı belə, Xatunun, yəni həyat yoldaşının hazır olmadığı vaxtlarda qonaqlarını, elçilərini qəbul etməzdi.
İkinci dönəmdə - yəni İslam inancının qəbulundan və Bizans Mədəniyyətinin günlük yaşam üzərinə buraxdığı etkilərdən sonra qadınların huzuru, dincliyi pozulur.
Ərəblərin qadını küçümsəməsi və bir əyləncə məqsədi olaraq görməsi həqiqətdir. Ərəb qadınlarının miras, özəl mülk, məhkəmə haqlarının itirilməsindən sonra Hz.Məhəmməd qadının toplumdakı yerini dəyişdirmək üçün çox çabalayır. "Cənnət anaların ayaqları altındadır" deyən Məhəmməd qadınlara bir çox haqları tanıdır. İstədikləri sayda qadına sahib olmaq özgürlüyündə bulunan kişiləri isə dörd qadınla evlənməklə çərçivələyir. Ərəb qadını bu yol ilə müəyyən hüquqlara sahiblənsə də, İslamın mövcudluğu türk qadınının əlindən öz erkəyi ilə çiyin-çiyinə haqq və hüquq müstəvisində olma özgürlüyünü alır. Halbuki, İslamdan öncə türk qadını haqq və hüquqa malik idi. İndi onlar ailənin təhriki ilə, ailənin seçdiyi bəy ilə evlənmək zorunda qalırdılar. Və bu erkəklər dörd qadınla evlənmək azadlığında idilər.
1850-ci il reformlarından sonra qadın hərəkatı başladı. Türk qadınları Avropada gedən tendensiyalarla, hərəkatlarla tanış oldular. Xarici dil öyrənməyə və yabancı dillərdə olan kitabları oxumağa meyilləndilər. Bir zaman ilkokul təhsili almaq ilə çərçivələnən qadınlar, 1909-cu il hərəkatından sonra daha da özgürləşdilər. Orta öyrətim kurumları qızların üzünə taybatay açıldı. 1914-cü il savaşı başlanandan Universitetlərdə qadın öyrətmənləri yetişdirmək üçün fakültələr açıldı.
Bütün bunlara rəğmən sosial həyatda qadınlar rol almırdılar. Ərləri isə hələ də dörd qadınla evlənir və istədikləri zaman qadınlarını boşayırdılar. Qadınlar nə ölkə daxilində, nə də ölkədən kənarda özünü qoruyan haqlara sahib deyildilər.
Qurtuluş savaşında erkəklərin ən böyük yardımçısı məhz qadınlar oldu. Məhz bu savaş təcrübəsindən sonra xanımlar dünyanın digər ölkələrindəki qadınlarla eyni haqlara sahib olma tələbində bulundular. Bu gün qadınlar kişilərlə bərabər hüquqdadırlar. Universitetdə bütün fakültələr onların üzünə açıldı. Hal-hazırda türk qadınının amacı ölkələrində yaşam standartı gücünü sona qədər istifadə edib yüksəltmək və təkcə Türkiyədə çaba göstərməklə kifayətlənməyib digər ölkələrin qadınlarıyla da iş birliyi yaratmaqdır". -Sürəyya Ağaoğlu.
Sürəyya xanım seçimlərində, hərəkətlərində həm də Atatürkə arxalanırdı. Mustafa Kamalın yanında olan köməkçilərindən birinin Sürəyya xanım olması da təsadüfi deyildi. Sürəyya xanımın təbirincə desək, o, Atatürk inqilabının simvolu idi.
Qadın azadlığı mövzusuna kifayət qədər həssas olan Qazi qadınların sosial, ictimai, siyasi sferada təmsil olunmasını cani-könüldən istəyirdi. Və ağıllı, idraklı qızların sivil hərəkətləri onda bu istəyin daha da şaxələnməsinə səbəb olurdu. Çünki Sürəyya təkcə ilk hüquqşünas deyildi, o həm də ölkəsinin hüquq sahəsində ən güclü mütəxəssislərindən biri idi.
"Mən Atatürkü gənc yaşımda tanımışam.Universitet tələbəsi idim. Ailəmlə Ankaraya getmişdim. Fəqət o zamanki tanımağım gözəl bir insanı seyr etməkdən ibarət idi. İkinci dəfə təhsilimi bitirdikdən sonra Ankaraya getdim ki, o zaman Lətifə xanımla evli idi. O vaxtlarda ailə münasibətimiz çox isti olduğundan tez-tez onu görmək imkanım olurdu. Atatürkə heyran idik. Yalnız mən deyil, hər kəs - gənc, yaşlı... Hər kəsin halı o idi...
Lətifə xanımla evli olduğu müddətcə Atatürkü yaxından tanımaq şərəfinə nail olduq... Evli olduğu müddətdə hər həftə evimizin qonağı olurdu. Və ya başqa birinin evində ailəlikcə görüşürdük. Orda müşahidə etdiyim Atatürk bir başqa idi - ailə atası idi. Tam ailə fərdi kimi bir canlı insan obrazı idi. O zamanlar Ankaranın havası bir başqa cür idi..." - Sürəyya Ağaoğlu.
Öz müsahibələrində Sürəyya Ağaoğlu qurtuluş savaşı zamanlarında türk qadınının fədakarlığı haqqında dönə-dönə fikir sərgiləyirdi və bu fədakarlığın şahidi olmuş Atatürkün də baş verən hadisələrdən ürəyinin riqqətə gəldiyini söyləyirdi. "Atatürkün kadınlara çok önüm ve deyer vermesi bilhassa İstiklal Harbinde kadınlarımızın yapdığı hizmetleri çok takdir etmesiydi. Anadolu kadını gerçekden de savaşta büyük fedakarlıqla hizmet vermişdir. Karda, kışda yalın ayak sırtında silah taşımıştır".(S.Ağaoğlu "Qadın" dərgisinə müsahibəsindən).
(ardı var)
Günel Eyvazlı
qadinkimi.com